“Azərbaycan etnomusiqişünaslığı” kitabının təqdimatı

 

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) Azərbaycan ənənəvi musiqisimüasir texnologiyalar kafedrasının müdiri, Əməkdar incəsənət xadimi, sənətşünaslıq elmləri doktoru, professor Tariyel Məmmədovun “Azərbaycan etnomusiqişünaslığı (1921-2021)” kitabı çapdan çıxıb. İyunun 1-də BMA-nın Qara Qarayev adına konfrans zalında kitabın təqdimatı keçirilib.

 

İki hissədən ibarət olan kitabın birinci hissəsi BMA-nın 100 illiyinə həsr olunub, ikinci hissədə isə akademiyada etnomusiqişünaslığın inkişaf yolları işıqlandırılıb. Burada  Azərbaycan və rus dillərində BMA əməkdaşlarının kitablarının, metodik tövsiyələrinin, dissertasiya işlərinin siyahısı və “Tarixin canlı səsləri” adlı audionəşri yer alıb. “Tarixin canlı səsləri”ndə Üzeyir Hacıbəyli, Dmitri Şostakoviç, Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Bülbül kimi görkəmli musiqiçilər yer alıb.

 

Kitabda azərbaycanlı müəlliflərlə yanaşı, Türkiyə, Rusiya, Qazaxıstan, Tacikistan və Özbəkistanın etnomusiqişünas alimlərin məqalələri də toplanıb.

 

Təqdimatda BMA-nın tədris işləri üzrə prorektoru, Əməkdar müəllim, professor Nərminə Quliyeva belə bir nəşrin ərsəyə gəlməsini Azərbaycan musiqi mədəniyyəti üçün əlamətdar hadisə olduğunu bildirib, Tariyel Məmmədovu təbrik edib.

 

Akademiyanın professoru, Əməkdar müəllim Ülviyyə İmanova və Əməkdar incəsənət xadimi, professor Zümrüd Dadaşzadə də musiqi mədəniyyətimizə töhfə olan kitaba görə müəllifi təbrik edərək, yeni yaradıcılıq uğurları arzu ediblər.

 

Onlayn bağlantı vasitəsilə tədbirə qoşulan P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının prorektoru, professor Konstantin Zenkin, Moskva Dövlət Konservatoriyasının professoru Violeta Yunusova, AMEA-nın müxbir-üzvü Rəna Məmmədova, Rusiya Federasiyası Mədəniyyət Nazirliyi Dövlət Sənətşünaslıq İnstitutunun aparıcı elmi işçisi, sənətşünaslıq doktoru Gültəkin Şamilli, M.Tursunzode adına Tacikistan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunun professoru Firuz Ulmasov da ürək sözlərini bildiriblər.

 

Tariyel Məmmədov tədbirə qatılanlara, eləcə də kitabın çap olunmasında əməyi keçən hər kəsə dərin təşəkkürünü bildirib.

 

Çıxışlardan sonra BMA-nın müəllimləri və tələbələri – Rüfət Məmmədov, Vüsalə Babayeva, Erol Rzayev, Cəmalə Abdinzadə, Fatimə Nəsirli, Nuranə Qurbanova, Kamran Talıblı, Nəriman Məsimovun ifasında konsert proqramı təqdim olunub.

 

Mədəniyyət.- 2022.- 3 iyun.- S.5.