Səhnədə ilk uğur

 

Uşaqların teatra, səhnə sənətlərinə sevgi ruhunda böyüməsi, teatrın qalıcı estetik zövq məkanı olmasını qavramaları üçün erkən dövrdən təbliğat, şübhəsiz ki, müsbət rol oynayır. Bu mənada uşaqlar üçün repertuar formalaşdıran teatrların üzərinə böyük məsuliyyət düşür.

 

Məsələnin digər tərəfi kimi uşaqların özlərinin prosesə cəlb olunması, istedad və bacarıqlarının səhnədə, qismən də olsa auditoriya qarşısında ifadə etməsi də vacib amildir. Bu sahədə fəaliyyət göstərən uşaq teatr-studiyaları var. Amma hələ sovetlər dönəmindən uşaq bağçaları, ümumtəhsil məktəbləri və ümumən uşaq və yeniyetmələrlə aparan qurumlarda bu məsələ sistemli həll olunur, dram dərnəkləri, sonrakı prosesdə xalq teatrları həvəskarların teatra gəlişinə əhəmiyyətli zəmin yaradırdı.

 

Hazırda bu sahədə proses pərakəndə davam etsə də, diqqəti cəlb edən təşəbbüslər də gözə dəyir.

 

Ötən həftə (3 iyun) Azərbaycan Teatr Xadimləri İttifaqı (ATXİ) kiçikyaşlı uşaqların rəngli dünyasına qucaq açmaqla teatrın, səhnənin ecazkar gücünü bir də şirin-şəkər fidanların simasında isbat etdi. Mərasim “Bağçamuşaq bağçaları şəbəkəsinin təşkilatçılığı ilə keçirilən “Uşaq teatr festivalı”nın yekununa həsr olunmuşdu.

 

Məlumat üçün deyək ki, uşaqların bədii təfəkkürünün, ünsiyyət və özünüifadə bacarığının, eləcə də estetik yaradıcı təxəyyülünün inkişaf etdirilməsi məqsədilə reallaşan festivala ümumilikdə 6 tamaşa təqdim olunub.  Altı ay ərzində ərsəyə gələn bu tamaşaların nümayişçiləri 4-6 yaşlı uşaqlardır.

 

Bütün səhnə nümunələrinin quruluşu Dövlət Gənc Tamaşaçılar Teatrının rejissoru Elşad Rəhimzadə tərəfindən aparılıb. Nümunələr ATXİ-də təşkil olunan münsiflər heyəti  tərəfindən baxış keçirilərək qiymətləndirilib.

 

İlk festivalın mükafatlandırma mərasimi uşaqların rəngarəng ifaları ilə də yadda qaldı. Seçilən nümunələrin hər birindən ən yaddaqalan səhnəciklər ittifaqın foyesində göstərildi. Həyəcan və sevinc hissləri üz-gözlərinə hopan balacalar tanınmış səhnə xadimləri, teatrımızın populyar simaları qarşısında məharətlə çıxış etdilər.

 

Sonra tədbir seçilən qrupların və onların yetirmələrinin mükafatlandırılması ilə davam etdi.

 

ATXİ-nin sədr müavini, Xalq artisti Hacı İsmayılov, Xalq artisti İlham Namiq Kamal, Əməkdar artistlər Rasim Cəfər, Elnur Hüseynovbaşqa çıxış edənlər balacaların teatra, sənətə sevgi ilə böyüməsində,  teatra maraqlı tamaşaçı kimi yetişməsində bu kimi tədbirlərin xüsusi əhəmiyyətə malik olduğunu dedilər, təşkilatçılara təşəkkür etdilər.

 

Sonra müvafiq nominasiyalar üzrə qiymətləndirmə oldu. “Ən yaxşı tamaşa nümayişi”, “İlin aktyoru”, “İlin aktrisası” nominasiyalarında kollektivlər və azyaşlılar fəxri fərmanlarla təltif olundular.

 

H.Rüstəmova

 

Mədəniyyət.- 2022.- 8 iyun.- S.7.