Qarabağ həqiqətlərinin dünya elmi dairələrində
yayılması
Bakıda başlanıb Şuşada
davam edəcək beynəlxalq konqres bu mövzuya
həsr olunub
İyunun 2-də ADA Universitetində Milli Məclis, Türkiyə Böyük Millət Məclisi və Beynəlxalq Balkan Universitetinin birgə təşkilatçılığı ilə 7-ci Beynəlxalq Sosial Elmlər Konqresi işə başlayıb.
Rəsmilər, türk dövlətlərinin aparıcı universitetlərinin rektorları, nüfuzlu alimlər və əcnəbi mütəxəssislərin qatıldığı konqres çərçivəsində torpaqlarımızın işğaldan azad edilməsi ilə regionda yaranan yeni reallıqlar və çağırışlar, geosiyasi vəziyyət və sülh quruculuğu kimi mövzular ətrafında müzakirələr aparılır.
Açılış mərasimində çıxış edən ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev iştirakçıları salamlayaraq tədbirin daha əvvəl İspaniya, Rumıniya, Türkiyə və digər ölkələrdə keçirildiyini nəzərə çatdırıb. Rektor konqresdə iştirak etmək üçün 520-dən çox qonağın Bakıya gəldiyini və 1000-dən çox akademik məruzənin təqdim edildiyini bildirib. Hafiz Paşayev əlavə edib ki, ADA Universiteti Türkiyənin bir neçə aparıcı universiteti də daxil olmaqla dünyanın 100-dən çox ali təhsil ocağı ilə akademik əməkdaşlığı inkişaf etdirir.
Milli Məclisin sədri Sahibə Qafarova 7-ci Beynəlxalq Sosial Elmlər Konqresinin akademik dairələrimizin birgə fəaliyyətinin daha da gücləndirilməsində önəmindən bəhs edərək bildirib ki, bu tədbirin Qarabağa həsr olunması, Qarabağ həqiqətlərinin akademik dairələr tərəfindən vurğulanması və elmi ədəbiyyatda əks etdirilərək gələcək nəsillərə ötürülməsi olduqca vacibdir.
Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop da beynəlxalq elmi tədbirin əhəmiyyətini qeyd edib. O, Azərbaycanın haqq səsinin beynəlxalq aləmdə eşidilməsinin Türkiyə üçün önəmini vurğulayaraq 20 ölkədən 100-dən çox alimin konqresdə iştirak etdiyini və buradakı müzakirələrin nəticəsinin kitab şəklində çap olunacağını diqqətə çatdırıb.
Nazir Emin Əmrullayev Azərbaycan və Türkiyənin təhsil nazirlikləri arasında əməkdaşlığa diqqət çəkərək gənclərin xarici ölkələrin nüfuzlu universitetlərində təhsil almalarına dair 2022–2026-cı illər üçün nəzərdə tutulmuş Dövlət proqramına toxunub.
Dövlət proqramları çərçivəsində gənc istedadların təhsil almaları üçün geniş imkanların təqdim edildiyini vurğulayan nazir Azərbaycandan 20 mindən çox tələbənin Türkiyədə təhsil aldığını və bu il Bakıda Azərbaycan-Türkiyə Universitetinin əsasının qoyulacağını nəzərə çatdırıb.
Beynəlxalq Balkan Universitetinin rektoru Erol Özvar Türkiyə universitetləri ilə Azərbaycan ali təhsil müəssisələri arasında əlaqələrin inkişafından və perspektivlərdən söhbət açıb.
Qeyd edək ki,
üçgünlük konqres
iyunun 3-də Bakıda panel
müzakirələrlə davam edəcək,
ertəsi gün Şuşada
başa çatacaq.
Mədəniyyət.- 2022.- 3 iyun.-
S.1;2.