Mirzə Fətəlinin 210 illiyi Ankarada qeyd edilib

 

Bu il Azərbaycanda Türk dünyasında dramaturgiyanın banisi, mütəfəkkir ədib Mirzə Fətəli Axundzadənin (1812-1878) anadan olmasının 210 illiyidir. İyunun 2-də Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY, Ankara Universiteti, Azərbaycanın Türkiyədəki Səfirliyi digər qurumların birgə təşkilatçılığı ilə M.F.Axundzadənin yubileyinə həsr olunan konfrans keçirilib.

 

Ankara Universitetinin Dil, tarixcoğrafiya fakültəsi Çağdaş türk ləhcələri və ədəbiyyatı bölməsi tərəfindən təşkil edilən 10-cu “Türkologiya günü” tədbirləri çərçivəsində gerçəkləşən tədbirdə universitetin dekanı Levent Kayapınar, TÜRKSOY Baş katibinin müavini Bilal Çakıcı, tanınmış alimlər Səma Burutcu Özöndər və Mehmet Rza Heyət çıxış ediblər.

 

Bilal Çakıcı çıxışında diqqətə çatdırıb ki, mütəfəkkir ədibin 200 illiyi şərəfinə 2012-ci il TÜRKSOY tərəfindən “Axundzadə İlielan edilmişbu çərçivədə təşkilata üzv ölkələrdə müxtəlif tədbirlər təşkil olunmuş, əsərləri Türkiyə və Qazaxıstanda səhnələşdirilmişdi.

 

Sonra Ankara Universiteti tələbələrinin ifasında Əbdürrəhim bəy Haqverdiyevin Mirzə Fətəliyə həsr etdiyi “Xəyalat” pyesinin tamaşası oynanılıb. Tələbə aktyorların rəhbəri Atabəy Barış tərəfindən türk dilinə uyğunlaşdırılan və onun rejissorluğu ilə səhnələşdirilən tamaşanın koordinatoru Azərbaycan Mədəniyyət Nazirliyinin TÜRKSOY-dakı nümayəndəsi Elçin Qafarlıdır.

 

Tamaşadan sonra ölkəmizdən tədqiqatçılar Cavid Mövsümlü və Dilqəm Əhməd böyük ədibin həyat və yaradıcılığından bəhs ediblər.

 

Qeyd edək ki, Ə.Haqverdiyev birpərdəli “Xəyalat” pyesini özünə ustad bildiyi M.F.Axundzadənin 100 illik yubileyi münasibətilə  1911-ci ildə qələmə alıb. Pyåsdə M.F.Axundzadə ilə onun ölməz kîmådiyalarının qəhrəmanları Hatəmxan ağa, Hacı Qara, dərviş Məstəli şah, Molla İbrahimxəlil və başqaları qarşılaşdırılır, mütəfəkkir-ədibin öz dövründə necə qiymətləndirildiyi və necə ağır şəraitdə yazıb-yaratdığı göstərilir.

 

Mehparə Sultanova

Ankara

 

Mədəniyyət.- 2022.- 8 iyun.- S.8.