Fikrət Əmirov adına “Gənc istedadlar” müsabiqəsi

 

Fikrət Əmirovun 100 illik yubileyi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı dünya şöhrətli bəstəkarımızın irsini təbliğ,  tədqiq və tədris edənlərə bu istiqamətlərdə yeni layihələr həyat keçirmək üçün zəmin oldu. Fikrət Əmirov musiqisi insanlara mənəvi zövq aşılamaqla, mənəvi qida verməklə bahəm, həm də musiqi tədrisi üçün çox əhəmiyyətli yüksək bədii dəyərə malikdir. Balaca musiqiçilər onun əsərlərini ifa etməklə milli irsimizə daha dərindən bağlanırlar. “İrsimizin tədqiqi və təbliği” İctimai Birliyinin həyata keçirdiyi Fikrət Əmirov adına “Gənc istedadlar” müsabiqəsi də bu məqsədə xidmət edirdi.

 

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə realaşan layihə çərçivəsində 25-26 may tarixlərində F.Əmirov adına 6 nömrəli onbirillik İncəsənət məktəbində keçirilən müsabiqəyə Bakı şəhəri üzrə 9-16 yaş aralığında 60-a yaxın şagird qatılmışdı.

 

Məktəblilərin çıxışlarını Əməkdar müəllim, professor, F.Əmirov adına məktəbin direktoru Adilə Yusifova (sədr), Əməkdar incəsənət xadimi, professor Telman Hacıyev, Əməkdar müəllim, professor Firəngiz Hacıyeva, Əməkdar artistlər Nuriyyə Hüseynova, Təranə Əliyeva, beynəlxalq müsabiqələr laureatı Nərgiz Kəngərli, Ü.Hacıbəyli adına BMA-nın elmi-tədqiqat laboratoriyasının əməkdaşı Fidan Nəsirova və “İrsimizin tədqiqi və təbliği” İctimai Birliyinin sədri kimi bu sətirlərin müəllifinin yer aldığı münsiflər heyəti qiymətləndirdi.

 

Müsabiqədə Qran-pri mükafatını S.Ələsgərov adına 1 nömrəli İncəsənət məktəbinin V sinif şagirdi İnci Həsənli qazandı. Bundan əlavə, F.Əmirov adına 6 nömrəli İncəsənət məktəbi, R.Hacıyev adına 15 saylı Musiqi məktəbi, T.Quliyev adına 12 nömrəli Musiqi məktəbi, Ə.Bakıxanov adına 6 nömrəli Musiqi məktəbi, A.Məlikov adına 11 nömrəli İncəsənət məktəbi və 33 nömrəli Musiqi məktəbini təmsil edən gənc istedadlar müsabiqədə 1-ci (5 nəfər), 2-ci (4 nəfər) və 3-cü (3 nəfər) yerlərə layiq görüldülər. Daha üç şagird fəxri fərmanla təltif olundu.

 

Onu da qeyd edək ki, müsabiqənin məhz Fikrət Əmirovun adını daşıyan məktəbdə keçirilməsi təsadüfi deyil. Bu il dahi bəstəkarın 100 illiyi ilə bərabər, bu tədris ocağının da 60 yaşı tamam olur. Beləcə, yubileyin yubileyə qarışdığı ildə “Gənc istedadlar” müsabiqəsi də bir tarixə çevrildi. Əminik ki, bu müsabiqə onun iştirakçısı olmuş hər bir şagirdin yaddaşında qalacaq.

 

Sonda layihənin həyata keçməsinə yaradılan şəraitə görə F.Əmirov adına 6 nömrəli onbirillik İncəsənət məktəbinin rəhbərliyinə və kollektivinə təşəkkürümüzü bildiririk.

 

Səadət Təhmirazqızı

Əməkdar mədəniyyət işçisi

 

Mədəniyyət.- 2022.- 1 iyun.- S.5.