İnsanları düşündürən
bəstəkar
Xəbər verdiyimiz kimi, Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) sədri, dünya şöhrətli bəstəkar, Xalq artisti, AMEA-nın müxbir üzvü Firəngiz Əlizadənin 75 illik yubileyinə həsr olunan musiqi festivalı keçirilir.
Festival çərçivəsində mayın 31-də ABİ-nin Ü.Hacıbəyli adına konsert salonunda bəstəkarın yaradıcılığına həsr olunan elmi konfrans gerçəkləşdi.
Konfransı ABİ-nin katibi, Əməkdar incəsənət xadimi, professor Zemfira Qafarova açaraq bəstəkarı hələ tələbəlik illərindən tanıdığını dedi. Bildirdi ki, Firəngiz Əlizadə ilk günlərdən çox fəal tələbə kimi özünü göstərirdi: “O, dövrün tanınmış bəstəkarlarının əsərlərini fortepianoda ifa edirdi. Bu da onun parlaq gələcəyindən xəbər verirdi”.
Z.Qafarova dedi ki, Firəngiz Əlizadənin geniş və çoxcəhətli yaradıcılıq fəaliyyəti Azərbaycanın hüdudlarını çoxdan aşıb. Əsərləri dünyanın müxtəlif ölkələrində məşhur musiqiçilər tərəfindən ifa edilir. O, artıq bənzərsiz əsərləri ilə insanları düşündürən, sülhə çağıran görkəmli sənətkara çevrilib. Daim böyük iftixar hissi ilə yada saldığı müəllimi, dahi bəstəkar Qara Qarayev məktəbinin ənənələrini layiqincə davam etdirir. Firəngiz Əlizadə bu gün də yorulmadan yazıb-yaradır.
Konfransda daha sonra Əməkdar incəsənət xadimləri, professorlar – Həcər Babayeva “Firəngiz Əlizadənin Azərbaycan incəsənətinə gətirdiyi yeniliklər”, İmruz Əfəndiyeva “Firəngiz Əlizadənin musiqi üslubunun bəzi xüsusiyyətləri”, Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Təhmirazqızı “Firəngiz Əlizadə yaradıcılığının Türkiyə səhifələri”, fəlsəfə elmləri doktoru, professor Mina Hacıyeva “Firəngiz Əlizadə musiqisinin fəlsəfi dünyası”, sənətşünaslıq elmləri doktoru, professor Aytac Rəhimova “Ü.Hacıbəyli, Q.Qarayev, F.Əlizadə: ənənə və varislik”, sənətşünaslıq üzrə fəlsəfə doktoru Yavər Neymətli “Firəngiz Əlizadənin “Nizami Cosmology” əsərinin dramaturji konsepsiyası”, musiqişünas Raya Abbasova “Firəngiz Əlizadənin publisistik fəaliyyəti”, beynəlxalq müsabiqələr laureatı, pianoçu Səidə Tağızadə “Firəngiz Əlizadə musiqisinin obraz aləmi” mövzularında məruzələrlə çıxış etdilər.
Qeyd edək ki, iyunun 1-də başlayan, zəngin proqramı olan musiqi festivalı iyunun 4-də başa çatacaq.
Savalan Fərəcov
Mədəniyyət.- 2022.- 3 iyun.-
S.3.