Şirma arxasında qalmağın səadəti

 

Bilmirəm, bəlkə də yanılıram. Amma mənə elə gəlir ki, səhnənin, aktyorluq peşəsinin ən çox cəfasını çəkənlər və ən az səfasını sürənlər (geniş tamaşaçı auditoriyası tərəfindən tanınmaq, populyarlaşmaq  nöqteyi-nəzərdən) məhz onlar – kuklaçılardır. Axı, ömürləri bəzən əl boyda kuklaların arxasında, şırmanın, səhnə pərdələrinin arasında keçir.

 

Səhnədə müxtəlif nağıl qəhrəmanlarına – Divə, Əjdahaya, Kəsəyənə ... dönə-dönə özləri də bilmədən qocalır, ömrün ahıl məqamına yetişirlər. Saçlar bəyaza bürünüb, üz-gözlərində illərin yükü lövbər salsa da, məsum təbəssümləri, hələ də göydən düşəcək üç almanı gözləyəcək sadəlövh həyəcanları onları tərk etmir. Məncə, həm də nə yaxşı ki, tərk etmir. Yoxsa Vətən balaları rəngli xəyallarının arxasınca necə gedərdilər, necə dünyanı saflığın xilas edəcəyinə inanardılar?...

 

Mayın 29-da uşaqlı-böyüklü onlarla teatrsevər yenidən  Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında toplaşmışdı.

 

Səbəb isə ömrünü səhnəyə, xüsusən mürəkkəb və çoxşaxəli istiqamət olan kukla teatrı sənətinə həsr etmiş aparıcı səhnə ustası, Əməkdar artist Rəhman Rəhmanov idi.

 

Sənətkar həyata gəlişinin 65, səhnə fəaliyyətinin isə 50 illik yubileyini yenə tamaşaçıları arasında qeyd edirdi.

 

O, sözsüz ki, müasir milli kukla sənətimizin təşəkkül və inkişafında, onun populyarlaşaraq kütləviləşməsində məxsusi yeri olan aktyorlardandır. Uşaqları səmimi, məhz onların özü kimi saf duyğularla sevmək də onun boyuna biçilib. Səhhətinin və əhvalının hansı vəziyyətdə olmasından asılı olmayaraq, səhnəyə çıxıb uşaqlarla üz-üzə dayanan kimi sanki dünyanı ona bağışlayırlar. Qəribə bir həyəcan və sevinc ilə ona zillənən işıqlı gözlərin ağuşunadüşüb”, özübir qayğısız uşağa dönür.

 

Elə yubiley gecəsində də öz ampluasında idi. Onu təbrikə gələnlərə qoşulub sevinc və minnətdarlığını özünəməxsus sadəliyi və səmimiyyəti ilə edir, hər kəsə sevgisini ifadə etməyə çalışırdı.

 

15 yaşından fasiləsiz olaraq xalq teatrının tərkibində müxtəlif səpkili rollar oynayan, orta təhsilini başa vuran kimi dövlət teatrlarının birində səhnə maşinisti kimi çalışan və 1974-cü ildən ömrünü Azərbaycan Dövlət Kukla Teatrına bağlayan yubilyarın deməyə sözü çox idi. Təbii ki, onu təbrikə gələnlərin də.

 

Yubiley gecəsində Azərbaycan Teatr Xadimləri İttifaqının sədr müavini, Xalq artisti Hacı İsmayılov, Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, Dövlət Kukla Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Rəşad Əhmədzadə, eləcə də Vətən müharibəsi qaziləri, aktyorun sənət dostları, həmçinin Gənc Tamaşaçılar Teatrı, Qax, Gəncə və Salyan kukla teatrlarının təmsilçiləri  də çıxış etdilər.

 

Aktyorun ən yaddaqalan tamaşalarından səhnəciklər də nümayiş olundu. Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” komediyasının (marionet kuklalar ilə) ən yaddaqalan personajı olan Məşədi İbadı illər əvvəl (tamaşanın yeganə canlı planı) oynayan aktyor və tərəf-müqabillərinin çıxışı alqışlarla qarşılandı.

 

Təbrik və çıxışların ardından müxtəlif obrazlarından səhnə çələngi təqdim edən aktyor, bir neçə dəqiqəlik də olsa, tamaşaçıları televiziyanın məşhur komediya proqramlarından teatrın repertuarındakı baxımlı tamaşalara ekskursiyaya aparmış oldu.

 

Musiqili gecədə Xalq artisti Heydər Anatollu, sənətkarın oğlu Emil Rəhmanoğlu, eləcə də teatrın nəzdindəki “Oyuq” teatr-studiyasının istedadlı yetirmələri rəngarəng konsert proqramı ilə çıxış etdilər.

 

Xatırladaq ki, Rəhman Tofiq oğlu Rəhmanov 29 aprel 1957-ci ildə Bakı şəhərində anadan olub. 1978-1983-cü illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Mədəni-maarif fakültəsində təhsil alıb. Uşaqlıqdan səhnəyə, sənətə sevgi ilə bağlanıb, Xalq artisti Lütfü Məmmədbəyovun məşhur xalq teatrında çıxışlar edib, onun təkidi ilə 15 yaşından dövlət teatrlarında bir neçə tamaşada aktyor kimi səhnəyə çıxıb. Bu illər ərzində Dövlət Kukla Teatrının repertuarındakı 100-dən artıq tamaşada müxtəlif səpkili rollar oynayan aktyor paralel olaraq televiziyada məşhur proqramlarda çıxışlar edib.

 

Rəhman Rəhmanovun səhnə fəaliyyəti dövlətimiz, yaradıcılıq təşkilatlarımız tərəfindən də qiymətləndirilib. “Qızıl Dərviş” mükafatı laureatı, “Sənətkar” medallı aktyor Azərbaycan teatrının inkişafında xidmətlərinə görə 7 mart 2014-cü ildə respublikanın “Əməkdar artisti” fəxri adına, dəfələrlə Prezident mükafatına layiq görülüb.

 

Yubilyara yeni yaradıcılıq nailiyyətləri və möhkəm cansağlığı arzusu ilə

 

Həmidə Rüstəmova

 

Mədəniyyət.- 2022.- 3 iyun.- S.5.