Hacıbəyovların açdığı sənət yolu

 

Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa. 270 yaşlı şəhərimiz bu adı, bu şöhrəti təsadüfən qazanmayıb. Etiraf edək ki, Şuşanın Azərbaycan ədəbiyyat və mədəniyyətinə bəxş etdiyi şəxsiyyətlər olmasaydı, bu sahələrdə nəzərəçarpacaq boşluqlar olardı. Tarix boyu bu şəhər maddi nemətlərdən daha çox milli-mənəvi “nemətlər”, böyük sənətkarlar yetirib.

 

Hələ ötən əsrin əvvəllərində musiqişünas Viktor VinoqradovÜzeyir Hacıbəyov və Azərbaycan musiqisi” (1938, rus dilində)  kitabında Şuşanın musiqi həyatından bəhs edərək yazmışdı: “Yaşıl otlaqların bürüdüyü sıldırım dağ döşündə mənzərəli Şuşa şəhəri. Onun gözəl təbiət mənzərələri hər il səyyahları özünə cəlb edir, yaşıllıqlara qərq olmuş dağların mülayim cizgiləri yolçuları valeh edir. Lakin Şuşadan alınan estetik təəssürat bununla qurtarmır. Burada Azərbaycanın başqa rayonlarına nisbətən musiqi daha çoxdur. Burada həmişə xalq mahnılarını, xanəndələri, çalğıçıları dinləmək və rəqslərə baxmaq olar. Şuşa uzun zamanlardan bəri musiqi mərkəzi kimi tanınmış və xalq musiqi istedadlarının tükənməz məktəbi kimi bütün Zaqafqaziyada şöhrət qazanmışdır”.

 

Musiqişünas Firudin Şuşinski 1968-ci ildə nəşr etdirdiyiŞuşa” adlı kitabında qeyd edir ki, Şuşa XX əsrin əvvəllərində Qafqazın həm konservatoriyası, həm də Azərbaycanın musiqi beşiyi idi...

 

Şuşa İli” münasibətilə qala-şəhərimizin Azərbaycanın musiqi mədəniyyətinə bəxş etdiyi bəstəkarlardan söz açacağıq. Şuşalı bəstəkarlardan danışarkən, sözsüz ki, ilk növbədə Azərbaycan klassik musiqisinin banisi, musiqi mədəniyyətimizdə, sözün gerçək mənasında, inqilab yaratmış Üzeyir Hacıbəyli yada düşür. Dahi bəstəkar musiqi salnaməmizin şöhrət simvolu, bu sahədə indimayak rolu oynayan sənət məktəbinin yaradıcısıdır. Onun zəngin milli və ümumbəşəri duyğuları əks etdirən əsərləri dünyanın müxtəlif ölkələrində ifa olunur, dinlənilir, izlənilir və sevilir. Üzeyir bəy təkcə Azərbaycan professional musiqisinin banisi kimi deyil, həm də böyük alim, maarifçi, dramaturq, publisist, pedaqoq, ictimai xadim kimi Azərbaycan tarixində görkəmli yer tutur.

 

“Şuşalı bəstəkarlar” rubrikası ilə başladığımız silsilədə dahi Üzeyir bəyin açdığı sənət yolunda irəliləyən, musiqi mədəniyyətimizi diqqətəlayiq əsərlərlə zənginləşdirən bəstəkarları xatırlayacağıq.

 

Hacıbəyov soyadı daşıyan və milli musiqi mədəniyyətimizin inkişafına mühüm töhfələr verən neçə-neçə sənətkarımız var. Üzeyir Hacıbəylinin milli mədəniyyətimiz, ədəbiyyat və ictimai fikir tariximizdə misilsiz xidmətləri hər kəsə bəlli. Silsilədə ilk olaraq bu ailənin, bu ocağın digər nümayəndələrini qısa şəkildə yada salacağıq.

 

Zülfüqar Hacıbəyov (1884-1950).  Üzeyir bəyin böyük qardaşı, bəstəkar, Əməkdar incəsənət xadimi. Z.Hacıbəyov Azərbaycanda musiqili komediya teatrının yaradıcılarından biri sayılır. Dahi dirijor, SSRİ Xalq artisti Niyazinin atasıdır. O, ilk Azərbaycan muğam operalarından olan “Aşıq Qərib”, “Evliykən subay”, “Əlli yaşında cavanmusiqili komediyalarının müəllifidir. Bəstəkarın  “Əlli yaşında cavan” (1909) operettası Azərbaycanda musiqili komediya janrının ilk nümunəsi hesab edilir. Müəllifin “Kəndçi qızı”, “Çoban qızı”, “Əsgər nəğməsi”, “Azərbaycan” kantatası və digər əsərləri diqqətəlayiq nümunələrindəndir.

