Los-Ancelesdə Azərbaycanın Müstəqillik
Günü
Azərbaycanın Müstəqillik Günü və Azərbaycan-ABŞ diplomatik münasibətlərinin qurulmasının 30 illiyi Los Ancelesdə qeyd olunub. Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğu tərəfindən keçirilən tədbirdə siyasi xadimlər, rəsmilər, müxtəlif xarici ölkələrin diplomatları, Azərbaycan icmasının üzvləri, həmçinin türk, yəhudi, Pakistan, Koreya, İran və digər icmaların rəhbərləri iştirak ediblər.
Mərasimdə çıxış edən Azərbaycanın baş konsulu, Los-Anceles konsulluq korpusunun duayeni (sədri) Nəsimi Ağayev Azərbaycan tarixində olduqca əlamətdar hadisə olan ilk respublikamızın tarixi haqqında məlumat verib. Azərbaycan-ABŞ münasibətlərinin son 30 ildə inkişaf etdiyini qeyd edən diplomat, bir çox strateji sahələrdə ölkələrimiz arasında sıx tərəfdaşlıq münasibətlərinin yarandığını və bu münasibətlərin ortaq dəyərlərə və maraqlara söykəndiyini vurğulayıb.
ABŞ Dövlət Departamentinin Los-Anceles Ofisinin regional direktoru Qreçen Franke (Gretchen Franke) bütün azərbaycanlıları Müstəqillik Günü münasibətilə təbrik edib. O, ötən son 30 ildə Azərbaycan ilə ABŞ-ın sıx tərəfdaşlara çevrildiyini qeyd edərək, ölkələrimizin Avropada enerji təhlükəsizliyini təşviq etdiyini, qarşılıqlı ticarət və investisiyaların artdığını söyləyib.
Sonra çıxış edən Yuta senatoru Cin Deyvis (Gene Davis) Azərbaycanın ABŞ üçün önəmli strateji tərəfdaş olduğunu və son illərdə ABŞ-ın Yuta ştatı ilə güclü münasibətlərin yaradıldığını vurğulayıb. O, Yuta Senatı və Nümayəndələr Palatasının Azərbaycanın Müstəqillik Günü ilə bağlı qəbul etdiyi bəyannaməni baş konsula təqdim edib.
Los-Anceles Protokol Xidmətinin rəhbəri Lurdes Saab (Lourdes Saab) da Azərbaycan xalqını və azərbaycanlı icmasını bayram münasibətilə təbrik edib.
Tədbirdə baş konsulluğun Müstəqillik Günü
ilə bağlı hazırladığı qısa film və milli geyimlərimiz
nümayiş etdirilib,
xalq mahnıları ifa
edilib, Ləman Musayevanın ifasında Azərbaycan
xalq rəqsləri təqdim olunub. Qonaqlar Azərbaycan
mətbəxinin ləziz təamları və
şirniyyatlarının dadına baxıb, müxtəlif nəşrlərlə
tanış olublar.
Mədəniyyət.- 2022.- 1 iyun.-
S.8.