Müharibənin son
anına qədər...
Onun döyüş yolu Füzuli ilə başlayıb Şuşa zəfəri ilə taclanmışdı. Bir neçə saat da xain düşmənin mərmisindən yayına bilsəydi...
Vətən müharibəsində torpaqlarımızın yağı tapdağından qurtulması uğrunda şəhadətə yüksələn minlərlə igidimizdən biridir İnqilab Qədirbəyli.
İnqilab Tofiq oğlu Qədirbəyli 1995-ci il martın 10-da Salyan şəhərində anadan olub. İlk təhsilini yaşadığı Salyan rayonunun Aşıq Pənah adına 1 saylı tam orta məktəbində alıb. Təhsil müddətində daim təlim-tərbiyəsi ilə seçilib, müəllim və şagird yoldaşlarının rəğbətini qazanıb. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Dəniz Akademiyasına daxil olub. 2016-cı ildə təhsilini müvəffəqiyyətlə bitirərək Füzuli rayonu ərazisindəki N saylı hərbi hissədə xidmətə gedir. Xidmət zamanı nizam-intizamına, verilmiş tapşırıqları vaxtında və dəqiq yerinə yetirdiyinə görə təltif olunur.
Vətən müharibəsi başlanan gün cəbhəyə yollanan İnqilab Füzuli, Qubadlı, Hadrut, Daşaltı və bir çox yaşayış məntəqələrinin işğaldan azad olunmasında iştirak edir.
Artıq əsas hədəf qala-şəhərimiz Şuşa idi. Böyük çətinliklərdən, od-alovdan keçən qəhrəman oğullar arzularımızın şəhərinə doğru gedirdilər. Budur, cəsur hərbçilərimiz Şuşanın bir addımlığındadırlar. Şəhərin qurtuluşu üçün qanlı döyüş başlanır. İnqilab da döyüş yoldaşları ilə birgə qəhrəmanlıq göstərir. 28 il yolumuzu intizarla gözləyən Şuşamız azadlığına qovuşur. Noyabrın 8-də Ali Baş Komandan xalqımıza Şuşanın azad olunması ilə bağlı müjdəni verir.
İnqilab və silahdaşları şəhərin ətrafını mənfur düşməndən təmizləməyə davam edirlər. Noyabrın 9-u. Müharibənin son günüdür. Qəhrəman oğullar heç nədən xəbərsiz düşmənin başına od ələyir, ancaq irəli gedirlər. Və xain düşmənin növbəti top mərmilərindən biri İnqilabın yaxınlığında partlayır... Adını Şuşa fatehlərinin sırasına yazdıran qəhrəman döyüşçü şəhidlik şərbətini içir.
Şəhidin anası, Biləsuvar Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi Salyan rayon MKS-nin Kitabişləmə şöbəsinin əməkdaşı Təranə Qədirova qeyd edir ki, İnqilab müharibə müddətində ailəsi ilə tez-tez əlaqə saxlayıb: “Həmişə deyirdi ki, narahat olmayın, mən arxa cəbhədəyəm. Sən demə, biz ondan nigaran qalmayaq deyə öndə döyüşdüyünü gizlədirmiş. İnqilab müharibənin ilk günlərindən şəhid olanadək ön sırada döyüşənlərdən olub. Allah İnqilaba və bütün şəhidlərimizə rəhmət eləsin”.
Şəhidin döyüş yoldaşı Namir Həsənli İnqilabı özünün qəhrəmanı hesab etdiyini deyir: “Yadımdan çıxmaz, oktyabrın 8-də qızğın döyüşlər gedirdi. Səhərə qədər davam edən yağışın altında qalmışdım, qızdırmadan alışıb-yanırdım. Səhərə yaxın düşmən hücuma keçdi. Biz olduğumuz mövqeni qorumalı idik. O qədər yorğun idim ki, hətta tətiyi belə basa bilmirdim. O anda İnqilab köməyə gəldi. Dedim burax məni get, amma, o, məni tək qoymadı. Təzə paltar və çəkməyə qədər mənə gətirib verdi. Yaralananda məni mühasirədən çıxaranlardan biri də İnqilab idi. O, əsl qəhrəmandır. Ruhu şad olsun”.
İnqilab Qədirbəyli 2020-ci il noyabrın 11-də Salyan rayon Şəhidlər xiyabanında torpağa tapşırılıb. Ölkə başçısının müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə”, Qubadlı, Füzuli və Şuşanın azad olunmasına görə medalları ilə təltif edilib.
Allah rəhmət eləsin.
Nurəddin
Mədəniyyət.- 2022.- 8 iyun.- S.6.