Tbilisi Dövlət İncəsənət
Akademiyasında Nizamiyə həsr edilən sərgi
açılıb
Giorgi Ququşvili:
“Nizami bütün dünyada olduğu kimi, Gürcüstanda da dahi şəxsiyyət kimi tanınır”
Tbilisi Dövlət İncəsənət Akademiyasında (TDİA) dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illiyinə həsr edilən sərgi açılıb. TDİA və Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin birgə təşkil etdiyi sərgidə azərbaycanlı və gürcü rəssamların böyük şairin əsərləri əsasında çəkdikləri əsərlər nümayiş etdirilib.
Sərginin açılışında Azərbaycanın mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva, ölkəmizin Gürcüstandakı səfiri Faiq Quliyev, SOCAR-ın Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov, Gürcüstanın tanınmış mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Akademiyanın rektoru Giorgi Ququşvili mərasimdə çıxış edərək ölkələrimiz arasındakı qədim dostluq əlaqələrindən danışıb. Bildirib ki, N.Gəncəvi bütün dünyada olduğu kimi, Gürcüstanda da dahi şəxsiyyət kimi tanınır. Onun yaradıcılığından bəhs edən sərginin akademiyada açılması bu hörmətin bariz göstəricisidir. Bu il akademiyanın da 100 yaşının tamam olduğunu deyən rektor vurğulayıb ki, bu iki əlamətdar tədbirin üst-üstə düşməsi ikiqat sevincə səbəb olub.
Tədbirdə çıxış edən səfir Faiq Quliyev, ilk növbədə, akademiyanın kollektivini 100 illik yubiley münasibətilə təbrik edib.
Prezident İlham Əliyevin sərəncamı ilə ötən ilin “Nizami Gəncəvi İli” elan olunduğunu xatırladan səfir deyib ki, il başa çatsa da, dahi şairin zəngin yaradıcılığı müxtəlif ölkələrdə təbliğ olunur. Bildirilib ki, N.Gəncəviyə Gürcüstanda böyük ehtiram bəslənilir, onun bir sıra əsərləri gürcü dilinə tərcümə edilib. Diplomat TDİA-nın Azərbaycanın dahi mütəfəkkirinin 880 illik yubileyinə həsr olunan tədbirə ev sahibliyi etməsini əlamətdar hadisə adlandırıb.
M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin məsul işçisi Leyla Əliyeva diqqətə çatdırıb ki, ötən ilin iyul ayında Tbilisidə Nizami Gəncəviyə həsr olunan ilk tədbir keçirilib. Həmin tədbirdə Azərbaycanın mədəniyyət naziri Anar Kərimov da iştirak edib. Son illərdə Azərbaycan-Gürcüstan mədəni əlaqələri intensivləşib və Gürcüstanda Azərbaycan mədəniyyətinin dostlarının sayı artır.
Nazir müavini Sevda Məmmədəliyeva çıxışında deyib ki, Azərbaycan və Gürcüstan arasında münasibətlərin qədim tarixi var. Xalqlarımız tarixən mehriban qonşuluq və qardaşlıq şəraitində yaşayıblar. Xalqımızın ümummilli lideri Heydər Əliyev bu əlaqələrə xüsusi diqqət yetirib. Bu gün də Prezident İlham Əliyev və Gürcüstan rəhbərliyi qarşılıqlı əlaqələrə xüsusi diqqət yetirir.
Bu tədbirin Azərbaycanla Gürcüstan arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümünə təsadüf etdiyini də vurğulayan nazir müavini hər iki əlamətdar hadisə münasibətilə təbriklərini çatdırıb.
Mütəfəkkir şairin yaradıcılığına nəzər salan S.Məmmədəliyeva bildirib ki, Nizami Gəncəvi dünya ədəbiyyatında dərin iz buraxmış dahi şəxsiyyətdir və o, dünya mədəniyyəti xəzinəsinə misilsiz incilər bəxş edib. Onun poeziya ənənələrini bir çox ölkələrin şairləri uğurla davam etdirib, böyük gürcü ədib Şota Rustaveli də Nizaminin müasiri olub.
Azərbaycan Dövlət Filarmoniyasının “Gənclərə dəstək” layihəsinin “Şuşa İli” çərçivəsində Tbilisidə səfərdə olan musiqiçilər qrupu tədbirdə maraqlı konsert proqramı təqdim ediblər.
“Muğam” televiziya müsabiqəsinin qalibi Zümrüd Məmmədovanın ifasında Üzeyir Hacıbəylinin şairin sözlərinə yazdığı “Sevgili canan” romansı, “Çırpınırdın, Qara dəniz” mahnısı, “Qarabağ şikəstəsi” və digər musiqi nömrələri səslənib. Onu pianoda Azərbaycanın Əməkdar artisti Nərgiz Əliyeva, tarda Səfər Səmədov, kamançada Elmar Ələkbərli müşayiət ediblər.
Sonda tanınmış gürcü müğənnisi və aktyoru Vaxtanq Kikabidze, Gürcüstan Milli Muzeyinin baş direktoru David Lordkipanidze, sabiq mədəniyyət naziri Valeri Asetiani və daha bir neçə mədəniyyət və incəsənət xadiminə “Nizami Gəncəvi-880” xatirə medalı təqdim olunub.
Onlar göstərilən diqqətə görə Azərbaycan dövlətinə, Mədəniyyət Nazirliyinə və ölkəmizin səfirliyinə təşəkkürlərini bildiriblər.
Qeyd edək ki, mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva 3-5 iyun tarixində Gürcüstana səfəri çərçivəsində Tbilisi İncəsənət Sərgisi (Tbilisi Art Fair), Tbilisi İncəsənət Sarayı – Gürcüstan Mədəniyyət Tarixi Muzeyi və Gürcüstan Milli Muzeyinin rəhbərliyi ilə görüşlər keçirib. Mədəni əməkdaşlığın genişləndirilməsinə dair razılıq əldə olunub.
Mədəniyyət.- 2022.- 8 iyun.-
S.1;5.