Dost ölkələrlə diplomatik əlaqələrin 30 illiyi münasibətilə

 

Ankara şəhərində Türkiyənin Azərbaycan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Tacikistan, Belarus, MoldovaUkrayna ilə diplomatik əlaqələrinin qurulmasının otuzuncu ildönümü münasibətilə rəsmi qəbul keçirilib.

Türkiyə Xarici İşlər Nazirliyi tərəfindən Prezident Administrasiyası Millət Kitabxanasında “Diplomatik münasibətlərin otuzuncu il mərasimi” devizi ilə təşkil olunan tədbirdə adıçəkilən ölkələrin Türkiyədəki səfirləri, hərbi attaşelər, Türkiyə parlamentinin deputatları, eləcə də Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyev, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının Baş katibi Sultan Raev, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, digər qonaqlar  iştirak ediblər.

Mərasimin açılışında Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov çıxış ediblər.

Sonra Türkiyə Mədəniyyət və Turizm Nazirliyi nəzdində fəaliyyət göstərən Türk Dünyası Musiqi Topluluğunun ifasında bədii proqram təqdim olunub.

 

 

Mədəniyyət.- 2022.- 8 iyun.- S.1.