“Açma-yumma”dan “Pazırıq” naxışlarınadək
Xalça elementləri əsasında
hazırlanan geyim kolleksiyasının təqdimatı
Tanınmış azərbaycanlı modelyer, “AFFFAİR” markasının təsisçisi Rüfət İsmayılın qədim xalça çeşniləri – “Açma-yumma”, “Qarabağ”, “Naxçıvan”, “Ovçuluq”, “Pazırıq” xalçalarının elementləri əsasında hazırladığı “Sumakh” geyim kolleksiyası iyunun 3-də Heydər Əliyev Mərkəzində nümayiş etdirilib.
Azərbaycanın qədim və zəngin tarixə malik xalçaçılıq sənəti zaman-zaman yeni ideyaların, sənət nümunələrinin yaranmasına təkan verib. UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilən Azərbaycanın ənənəvi xalçaçılıq sənəti bu gün də yeni layihələrdə zövqləri oxşayır. Heydər Əliyev Fondunun dəstəyi ilə dizayner-modelyer Rüfət İsmayılın Azərbaycan xalçalarının motivləri, zəngin rəngləri və naxışlarından bəhrələnərək yaratdığı “Sumakh” kolleksiyası da bu baxımdan diqqət çəkir.
Rüfət İsmayılın kolleksiyası üzrə geyimlər “Azərxalça”nın emalatxanalarında toxunub. Layihənin yaranması barədə danışan “Azərxalça” ASC-nin sədri Emin Məmmədov bildirib ki, sənətin digər növləri ilə yanaşı xalçaçılıq da inkişaf etməlidir. Ona görə də biz tanınmış rəssamlar, konseptual dizaynerlərlə əməkdaşlıq qurub yeni əl sənəti yaradırıq və bununla da xalçaçılıq sənətini, mədəni irsimizi yaşadırıq.
“AFFFAİR in Carpets” adlı dəfilədə
“Sumakh Haute Couture” və “Sumakh Affordable Luxury” kolleksiyasından
geyimlər nümayiş olunub.
Qeyd edək ki, “Sumakh Haute Couture” bu günədək Paris və Moskvada təqdim edilib. “Sumakh Affordable Luxury” kolleksiyasının
ilk nümayişi isə
Bakıda olub.
Kolleksiyaya daxil olan 5 məşhur
xalça motivi əsasında yaradılan
əsərlər xüsusən
diqqət çəkir. “Açma-yumma” xalçası
Qarabağ xalçaları
arasında bədii xüsusiyyətləri ilə
fərqlənir və
təqdim olunan kolleksiyada bu xalça silsiləsindən
naxışlar əksini
tapıb.
Gözəlliyi ilə fərqlənən
daha bir əsərin elementləri
“Qarabağ” xalçasından
qaynaqlanıb. İlk baxışdan təkrar
elementlərdən ibarət
olan həmin kompozisiya sıralanaraq kəhkəşana qərq
olur.
“Naxçıvan” adlı əsər Qarabağ xalçaçılıq məktəbinin nümunəsi olan xalçanın müxtəlif elementlərindən, o cümlədən “Xətai” və “Çələbi” xalçalarının naxışlarından da istifadə olunaraq yeni bədii kompozisiya əsasında yaranıb.
Qarabağın “Ovçuluq” xalçalarına aid olunan elementlərin gözəlliyindən ruhlanan rəssam Azərbaycan və Yaxın Şərq sənətkarlıq məktəblərində geniş yer tapmış “Bəndi-Rumi” kompozisiyasının elementlərindən istifadə edərək şəbəkə tərkibli bədii kompozisiyanı yaradıb.
“Pazırıq” adlanan geyim dünyanın ən qədim xalçası sayılan (2500 il), Rusiyanın Sankt-Peterburq şəhərindəki Dövlət Ermitaj Muzeyində saxlanılan eyniadlı xalçanın mərkəzi elementlərindən qaynaqlanıb.
Azərbaycan xalçalarından ruhlanaraq ərsəyə gələn layihənin
məqsədi həm də mədəni irsimizi
müasir istiqamətlərdə
yaşatmaqdır.
Mədəniyyət.- 2022.- 8 iyun.-
S.8.