Çırpınırdın, Qara dəniz, baxıb türkün bayrağına...

 

Türkiyə paytaxtında Əhməd Cavadın adı əbədiləşdirlib, kitabının təqdimatı və 130 illiyi şərəfinə konsert keçirilib

 

 

 

Azərbaycan poeziyasının tanınmış simalarından biri, xalqımızın istiqlal mübarizəsində mühüm xidmətləri olan vətənpərvər şairictimai xadim, Dövlət himnimizin sözlərinin müəllifi Əhməd Cavadın (1892-1937) anadan olmasının 130-cu ildönümü Türkiyədə də geniş qeyd olunur.

 

Xəbər verdiyimiz kimi, mayın 5-də, Əhməd Cavadın doğum günündə Ankaranın Etimesqut rayonu ərazisindəki Türk Tarix Muzeyi və Parkında  Azərbaycanın istiqlal şairinin heykəlinin açılışı olmuşdu.

 

İyunun 6-da Türkiyənin paytaxtında Əhməd Cavadın yubileyi münasibətilə silsilə tədbirlər keçirilib.

 

Türkiyə Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Mədəniyyət Nazirliyi, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY və Etimesqut Bələdiyyəsinin işbirliyi ilə təşkil olunan tədbirlər çərçivəsində öncə Əhməd Cavadın adı verilən küçənin açılış mərasimi olub. Azərbaycanın Türkiyədəki Səfirliyinin də iştirakı ilə təşkil olunan tədbirə rəsmi şəxslər, ictimaiyyətin tanınmış simaları qatılıb. Tədbirlərdə Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin müdiri Akif Marifli və şöbənin əməkdaşı Lalə Məmmədova iştirak ediblər.

 

Mərasimdə çıxış edən Etimesqut Bələdiyyəsinin başqanı Enver Demirel deyib: “Biz Əhməd Cavad kimi türk milləti üçün vacib olan dəyərləri hər zaman xatırlamalı və yaşatmalıyıq. Əhməd Cavadın adını daşıyan bu küçə ilə onun adını bir daha əbədiləşdiririk. Bu baxımdan çox xoşbəxtik...”.

 

Sonra Türk Tarix Muzeyi və Parkının konfrans salonunda Əhməd Cavad xatirə medallarının, şairin şeirlərindən ibarət kitabın təqdimatı olub.

 

Ölməz şairin ədəbi irsinin qorunub gələcək nəsillərə çatdırılmasında xidmətləri olan şəxslərə və müxtəlif qurumlara TÜRKSOY adından Əhməd Cavad xatirə medalları təqdim edilib.

 

TÜRKSOY-un Baş katibi Sultan Raev rəhbərlik etdiyi qurumun türk mədəni və sənət irsinin gələcək nəsillərə ötürülməsi istiqamətində səylərini davam etdirdiyini bildirərək, Əhməd Cavadın təkcə Azərbaycan üçün deyil, bütün Türk dünyası üçün mühüm şəxsiyyət olduğunu vurğulayıb. Çıxışını Əhməd Cavadın “Mən türkəm, dərin ağlım, zəkam var” misralarıyla bitirən baş katib Sultan Raev mükafata layiq görülən bütün şəxsləri və qurumları təbrik edib.

 

Ardınca Əhməd Cavadın şeirlərinin Türkiyə türkcəsinə tərcümələrinin yer aldığı kitabın təqdimatı, şairin həyatına və yaradıcılığına həsr olunan panel təşkil edilib. Əhməd Cavadın şeirlərini Türkiyə türkcəsinə tanınmış şair-tərcüməçi Kənan Çarboğa çevirib.

 

 Böyük Azərbaycan şairi Əhməd Cavadın adının Türkiyədə əbədiləşdirilməsi və şeirlərinin nəşri xüsusi əhəmiyyət daşıyır. Çünki Əhməd Cavad yalnız istedadlı şair deyil, həm də milli mücadiləmizin qəhrəman simalarındandır. Əhməd Cavadın yalnız şeirlərinin Türkiyədə yayılmasına deyil, eyni zamanda onun tarixi fəaliyyətinin, milli-azadlıq mücadiləsindəki təkrarsız rolunun da nəsillərə çatdırılmasına böyük ehtiyac var”, - deyə o bildirib.

 

 

 

“İncilər tök gəl yoluna

 

 

 

İyunun 6-da axşam Ankarada keçirilən “Paytaxt Mədəniyyət Yolu Festivalı” çərçivəsində Türkiyə Prezident Administrasiyası Simfonik Orkestrinin konsert salonunda Əhməd Cavadın 130 illiyinə həsr olunmuş musiqi axşamı təşkil edilib.

 

Azərbaycanlı gənc dirijor Mustafa Mehmandarovun idarəsi ilə Prezident Simfonik Orkestrinin, TRT Ankara Radiosu Polifonik xorunun və azərbaycanlı solistlər – Xalq artisti Azər Zeynalov, Nigar Cəlilova, Orxan Cəlilov və Xəyyam Məmmədovun iştirak etdiyi “İncilər tök gəl yoluna” adlı konsert proqramı alqışlarla qarşılanıb.

 

Qeyd edək ki, konsertdə bəzi əsərlər ilk dəfə sənətsevərlərə təqdim olunub. Bu əsərlərdən biri – 2022-ci ildə bəstələnmiş “Turan marşı” tamaşaçıların istəyi ilə iki dəfə ifa olunub.  2 minə yaxın sənətsevərin izlədiyi konsert TRT Avaz kanalında canlı yayımlanıb.

 

Tədbirdə iştirak edən Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva konsertdən sonra fikirlərini bölüşüb: Bu axşam unudulmaz bir konsertin şahidi olduq. İlk öncə bu gecəni təşkil edən sənətkarlarımızı və TÜRKSOY-u təbrik edirəm. Əhməd Cavadın 130 illik yubileyini qeyd etmək üçün bu axşam zalı dolduran tamaşaçılara da minnətdarlığımı bildirirəm...”.

 

Mehparə Sultanova

Ankara

 

Mədəniyyət.- 2022.- 8 iyun.- S.1;2.