Tələbələrin Qara Qarayevin xatirəsinə musiqi töhfəsi

 

Bu il dünya şöhrətli Azərbaycan bəstəkarı, pedaqoq, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatları laureatı Qara Qarayevin (1918-1982) vəfatının (13 may) 40-cı ilidir.

 

Mayın 27-də Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) Tələbə kamera orkestrinin Qara Qarayevin xatirəsinə həsr olunmuş konserti keçirildi.

 

Gecədə ADMİU-nun rektoru, professor Ceyran Mahmudova, incəsənət xadimləri, digər qonaqlar iştirak edirdilər.

 

Tədbirdə çıxış edən musiqişünas Sara Timurova Qara Qarayevin Azərbaycan musiqi mədəniyyətinin inkişafında müstəsna rolundan söhbət açdı. Bildirdi ki, görkəmli bəstəkarın zəngin yaradıcılığının dərinliklərinə getdikcə yeni çalarlar, yeni sənətkarlıq məziyyətləri aşkara çıxır.

 

Daha sonra söz musiqiyə verildi. İlk olaraq orkestrin (bədii rəhbər Süleyman Babakişizadə)  ifasında Qara QarayevinKlassik süita”sı səsləndirildi.

 

Daha sonra bəstəkarınSimli alətlər üçün kvartettino”su (Bakıda ilk ifa) təqdim edildi. Musiqi axşamına Azər Dadaşovun “3 nömrəli simfoniya”sı ilə yekun vuruldu.

 

Bütün ifalar alqışlarla qarşılandı.

 

Nurəddin

 

Mədəniyyət.- 2022.- 1 iyun.- S.3.