Yubilyar bəstəkarın 75 illiyi münasibətilə musiqi festivalı

 

 

Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndəsi, Xalq artisti, professor, AMEA-nın müxbir üzvü, UNESCO-nun “Sülh artisti”, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadənin 75 illik yubileyi silsilə tədbirlərlə qeyd edilir. Dünya şöhrətli bəstəkarın yubiley tədbirləri 1-4 iyun tarixində musiqi festivalı şəklində keçiriləcək.

1 iyun tarixində Beynəlxalq Muğam Mərkəzində bəstəkarın kamera əsərlərindən ibarət konsert proqramı təqdim ediləcək. Proqramda Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin (bədii rəhbər və baş dirijor, Xalq artisti Fəxrəddin Kərimov) müşayiəti ilə bəstəkarın kontrabas, tabla (hind zərb aləti) və kamera orkestri üçün “Deyişmə - II”, simli orkestr üçün “Metamorfoses”, solo vibrafon üçün “Sirius”, solo violonçel üçün “Oyan” və kamera orkestri üçün “Dance” əsərləri səslənəcək. Konsertdə İsveçrə və Türkiyədən gələn solistlər çıxış edəcəklər.

İyunun 2-də Milli Kitabxanada Firəngiz Əlizadənin əsərləri və bəstəkarın həyat və yaradıcılığı haqqında nəşrlərdən ibarət sərgi açılacaq.

İyunun 3-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında bəstəkarın “Nizami Cosmology” (“Nizami fəzası”) simfonik əsəri ukraynalı dirijor Kirill Karabitsin rəhbərliyi altında təqdim olunacaq. Əsər dahi Azərbaycan şairi və mütəfəkkirinin 880 illiyi münasibətilə yazılıb. Nizami dühasını vəsf edən əsərin Bakıda ilk premyerasını musiqisevərlər səbirsizliklə gözləyirlər.

4 iyun tarixində isə Azərbaycan Dövlət Akademik OperaBalet Teatrında Firəngiz Əlizadənin “İntizar” operasının tamaşası nümayiş olunacaq. Vətənpərvərlik mövzusunda yazılmış opera (libretto müəllifi – akademik Nərgiz Paşayeva) zəngin musiqi dili, dramaturji konsepsiyası, orkestr üslubuorijinal səhnə təcəssümünə malik əsərdir. İlk dəfə 2007-ci ildə səhnəyə qoyulan və illər sonra şanlı Ordumuzun qazandığı Zəfərin carçısı olan operada torpaqlarımızın işğaldan azad edilməsi ideyası parlaq bədii əksini  tapıb.

 

Lalə

 

Mədəniyyət.- 2022.- 1 iyun.- S.2.