Mollanı görən olmadı?

 

“Elə hallar da olur ki, zəif müəlliflərin lazımınca işlənməmiş pyeslərinə rejissorun, yaxud aktyorun şəxsən özünün parçalarını daxil etməsi lazım gəlir. Bu sərbəstliyi yalnız zərurətdən doğarkən bağışlamaq olar. Lakin heç bir əlavəyə ehtiyac olmadan dahiyanə, monolit, klassik əsərlər üzərində də bu cür aparan qondarma həvəskarlar olur. Əgər həmin əsərin təbiəti ilə ona daxil edilən parçaların üzvi bir yaxınlığı olsa, yenə yaxşıdır. Çox vaxt heç bu da olmur. Onda gözəl pyesin canlı orqanizmində artıq ət kimi bir şey əmələ gəlir, bu isə parçanı, yaxud pyesi ölgünləşdirir”.

 

Teatr sənətində ustad Stanislavskiyə məxsus bu sözlərlə yazıya başlamağım səbəbsiz deyil. Sözümün canı varbu barədə, necə deyərlər, az sonra.

 

Əvvəla, onu deyim ki, ölkədə müstəqil teatrların təşəkkül və inkişafı, onların, çətinliklə də olsa, məkan tapması və özünə repertuar formalaşdırması alqışlanmalı haldır. Ən əsası da teatr prosesinin inkişafı üçün çox vacibdir. Onu da qeyd edək ki, istər Mədəniyyət Nazirliyi, istərsə də bu sahə ilə bağlı başqa qurumlar müstəqil teatrlara imkan daxilində dəstək olurlar. Bu, öz yerində. Amma unutmaq olmaz ki, müstəqillik anlayışı, ümumən azad sənətkarlıq, sərbəst düşüncə və onun tətbiqi ifrata varıb, oradan gözə kül üfürmək deyil və azadlıq anlayışları ilə zarafat eləmək olmaz. Çünki sənin azadlığın bir başqasının azadlığının məhdudlaşmasına qədərdir və yenə də sənin yaradıcı hüdudsuzluğun başqalarının (fərdlər və cəmiyyət olaraq) nəfəsliyini tıxayırsa, gəl, burada dayanaq!...

 

Bu günlərdə fəaliyyətini yaxından izlədiyim və nisbətən bəyəndiyim müstəqil “Səhnə” teatrının növbəti premyerasına baxdım.

 

Tamaşanın adı “Molla Nəsrəddin – 2022” idi. Komediya janrlı tamaşanın müəllifi Xaqani Əliyev, quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Oruc Qurbanov, quruluşçu rəssamı Rəşad Yaqubov, xoreoqrafı İmran Qurban Əli, musiqi tərtibatçısı Nicat Cəbrayılov idi.

 

Birhissəli səhnə işində rolları Elçin Hacı (Molla Nəsrəddin), Ramil Məmmədov (Əzrayıl), Əhliman Ərşadlı (Axund), Vaqif Kərimov (Məmmədəli), Ruhiyyə Yəhyayeva (Arvad), Rəbbilə Ələkbərzadə (Gülnaz), Mahir Mirişli (Qoçu), Absalam Həşimli (Bloger), Ağaəli Kərimzadə (Lotu) və Nazlı Quliyeva (Mələk) ifa edirlər.

 

Qısaca qeyd edim ki, müəlliflərin keçmişlə bu günümüzü sintezdə təqdim etməyə çalışdıqları tamaşa Molla Nəsrəddinin evlənmə hekayəsindən bəhs edir. Qəfil peyda olan Əzrayıl Molla Nəsrəddini yuxudan oyadıb özü ilə o biri dünyaya aparmağa gəldiyini söyləyir. Hələ çox cavan olduğunu biləndən sonra ona evlənmək üçün üç gün möhlət verir. Molla Nəsrəddin Əzrayılla dostlaşır və sevgisinə qovuşmaq üçün ona əngəllər yaradan kənd adamları ilə mübarizəyə başlayırlar. Toy gününün səhəri oyanıb evində sevdiyi qızı yox, kənddə hamının tanıdığı eybəcər arvadı görən Molla Nəsrəddin aldadıldığını başa düşür. Maraqlı hadisələr də bundan sonra başlayır. Şən musiqilər və kütləvi rəqslərlə bol olan tamaşada gülməli hadisələr bir-birini əvəz edir.

 

Əsas məsələ “Düşündürərək güldürən” söz ustadı Molla Nəsrəddinin “ölüm mələyi” ilə tanışlığıyla başlayır. Hə, özübuna qədər kənd camaatının, daha doğrusu, Molla Nəsrəddinin kələkbazlığından şikayət edib, onun qurbanına çevrilən avaragor tiplərin xətasından qurtulmaq istəyən Molla özünü ölmüşlüyə vuraraq sovuşmaq istəyir. Bu dəm, təbii ki, zarafatı gerçək olur və Əzrayıl zühur edərək onun canını almağa gəldiyini deyir. Mərəkə də bundan sonra başlayır. Elə  fağır Mollanın 2022-ci ilə inteqrasiyası da. Əslində, bu, yaxşıdır və biz küll halında istər səhnə, istər musiqi, istərsə də tərtibat ilə prosesin tam çağdaşlığını görürük. Düzdür, ifrat, bəzən yeknəsəq görünən detalçılıq da az deyildi. Xüsusən Əzrayılın elektron sistemə girib, potensial ölülər siyahısı üzərində əllaməçiliyi.

