Buraya gələcəyimi biləndə
anam dedi: “Oğlum, Bakıya mənim gözlərimlə
də bax!”
Dmitri Sitkovetski:
“İfaçı sənətini sevməli və onu təkcə çörək ağacı hesab etməməlidir”
Əslən Bakıdan olan, hazırda Londonda yaşayan dünya şöhrətli skripka ifaçısı, dirijor Dmitri Sitkovetski bu günlərdə paytaxtımızın qonağı oldu. Mədəniyyət Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə 15-20 may tarixində Bakıda “Dmitri Sitkovetski ilə görüşlər” adlı silsilə tədbirlər keçirildi.
Musiqiçi ilə görüşlər yaddaşlara unudulmaz məqamlarla yazıldı. Dmitri Sitkovetski ilə görüşlər bitsə də, təəssüratlar və yaranan əlaqələr qarşıda əməkdaşlıq üçün yeni üfüqlərin olduğunu göstərdi. Ustad dərsləri və mühazirələrdə gənclərin iştirakı, sənətkarın dəyərli məsləhətləri bizim də diqqətimizi cəlb etdi.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində maestro ilə görüşdə iştirak edib onu dinləməyimiz eyni zamanda musiqi tarixi, Bakının musiqi mühiti ilə bağlı təəssüratlarımızı yeniləmiş oldu.
Həmin gün Dmitri Sitkovetski iştirakçıları skripka ifaçılığının “qızıl dövrü”nə səyahətə dəvət etdi. Avstriya əsilli Amerika bəstəkarı, skripkaçı, XX əsrin ən tanınmış ifaçılarından olan F.Kreysler, Y.Heyfets və Y.Menuxinin sənət şöhrəti haqqında maraqlı məlumatları diqqətə çatdırdı. Həmçinin violin ifaçılarının nadir audioyazılarını səsləndirərək onların ifa texnikalarını müqayisə etdi və Kreyslerin səslənmə gözəlliyi, Heyfetsin texniki mükəmməlliyi, Menuxinin dinamikasından söz açdı...
Görüşdə maestro imkan tapıb suallarımızı da cavablandırdı.
– Skripka ifaçılarına nələri tövsiyə edərdiniz?
– Əsas sevgi və qəlbin hərarətidir. İfaçı sənətini sevməli
və böyük sevgi ilə yanaşmalıdır. Bir də
o alətə təkcə,
belə demək mümkünsə, çörək
ağacı kimi baxmamalıdır. Musiqi duyumu,
müəyyən hazırlıq
səviyyəsi də
mütləqdir. İfa zamanı
texniki məsələlərlə
yanaşı, bədii
tərəf də həmişə diqqət
mərkəzində olmalıdır.
Elə bir az əvvəl
sizinlə üç
dahinin ifalarını
dinlədik. Bu ifaları təqdim etməkdə də məqsədim sadaladıqlarımı
göstərmək idi.
Gənclər texniki baxımdan
daha sadə əsərləri mənimsədikdən
sonra mürəkkəb
əsərlərə keçid
etməlidirlər.
– Tələbəm deyə biləcəyiniz adlar varmı?
– Kiminləsə fərdi məşğul olmamışam.
Sadəcə, istiqamət verdiyim
adlar var ki, bu gün
onlarla fəxr edirəm. İndi buradayam, sabah
başqa bir şəhərdə. Ona görə
də mən yalnız istiqamət verib yola düşən
müəllimlərdənəm. Bu baxımdan Azərbaycandan
dirijor Fuad İbrahimovu misal çəkə bilərəm.
Onunla fəxr edirəm.
– Sevimli bəstəkarlarınız...
– Çoxdur. İ.S.Bax, S.Prokofyev, D.Şostakoviç,
M.Ravel və başqaları. Əsərini ifa etdiyim hər
bir bəstəkarı
həmin məqamda sevirəm. Bəzən düşünürəm ki, mən bu
bəstəkara uyuşa
bilmərəm, amma aləti əlimə alıb ifaya başladığım məqamdan
həmin bəstəkarı
sevməyə başlayıram.
– Doğulduğunuz şəhərlə
əlaqələrinizdən danışardınız...
– Bakı ilə daim yaradıcılıq əlaqələri saxlayıram.
Burada çoxlu musiqiçi dostlarım var. Azərbaycanda
təşkil edilən
musiqi festivallarının
daimi iştirakçısıyam.
Elə bu gün sizinlə
sağollaşandan sonra
Fuad İbrahimovla ulu babalarımın ruhunu yad etmək
üçün ailə
qəbiristanlığına baş çəkəcəyəm.
– Mühazirə zamanı ananız, dünya şöhrətli pianoçu
Bella Davidoviçin Bakı
xatirələrindən də
söz açdınız...
– Anam Bakıda sonuncu dəfə 2001-ci ildə olub. Onun gəncliyi
və ən xoş xatirələri Bakı ilə bağlıdır. Hazırda 94 yaşı
var və Nyu-Yorkda yaşayır.
Bilirsiniz
ki, babam – anamın atası M.N.Davidoviç Azərbaycanın
görkəmli cərrahı
və Əməkdar həkimi olub. Hər gəlişimdə onu da yad edirəm.
Anam Bakıya gələcəyimi biləndə
mənə dedi: “Oğlum, Bakıya mənim də gözlərimlə bax!”. Bu neçə gündə çalışıram
ki, ən xoş münasibəti və sevgini buradan anama apara
bilim...
– Uşaqlığınızı necə xatırlayırsınız?
– Bakıda doğulsam da, Moskvada böyümüşəm.
Amma bu günə kimi uşaqlıq illərim, Bakı küçələrindəki gəzintilərim gözlərim
önündədir. Mənim üçün
ən önəmlisi həmyerlilərimin sevgisini
duymaq və onlara qarşılıqlı
cavab verməkdir.
Yəni bu sevgini qarşılıqlı
bölüşmək. Sizə maraqlı bir nüansı deyim. YARAT-da görüşümün
mövzusu anamın sənətinə həsr
edilmişdi. Anam
sanki həmin gün vətənində
onun xatırlanmasını
hiss edib. Evdə köməkçisi mənə
zəng edib dedi ki, uzun
illər fasilədən
sonra anam həmin gün royalın arxasına keçərək ifa etməyə başlayıb.
Ona videozəng edib şəhəri və sevdiyi Xəzəri göstərdim...
– Sizə yeni yaradıcılıq uğurları
arzulayırıq.
– Mən də bir neçə saatınızı sərf
edib məni dinlədiyinizə görə
təşəkkür edirəm.
L.Azəri
Mədəniyyət.- 2022.- 1 iyun.-
S.5.