Əbədi susmaz “Xarıbülbül”
Adı Şuşa ilə qoşa çəkilən
festival bir qərinə əvvəl mətbuat səhifələrində
Ərazi bütövlüyümüzün bərpası ilə nəticələnən 44 günlük Vətən müharibəsi Azərbaycan mədəni həyatında da mühüm dönüş mərhələsinin təməlinə çevrildi. Şanlı Zəfər muğam-sənət beşiyimiz Qarabağa, Şuşaya mədəni həyatın da yenidən qaytarılması ilə əlamətdar oldu. Prezident İlham Əliyev tərəfindən Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi, 2021-ci ildə Vaqif poeziya günləri və ənənəvi "Xarıbülbül" festivalının bərpa olunması, 2022-ci ilin ölkəmizdə qala-şəhərimizlə şərəfləndirilməsi milli mədəni yaddaşın bərpası baxımından böyük əhəmiyyət daşıyır.
Bu il azad Şuşada ikincisi, ümumilikdə isə beşincisi gerçəkləşən “Xarıbülbül” festivalı 270 yaşlı şəhərimizin, Pənahəli xan yadigarının bir qərinə öncəki çal-çağırlı günlərinə daha bir möhtəşəm qayıdış oldu. Musiqi bayramı bir sıra ölkələrdən ifaçı və kollektivləri Cıdır düzünə yığaraq yenidən beynəlxalq statusunu təsdiqlədi.
Oxucularımız üçün maraqlı olacağını nəzərə alıb arxiv materialları, o dövrün mətbuat nümunələri işığında festivalın tarixinə ekskursiya etdik.
“Mahnı və dostluq bayramı”
“Xarıbülbül” musiqi festivalının əsası məşhur xanəndə, pedaqoq, Xalq artisti Seyid Şuşinskinin (1889-1965) 100 illik yubileyi ilə əlaqədar 1989-cu ildə qoyulub. Həmin ilin əvvəlində festivala hazırlıqlara başlanılıb, may ayında, Şuşada xarıbülbülün çiçəklənmə dövründə keçirilib.
İlk festivalda yerli ifaçılarla yanaşı, keçmiş Sovet İttifaqı üzrə respublikalardan musiqi qrupları da iştirak edib. Ümumilikdə festivala 100-ə yaxın qonaq qatılıb. Konsertlər Cıdır düzündə qurulmuş 7 məkanda keçirilib. Festival 12-15 yaşlı yeniyetmələrin ifasında “Qarabağ şikəstəsi” zərbi-muğamı ilə açılıb. İlk festivalın tamaşaçıları əsasən Şuşanın sakinləri idi. Musiqi şöləninin ilk günü Qarabağ atlarının yarışı da təşkil olunmuş, festival çərçivəsində Şuşada güləş yarışları da keçirilmişdi...
Bütün bu sadaladıqlarımız elektron mənbələrdə qeyd olunan məlumatlardır. Bəs, görəsən, bugünkü rəqəmsal dünyamızdan fərqli olaraq 33 il əvvəl ilk festivalla bağlı ictimaiyyətə hansı məlumatlar çatdırılmışdı və bu mədəni hadisə mətbuatda necə işıqlandırılmışdı?
Əlimizdə
“Bakı” qəzetinin 1989-cu il 24 may tarixli sayı var. Qəzetdə
“Ümumittifaq xalq yaradıcılığı festivalı”
rubrikası ilə “Mahnı və dostluq bayramı”
adlı “Azadinform”un (indiki
AZƏRTAC) müxbiri Ç.İsmayılovun yığcam
informasiyası dərc olunub.
Məlumatda
deyilir: “Şuşa şəhərinin sakinləri
“Xarıbülbül” Ümumittifaq folklor mahnı
festivalının iştirakçılarını Azərbaycan
şərbəti, gül-çiçək və mahnı ilə
qarşıladılar. Onlar “Cıdır
düzü” bayramını qeyd etmək üçün
Şuşaya gəlmişlər. Bu il
bayram görkəmli Azərbaycan müğənnisi Seyid
Şuşinskinin anadan olmasının 100 illiyi ilə bir vaxta
düşmüşdür. Doğma
Cıdır düzündə səhnələşdirilmiş
tamaşa göstərilmişdir. Tamaşada
müğənnilər, rəqqaslar, kəndirbazlar,
atçapanlar və pəhləvanlar iştirak etmişdir.
Bir çox dillərdə mahnılar oxunmuş, musiqilər səslənmişdir...”.