 

Həmçinin Molla ilə dialoqlarında ziyadə “Tik-tok” və digər sosial şəbəkə şəbədələri səviyyəsində danışmağadək, nə desəniz var idi. Tamaşaçı güldümü?  Qəşş edənədək, bəs sonra?

 

Elə bütün məsələ də bu sualdan sonra verilən cavabdan asılıdır ki, rejissor onu bizdən əsirgədi.

 

Ümumən tamaşanın həlli maraqlı idi. İstənilən dövr üçün sevginin, dolayısı ilə saf hisslərin qələbəsi ön plana çıxdı. Nəticə etibarilə biz uzaq keçmişdəki Molla Nəsrəddin lətifələrinin personajlarının özü qarışıq bu gün də aramızda var-gəl etdiklərinin, nə qədər ağıllanıb, dövrün texniki bilgiləri ilə cilalansalar da, asanlıqla aldana biləcəklərinin, əslində, hamımızın gözümüzə üfürülən külə xumarlandığımızın şahidi olduq.

 

Düzdür, biz Molla Nəsrəddinin xalq arasında məşhur lətifələrindən, onun ibrətamiz rəvayətlərindən, ələlxüsus da sadiq dostu uzunqulağından nümunələr gördük. Amma yalnız bir neçə məqamda rejissorun Molla Nəsrəddinin dili ilə dediyi dərdlərə gülüb, düşündük. Qalan hər şey lağlağıya hesablanmışdı və yəqin elə məhz bu da lazım idi.

 

Yuxarıdakı azadlıq sözünə və tamaşada Molla Nəsrəddini axtarışıma gəlincə, yaradıcı heyətdən elə-belə, maraqlıdır deyə soruşuram: Molla Nəsrəddin kim idi və niyə bu qədər dövrü-zamana qalib gələrək yaşadı? Bax, əsas sual da budur və əgər onun ətrafında teatr əməliyyatı aparırıqsa, bazamız güclü, əsaslı, ana xəttimiz doğru təyin olunmalıdır...

 

Gələk yazıq Mollanın heç ağlına belə gəlməyəcək blogerlik məsələsinə. Daha doğrusu, onun təyinatına. Bilirəm, bir sıra sosial şəbəkələr vasitəsilə dükan-bazar, ənlik-kirşan reklam edənləri gözümüzə bloger kimi dürtüblər. Səhnə nümunəsində belə tiplərin gülüş obyekti kimi təqdimatı da təqdir edilməlidir. Amma biz səhnədə bunun tam əksini gördük. Yəni guya tənqid hədəfi kimi təqdim edilən yırtıq şalvarlı cinsiyyəti bəlli olmayan bloger hamıya yol “göstərib”, ağıl öyrətdi, müsbət qəhrəman da oldu. Üstəlik, bu tamaşa vasitəsilə cəmiyyətə şüuraltı yeridilən ideyasını səhnənin düz mərkəzində püskürdü.

 

Bu siyahını genişləndirib, başqa neqativ, daha doğrusu, arzuolunmaz məqamlar üzərində də dayanmaq olardı. Amma təzə “Molla Nəsrəddin”çilərin cəsarətlərinə və böyük emosional həzz ilə təqdimatlarına görə dözmək olar.

 

Tamaşanın aktyor oyunu təbii, maraqlı, baxımlı və dinamik idi. Lap tər dabanlarından çıxanacan, enerjiləri tükənənədək oynadılar. Rəqslər və  musiqidən yerində istifadə, hətta öz-özünü məsxərəyə qoymaq cəhdləri yaxşı idi.

 

Tamaşanın Molla Nəsrəddini və xüsusilə də Əzrayılı məzmunlu oyunları ilə seçildilər. Axundun klassik oyun üslubuna sadiqliyi, Qoçunun xarakterik elementlərdən hali olması, Gülnazın səhnəyə rəngarənglik qatması, Arvadın müxtəlif vəziyyətə uyğun sürətli dəyişkənliyi aktyorların obrazlarına bələdliyinin göstəricisi idi.

 

Amma unutmadan onu da deyim ki, səhnə bütün zamanlardaformasiyalarda mütləq mütərəqqi düşüncə meydanı, estetikanın, sənət əxlaqı və bəşəri dəyərlərin əsas meyarlarının nümayiş məkanı olub. O, nə vaxtsa bu funksiyasından imtina edərsə, məhvərindən çıxıb, darmadağın olar. Odur ki, səhnəyə bütün əndazəsiz çılğınlıqları bir kənara qoyaraq çıxmalısan. Əks halda...

 

Həmidə Nizamiqızı

 

Mədəniyyət.- 2022.- 8 iyun.- S.5.