Ölkəmizin işgüzar
turizm imkanları Almaniyada
təbliğ edilib
31
may – 2 iyun tarixlərində Almaniyanın Frankfurt şəhərində
keçirilən “İMEX – 2022” sərgisində Azərbaycanın
işgüzar turizm imkanları tanıdılıb.
Dövlət
Turizm Agentliyindən bildirilib ki, sərgiyə ölkəmizdən
8 turizm şirkəti qatılıb. Məqsəd Azərbaycanın
işgüzar və biznes turizmi potensialını Avropada
tanıtmaq, xarici tərəfdaşlarla əlaqələri
genişləndirmək və yeni əməkdaşlıqlar
qurmaqdır. Görüşlərdə Azərbaycanda
mövcud olan müasir işgüzar turizm infrastrukturu və
irimiqyaslı biznes tədbirlərinə ev sahibliyi etmə
potensialı haqqında məlumat verilib.
Qeyd
edək ki, Azərbaycan Turizm Bürosunun tabeliyində fəaliyyət
göstərən Azərbaycan Konqreslər Bürosunun
işgüzar turizmin təşviqi istiqamətində digər
qurumlarla əməkdaşlığının nəticəsi
olaraq ölkəmiz 2023-cü ildə 74-cü Beynəlxalq
Astronavtika Konqresinə, Avropa Gənclər Parlamentinin 99-cu Beynəlxalq
Sessiyasına və Avropa Kranio Maksillo Üz Cərrahiyyəsi
Assosiasiyasının Regional Konqresinə, 2024-cü ildə isə
Universitet Alimlərinin Liderlik Simpoziumuna ev sahibliyi edəcək.
Dünya
üzrə görüşlər, konfranslar, tədbirlər və
işgüzar səyahətlər sahəsində ən
mühüm sərgi hesab olunan “İMEX Frankfurt” 2002-ci ildən
başlayaraq hər il keçirilir. Bu il sərgiyə 150-dən
çox ölkədən nümayəndələr
qatılıb.
Mədəniyyət.- 2022.- 3 iyun.-
S.8.