Xəbərdə festivalda Başqırdıstan,
Türkmənistan, Qırğızıstandan olan
musiqiçilərin iştirakı qeyd edilir və görkəmli
xanəndə, Xalq artisti Sara Qədimovanın
muğamlarımızı ifa etdiyi vurğulanır. Rusiyalı qonaq,
P.İ.Çaykovski adına Moskva Dövlət
Konservatoriyasının professoru V.Şurovun təəssüratlarına
da yer verilir. Alim festivalı əsl
yaradıcılıq və dostluq bayramı adlandırır.
“Kommunist”
qəzetinin 1989-cu il 26 may
buraxılışında da festival haqqında xəbərə
rast gəlirik. Qəzetin Ağdam müxbiri yazır: “Musiqi sərhəd
tanımır. Xalqın tarix və mübarizə
yolunu, arzu və düşüncələrini tərənnüm
edən muğam və el havaları milliyyətindən, dinindən
asılı olmayaraq, hamının qəlbini ehtizaza gətirir”.
Materialda bildirilir ki, festival iştirakçıları
Ağdamda Şahbulaq qalası və Çörək Muzeyində
olub, muğam məktəbində çıxış ediblər. Bu xəbərdə də
professor V.Şurovun fikirlərinə yer verilib: “Əbəs yerə
demirlər ki, Qarabağda uşaqlar da muğam üstündə
ağlayır. Mən sizin gözəl yerlərdə
– Şuşada, Şahbulaqda, Gülablıda olarkən bu fikrin
həqiqiliyini bir daha yəqin etdim”.
Yazıda daha sonra qeyd edilir ki, qonaqlara dünya musiqisinə
Üzeyir Hacıbəyli, Bülbül, Xan Şuşinski kimi
ölməz sənətkarlar bəxş etmiş
Şuşanın tarixi haqqında məlumat verilib. Bildirilir ki,
festival iştirakçılarının əmək kollektivləri
ilə görüşlərində respublikanın mədəniyyət
naziri Polad Bülbüloğlu da iştirak edib.
İlk festival haqqında daha geniş yazı isə
“Şuşa” qəzetində müəllif Əli Mahmud tərəfindən
qələmə alınıb. Yazıda Cıdır
düzü açıq səma altında möhtəşəm
konsert salonu kimi təsvir edilir. Qeyd olunur
ki, beynəlxalq folklor festivalının rejissoru Azər
Zamanlıdır. Məqalədə
cıdır atları, Şərq musiqi alətləri fabrikində
hazırlanan tar, kamança, ud və nağaraların, həmçinin
Qarabağ xalçalarının nümayiş etdirildiyi diqqətə
çatdırılır. Musiqi bayramının Şuşa rayon Xalq Deputatları Sovetinin sədri
M.Gözəlovun açılış nitqi ilə
başladığı, musiqi sədalarının
Daşaltı dərələrində əks-səda verib
Topxana meşəsinə, Qızılqayaya
yayıldığı vurğulanır.
Qeyd olunur
ki, ilk festivalda mədəniyyət naziri Polad
Bülbüloğlu, Moskva Dövlət
Konservatoriyasının professoru V.Şurov, SSRİ Xalqları
Musiqisinin Təbliğatı Bürosunun şöbə
müdiri Natalya Şurova, SSRİ Folklor Komissiyası redaksiya
bölməsinin müdiri B.Rabinoviç, bəstəkar, Xalq
artisti, professor Vasif Adıgözəlov, Ü.Hacıbəyli
adına Azərbaycan Dövlət Konservatoriyasının
(indiki BMA) professoru Oqtay Quliyev, Mədəniyyət Nazirliyinin
idarə rəisi Şamil Axundov, Türkmənistan,
Başqırdıstan, Tacikistan mədəniyyət nazirliklərinin
məsul şəxsləri iştirak edib. Xalq
artisti Sara Qədimova və Azərbaycanın müxtəlif
bölgələrindən musiqiçilərin
qatıldığı festivalın
iştirakçıları Şuşada Üzeyir bəyin və
Bülbülün ev-muzeylərini də ziyarət ediblər.
Ümummilli
ağrının kölgəsində ikinci festival
1990-cı
il. Bu tarix ölkəmiz
üçün o qədər də bayram əhvallı
sayılmır. Çünki il
başlayanda, yanvarın 20-də sovet imperiyası Bakıda
qanlı qırğın törətmişdi. Bəlkə
də elə bu səbəbdən ikinci “Xarıbülbül”
festivalı ilə bağlı cəmi bir mənbədə,
“Kommunist” qəzetində məlumata rast gəlirik.
