İncəsənət və elmin Şuşada qovuşan yolu
Rafael Hüseynov:
“Zəfər rəmzi Şuşadan hələ
çox zəfərlərimizə yollar açılacaq”
Xəbər verdiyimiz kimi, 2-4 iyun tarixində Azərbaycan Respublikasının Milli Məclisi, Türkiyə Böyük Millət Məclisi, ADA Universiteti və Beynəlxalq Balkan Universitetinin birgə təşkilatçılığı ilə ölkəmizdə 7-ci Beynəlxalq Sosial Elmlər Konqresi keçirilib. İlk iki iş günü Bakıda gerçəkləşən konqresə iyunun 4-də Şuşada yekun vurulub. Konqresin son panel iclasında beş məruzə dinlənilib.
Şuşa panelində Azərbaycan tərəfdən millət vəkili, Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov “Gözəl sənətlərin, elmlərin və zəfərlərin Şuşada qovuşan və sabahlara uzanan yolu” mövzusunda məruzə ilə çıxış edib. Akademik Qarabağın və Şuşanın tarixinin Mirzə Adıgözəl bəy, Mirzə Camal Cavanşir, Əhməd bəy Cavanşir, Mir Mehdi Xəzani, Mirzə Rəhim Fəna, Həsən İxva Əlizadə və digərlərinin müəllifi olduğu “Qarabağnamə”lərdə təfərrüatı ilə əks etdirildiyini diqqətə çatdıraraq deyib: “Bu gün azərbaycanlıların dilində “Qarabağ Azərbaycandır!” sözləri artıq bir şüar kimi hər gün səslənməkdədir. Qarabağın tacı Şuşa şəhəri rəsmən Azərbaycanın və Türk dünyasının mədəniyyət paytaxtı elan edilib. Ancaq Şuşa həmişə Qarabağın və bütöv Azərbaycanın ürəyi hesab edilib. Başqa sözlə, bu anlarda siz hamınız Qarabağın, Azərbaycanın ürəyindəsiniz. Yalnız indi yox, əsrlərcə bu bir isbata ehtiyacı olmayan həqiqət kimi qəbul edilib ki, Qarabağ və Qarabağda yetişmiş şəxsiyyətlər Azərbaycanı Azərbaycan edən dəyərlər sırasında ən ucada dayanıb, Şuşa da bir şəhər olaraq qurulmağa başladığı vaxtlardan elə hamı tərəfindən mədəniyyətin paytaxtı sayılıb. Həm də bunu yalnız Azərbaycanın içərisində biz özümüz və yaxın qonşularımız belə hesab etməyib, Şuşanın bir mədəniyyət başkəndi olması hüdudlardan kənarlarda da etiraf edilib”.
Rafael Hüseynov bildirib ki, indi 270 yaşı tamam olan Şuşanı vaxtilə bir iqamətgah olaraq seçəndən sonra 1752-ci ildən bu şəhərin quruculuğuna başlayan Pənahəli xan Cavanşir buranı yalnız inzibati bir mərkəzə deyil, məhz örnək şəhərə, ilk növbədə, bir mədəniyyət mərkəzinə çevirməyi hədəf seçmişdi. Qarabağdan və Azərbaycanın müxtəlif guşələrindən ən yaxşı ustaları, ən yaxşı musiqiçiləri, ən kamil əsnafı, ən seçmə nəsillərin təmsilçilərini buraya toplamağa başlamış, Şuşa tezliklə Qafqazda, Yaxın və Orta Şərqdə mədəniyyətləri qovuşduran məkana çevrilmişdi.
Akademik alban salnamələrinə əsaslanaraq söyləyib ki, musiqi və incəsənətin bu bölgədə güclü tərəqqisi hələ VII əsrdən, Cavanşir sarayına toplaşan şair və musiqiçilərin qoyduğu ənənələrdən başlayıb. Şuşanın yarandığı gündən Qarabağın inzibati-siyasi mərkəzi rolunu oynadığını, şəhərin 1755-1822-ci illərdə Qarabağ xanlığının paytaxtı olduğu çağlardan burada daim elmi-mədəni həyatın qaynadığını söyləyən Rafael Hüseynov həmin mühitin yetirdiyi görkəmli alim və sənətkarlar barədə konqres iştirakçılarına məlumat verib. Bildirib ki, təkcə XIX əsrdə Şuşada 95 şair, 22 musiqişünas, 38 xanəndə, 16 rəssam, 5 astronom, 18 memar, 16 həkim və 40-dan çox müəllim-mirzə olub: “Böyük xanəndə Cabbar Qaryağdıoğlunu məşhur rus şairi Sergey Yesenin 1924-cü ildə “Şərq musiqisinin peyğəmbəri” adlandırırdı. Yəni həmişə görüblər ki, bu yerdəki ulduzların böyüklüyünü, parlaqlığını müqayisə etmək üçün gərək əhatəni geniş götürəsən, daha zəngin coğrafiyaya çıxasan. Bu minvalla Şuşanın özünə də, sadəcə, “Gözəl səslər” şəhəri, “Musiqi beşiyi”, yaxud lap dəqiqləşdirirmiş kimi “Konservatoriya şəhər” adlandırmağı az sayıblar, 1908-ci ildə Tiflisdə nəşr edilmiş “Kavkazskaya muzıka” adlı kitabda Şuşanı elə birbaşa “Qafqazın konservatoriyası” adlandırıblar”.
Şuşanın tarixən Pənahabad, xalq dilində isə adətən Qala adlandırıldığını deyən akademik bildirib ki, Azərbaycanın 2020-ci ilin payızında 44 günlük müharibədə qazandığı möhtəşəm Qələbədən sonra Şuşa Zəfərin ən parlaq rəmzinə çevrildi və VII Beynəlxalq Sosial Elmlər Konqresinin yekun toplantısının burada keçirilməsi, Qarabağa həsr edilməsi də daim bizimlə olacaq zəfərlər yolunun daha bir davamı və təntənəsi deməkdir.
Mədəniyyət.- 2022.- 8 iyun.-
S.6.