Şuşada bayram konserti
“Şuşa İli” tədbirləri çərçivəsində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası (BMA) və Azərbaycan Milli Konservatoriyasının birgə təşkilatçılığı ilə mayın 27-də Şuşa şəhərində konsert proqramı təqdim olunub.
28 May – Müstəqillik Gününə həsr olunan konsertdə Əməkdar artist, əslən şuşalı olan Fuad İbrahimovun dirijorluğu ilə “Baku Chamber Orchestra” və solistlər, “Naz-nazı” muğam qrupu çıxış edib.
Şuşada xidmət edən hərbçilərimiz üçün nəzərdə tutulan bayram tədbirində, həmçinin BMA-nın prorektorları – Əməkdar müəllim, professor Nərminə Quliyeva, Xalq artisti, professor Yeganə Axundova, eləcə də mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.
Konsertin solistləri Xalq artisti, BMA-nın professoru Gülnaz İsmayılova (vokal), Xalq artisti Malik Mansurov (tarzən), Əməkdar artist Anar Şuşalı (vokal), Cəlal Kərimov (vokal), beynəlxalq müsabiqələr laureatı Nəzrin Aslanlı, televiziya muğam müsabiqələrinin iştirakçıları və qalibləri Gülnar Qüdrətli, Nüşabə Kərimli, Günay İmamverdiyeva, Mirəli Sarızadə olub.
Proqramda Ü.Hacıbəylinin “Arazbarı”, F.Əmirovun “1001 gecə” baletindən “Şəhrizadın bayramı”, A.Məlikovun “İki qəlbin dastanı” baletindən “Komdenin arzuları”, Q.Qarayevin “İldırımlı yollarla” baletindən rəqs, Niyazinin “Qaytağı” simfonik əsəri və “Arzu” romansı, C.Cahangirovun “Teymurun nəğməsi”, V.Adıgözəlovun “Qərənfil”, S. Ələsgərovun “Vətənimdir”, C.Cahangirovun “Qarabağ”, E.İbrahimovanın “Şuşa” mahnıları, Niyazinin işləməsində “Qaragilə” xalq mahnısı, eləcə də “Sarı bülbül”, “Qoy gülüm gəlsin” xalq mahnıları, “Şahnaz” təsnifi, “Qarabağ şikəstəsi” yer alıb.
Proqramın başa çatmasına az qalmış musiqiçilərin hərarətli milli rəqs melodiyaları ilə tamaşaçıları rəqsə dəvət etməsi bayram tədbirinə xüsusi rəng qatıb. Bayram konserti tamaşaçıların ayaq üstə alqışlarla qarşıladığı M.Maqomayevin “Azərbaycan” mahnısı ilə başa çatıb.
Mədəniyyət.- 2022.- 1 iyun.-
S.4.