S.Krasnovanın 20 may tarixli “Xarıbülbül”
festivalının marşrutları ilə... Nəğmə
qonaq gəlir...” adlı yazısı tədbirə
qatılacaq qonaqlar üçün Mədəniyyət
Nazirliyinin təşkil etdiyi beynəlxalq festival qərargahından
reportajdır. Qonaqların “Azərbaycan” mehmanxanasında
qarşılandığını yazan müxbir həmin il
festivala Hollandiya, Tatarıstan, Meksika, ABŞ, Gürcüstan,
Belarusiya (Belarus), Türkiyə, Litva və Tacikistandan
etnomusiqişünas, sənətşünas, eləcə də
musiqi kollektivlərinin qatıldığını qeyd edir.
“Dünyanı
bizə, bizi dünyaya tanıdan “Xarıbülbül”
Əgər
ilk iki ildə musiqi bayramı “Ümumittifaq xalq
yaradıcılığı festivalı”, “Folklor festivalı”
adlanırdısa, 1991-ci ildə “Xarıbülbül” III Beynəlxalq
Musiqi Folkloru Festivalı kimi qeyd olunur.
Üçüncü
festival haqqında “Kommunist” qəzeti 1991-ci il
21 may tarixli sayında yazırdı:
“Artıq 3-cü dəfə keçirilən festival əsl
sülh və dostluq bayramına çevrilir... Startını
musiqi yaradıcılığının gözəl
çeşməsi sayılan Şuşadan götürən
festivalın düşərgəsi keçən ildən Mingəçevir
şəhəridir. Mingəçevir Şəhər
Partiya Komitəsinin ikinci katibi Rasim Məmmədov festivala
hazırlıqla bağlı müsahibəsində deyir: “Bu il
Türkiyə, İspaniya, Əfqanıstan, ABŞ və digər
ölkələrdən folklor ustaları gəlmişlər.
Festivalın açılışı Mingəçevirdə
Y.Qaqarin adına stadionda baş
tutmuşdur. Tədbiri isə mədəniyyət
naziri Polad Bülbüloğlu açmışdır. Festival iştirakçıları Gəncə,
Ağcabədi, Bərdə, Zaqatala, Ağdaş və
Ağdamda çıxışlar edəcəklər. Yekun konsert isə Bakıda reallaşacaq”.
Təəssüf ki, “Kommunist” qəzeti festivalın
hansı səbəbdən Şuşada deyil, Mingəçevirdə
keçirilməsinin səbəbini göstərmir. Artıq
Dağlıq Qarabağda Azərbaycanın suverenliyinə təhdid
olan erməni separatizmi, Ermənistanın ölkəmizə
qarşı ərazi iddiaları silahlı münaqişəyə
keçmişdi. Belə bir vəziyyətdə
Şuşada təntənəli musiqi, folklor bayramının
reallaşması mümkün deyildi...
1991-ci
ilin yanvarında nəşrə başlayan “Mədəniyyət”
qəzeti həmin ilin 15 may tarixli sayında mədəniyyət
nazirinin müavini Şamil Axundova istinadən festivala
hazırlıqla bağlı məlumat verir. Materialda
festivalın 18 may tarixində Mingəçevirdə
keçiriləcəyi və İtaliya, Hindistan, Yaponiya və
digər ölkələrdən kollektivlərin
qatılacağı haqqında qeyd olunur.
Qəzetin
21 may buraxılışında isə “Dünyanı bizə,
bizi dünyaya tanıdan “Xarıbülbül”
başlıqlı yazıda festivalın 70 ildən bəri Azərbaycanda
keçirilən yeganə beynəlxalq əhəmiyyətli tədbir
olduğunu yazır. Yazıda eyni zamanda bədnam ermənilərin
torpaqlarımıza göz dikdiyi, Qarabağda vəziyyətin
ağır olduğu qeyd edilir: “Təəssüf ki, festival
torpağımıza göz dikənlərin fitnə-fəsadı,
hər cür alçaqlığa əl atması səbəbindən
bu il də Şuşada keçirilmir. Faşizmi
diz çökdürən Sovet ordusu erməni neofaşizmindən
çəkinərək qonaqlarımızın təhlükəsizliyinə
zəmanət vermir. Lakin inanırıq ki, festival əvvəl-axır
Şuşada start götürəcək...”.
Yazıda həmin il festivala 600
iştirakçının qatıldığı da qeyd
edilir.
“Kommunist”
qəzetinin 1991-ci il 16 may tarixli
buraxılışında “Mədəniyyət” qəzetinin
baş redaktoru Şahmar Əkbərzadənin festivalın Təşkilat
komitəsinin sədri, mədəniyyət naziri Polad
Bülbüloğlu ilə müsahibəsi dərc edilib.
“Qazanan mədəniyyətimizdir” adlı müsahibədə
nazir festivalın coğrafiyasının genişləndiyini
bildirir: “Xarıbülbül” mədəniyyət sahəsində
suveren addımlar atmağımıza canlı sübutdur. Mərkəzdən icazəsiz birbaşa mədəni
əlaqələr yaratmaqla bağlı razılığa gəlmişik”.