 

Niyazi (Niyazi Hacıbəyov-Tağızadə; 1912-1984). Görkəmli dirijor, bəstəkar, SSRİ Xalq artisti. Azərbaycanda dirijorluq məktəbinin formalaşması və inkişafı onun adı ilə bağlıdır. Q.Ropov, P.Ryazanov, L.Rudolfun bəstəkarlıq məşğələlərində iştirak edən Niyazi dirijorluq fəaliyyətinə 1934-1935-ci illərdə başlayır.

 

Niyaziyə bəstəkar kimi şöhrət gətirənsə “XosrovŞirin” operası, “Çitrabaleti, “Zaqatala süitası”, “Rastsimfonik muğamı və digər əsərləridir. Sənətkar “Çitra” baletinə görə Hindistanın Cəvahirləl Nehru adına beynəlxalq mükafata layiq görülüb. O, Azərbaycan Dövlət Filarmoniyasının direktoru işləyib.

 

Niyazi klassik musiqimizin banisi Üzeyir Hacıbəylinin, sözün əsl mənasında, davamçısı olmaqla öz gərgin əməyi və istedadı nəticəsində mənsub olduğu nəslin görkəmli nümayəndəsinə çevrilib. Fitri istedad, yüksək musiqi mədəniyyəti, möhkəm iradə onun yaradıcılığı üçün səciyyəvidir. Azərbaycan bəstəkarlarının və peşəkar dirijorluq məktəbinin formalaşması və inkişafında, yeni ifaçılar nəslinin yetişməsində Niyazinin böyük xidmətləri olub.

 

Soltan Hacıbəyov (1919-1974). Görkəmli bəstəkar, dirijor, pedaqoq, SSRİ Xalq artisti. S.Hacıbəyov Üzeyir bəyin əmisi nəvəsidir. O, Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri və direktoru, Azərbaycan Bəstəkarlar İttifaqının katibi və Azərbaycan Dövlət Konservatoriyasının (indiki BMA) rektoru vəzifələrində çalışıb. S.Hacıbəyovun “Birinci simfoniya”sı onun yaradıcılığında mühüm yer tutur. 1945-ci ildə Türkmənistan OperaBalet Teatrı S.Hacıbəyova “Kəminə və Qazı” operasını yazmağı sifariş edir. Həmin əsərin simfonik parçası “Karvan” (simfonik lövhə) xüsusilə böyük maraq doğurur. Orta Asiya mənzərəsini musiqi dili ilə canlandıran bəstəkar “Karvanda təsviri lövhələrə meyil edir, ayrı-ayrı parlaq cizgilərlə və rəngarəng musiqi vasitələri ilə qızmar cənub təbiətini, hüdudsuz səhranın vüsətini, karvanın həzin, ahəstə hərəkətini böyük ustalıqla ifadə edir.

 

Bəstəkarın “Oynaq topum”, “Laylay”, “Bənövşə”, “Bahar gəldi”, “Yolka” və digər uşaq mahnıları və s. bu gün də sevilərək dilənilir. Müəllifin “İskəndər və çoban” (libretto M.Seyidzadə) uşaq operası da maraqlı əsərlərdəndir.

 

İsmayıl Soltan oğlu Hacıbəyov (1949-2006). Bəstəkar, pedaqoq, Əməkdar incəsənət xadimi. Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq üzrə dahi bəstəkar Qara Qarayevin sinfini bitirib. 1972-ci ildən ömrünün sonuna kimi Azərbaycan Dövlət Konservatoriyasının (indiki BMA) Bəstəkarlıq kafedrasında dərs deyib. Piano üçünAlbomdan səhifələr”, “Üç idilliya”, fleytasimli orkestr üçünKonsertştük”, oktet üçünDivertisment”, “Firuzə” operası, fleyta, klarnetpiano üçün “İstəklər” triosus. əsərləri var.

 

***

 

Üzeyir bəyin açdığı sənət yolunda sonralar Azərbaycanın musiqi mədəniyyətini dünya miqyasında tanıdan neçə-neçə bəstəkar yetişdi. Bu gün Şuşa ünvanlı bəstəkarlarımızın sorağı yaxın-uzaq ölkələrdən gəlir. Azad Şuşamız bundan sonra da musiqimizə yeni adlar bəxş edəcək...

 

Lalə Azəri

 

Mədəniyyət.- 2022.- 8 iyun.- S.6.