“Henrix və Leyla” – Almaniyada yaşayan azərbaycanlı bəstəkarın
musiqi albomu
Azərbaycan-Almaniya dostluq münasibətlərinin 200 illiyinə həsr edilmiş “Henrix və Leyla” adlı musiqi albomu işıq üzü görüb.
Azərbaycan Diasporuna Dəstək Fondunun maliyyə dəstəyi, Almaniyada yaşayan soydaşımız Xədicə Zeynalovanın başçılıq etdiyi “Bridge of Sound” kamera orkestrinin təşkilatçılığı ilə ərsəyə gələn “Henrix və Leyla” musiqi layihəsi üzrə işlər Almaniya və ABŞ-da həyata keçirilib.
“Henrix və Leyla” musiqi əsəri Əmir Pəhləvanın eyniadlı romanı əsasında yazılıb. Bu dramatik əsərin əsas mövzusu alman əsilli Henrix və azərbaycanlı Leyla arasında olan sevgi münasibətləridir. Əsərdəki hadisələr Azərbaycanın Şəmkir (keçmiş Annenfeld) şəhərində 1942-ci ildə cərəyan edir. Bəstəkar Xədicə Zeynalova bu roman əsasında 12 simfonik musiqi parçasından ibarət “Henrix və Leyla” əsərini kamera orkestri üçün bəstələyib.
Layihə, eyni zamanda Almaniya Mədəniyyət Nazirliyinin diqqətini cəlb edərək dəstəyini qazanıb və bu mövzuda 2019-cu ildən bir neçə konsert proqramı təşkil edilib.
Layihənin məqsədi xalqlar
arasında dostluğun daha
da möhkəmləndirilməsinə nail olmaq, ölkəmizin zəngin
musiqi mədəniyyətini Almaniyada yüksək səviyyədə təqdim
etməkdir. “Henrix və Leyla”
adlı musiqi albomunun onlayn musiqi
platformalarında (Spotify, Amazon,
iTunes) yayımlanması nəzərdə
tutulur və hazırda bununla
əlaqədar olaraq layihə müəllifi
tərəfindən işlər davam etdirilir.