P.Bülbüloğlu həmçinin
festivalı xalqımızın tarixi, mədəniyyəti
haqqında “bədxahların yaydığı
böhtanları alt-üst edən ədalət məclisi”
adlandırır. Diqqətə
çatdırır ki, amerikalı Rozi Törner, Bob
Barılski Azərbaycanı tanıyıb görəndən
sonra düşmənlərimizin rəzil niyyətləri barədə
obyektiv fikirlər söyləmişlər.
Ş.Əkbərzadənin “Bu qıtlıq vaxtında
iştirakçıların korluq çəkəcəyindən
ehtiyat edirsinizmi” sualına isə nazir “Dünyanı bizə,
bizi dünyaya tanıdan “Xarıbülbül” yolunda hər cəfaya
dözmək olar” cavabını verir.
“Kommunist”
qəzeti 28 may tarixli sayında üçüncü
festivalın Bakıdakı bağlanış mərasimindən
yazır: “Mayın 25-də V.İ.Lenin adına
Respublika Sarayında “Xarıbülbül” III Beynəlxalq
Musiqi Festivalının bağlanış mərasimi keçirilmişdir.
Festivalda iştirak edən folklor kollektivlərinə Azərbaycan
Mədəniyyət Nazirliyinin “Xalqın milli mədəniyyətinin
qorunması və yüksək ustalığa görə” fəxri
diplomları təqdim edilmişdir...”.
Xəbərdə üç saatdan çox davam edən
konsertin möhtəşəmliyi qeyd olunur. Bildirilir ki,
yekun konsertin quruluşunu festivalın baş rejissoru, Xalq
artisti Kərim Kərimov və moskvalı baletmeyster İqor
Sklyar verib.
“Qoy
susmasın “Xarıbülbül”...
Çox mürəkkəb bir dövr. Xocalıda
soyqırımı törədilib, əzəli yurd yerlərimiz
işğal olunur. Artıq Şuşanın da
başını qara buludlar bürüyüb...
30 aprel
1992-ci il. “Mədəniyyət”
qəzeti. “Qoy susmasın
“Xarıbülbül” sərlövhəli yazı Mədəniyyət
Nazirliyində keçirilən mətbuat konfransı
haqqındadır. Xəbərdə festivala, əvvəlki
illərdə olduğu kimi, çoxsaylı ölkələrdən
iştirakçıların qatılmaq üçün
müraciət etdiyi diqqətə çatdırılır:
“Hazırda hamını bir sual düşündürür:
“Azərbaycan torpaqlarında müharibə getdiyi bir vaxtda
festivalı keçirmək, ya keçirməmək?”. Bütün dünyada informasiya blokadasına
düşdüyümüz bir zamanda xalqımızın
başına gətirilən faciələri göstərmək
üçün bundan böyük vasitə ola bilməz...”.
Festivalın
keçiriləcəyi tarix 23-28 may kimi qeyd edilir. Bildirilir ki, festivalın bağlanış mərasimi
Azərbaycan Demokratik Respublikasının
yaradılmasının ildönümündə Gəncədə
keçiriləcək. Yazıda iqtisadi çətinliklərin
hökm sürdüyü vaxtda imkanlı təşkilatlardan
maddi yardım göstərilməsi də xahiş olunur...
...Mayın
8-də xarıbülbülün vətəni Şuşa
erməni silahlı qüvvələri tərəfindən
işğal olunur. Dördüncü
“Xarıbülbül” festivalı ləğv edilir. Şuşa, Cıdır düzü musiqi, folklor
şöləni üçün uzun illər gözləməli
olur.
2020-ci ilin 44 günlük Vətən müharibəsində
ərazi bütövlüyümüz bərpa olunur,
Şuşada üçrəngli bayrağımız yenidən
dalğalanır. Otuz il öncə “Mədəniyyət”
qəzetinin yazdığı kimi, qala-şəhərimiz yenidən
festivallı günlərinə qayıdır. Cıdır
düzü Heydər Əliyev Fondunun təşkilatçılığı
ilə möhtəşəm musiqi bayramına –
“Xarıbülbül” musiqi festivalına ev
sahibliyi edir...
Adı
bundan sonra da mədəniyyət paytaxtımızla qoşa
çəkiləcək “Xarıbülbül”
festivalının tarixinə səyahət etdi
Lalə Azəri
P.S. Arxiv materiallarının əldə
olunmasında göstərdikləri köməyə görə
Milli Kitabxananın rəhbərliyinə və kollektivinə
minnətdarlığımızı bildiririk.
Mədəniyyət.- 2022.- 3 iyun.-
S.1;6.