Şabranda yazıyaqədərki dövrə
aid gil jetonlar
aşkarlanıb
Şabran rayonunun Aygünlü kəndi ərazisindəki
eramızdan əvvəl
IV minilliyin sonu – III minilliyin əvvəlinə
aid Çaqqallıqtəpə abidələr kompleksində
arxeoloji qazıntıların
növbəti mərhələsinə
başlanılıb.
AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu Şabran arxeoloji ekspedisiyasının rəhbəri,
tarix üzrə fəlsəfə doktoru Səfər Aşurov bildirib ki, hazırda
arxeoloqlar I Çaqqallıqtəpədə
qazıntı işləri
aparırlar. Əsas məqsəd mədəni
təbəqəni sona
qədər öyrənmək
və təpənin
ilk məskunlaşma dövrünü
müəyyənləşdirməkdir.
Burada qədim
yaşayış yerləri
ötən əsrin
70-ci illərində qeydə
alınıb. 2016-cı ildə aparılan arxeoloji qazıntılar zamanı Çaqqallıqtəpədə
5 minillik tarixə malik qazma evlər
aşkarlanıb. Tapıntılar Şimali Qafqazdan Suriyaya, Fələstinə
qədər gedib çıxan Kür-Araz mədəniyyətinə aiddir.
Eramızdan əvvəl IV minilliyin
sonu – III minilliyin əvvəlinə aid edilən
abidə bu vaxta kimi Azərbaycanın
şimal-şərqində aşkarlanan və tədqiqatlar aparılan ən qədim yaşayış məskənidir.
Ekspedisiyanın üzvü Fidan Əliyeva deyib ki, qazıntı işləri zamanı tapılan materialların əksəriyyəti keramikadır. Bu da abidənin tarixini müəyyənləşdirməyə
kömək edən əsas amillərdəndir.
Keramika nümunələrinin əksəriyyəti
üzərində yarımşar
formalı qulpları olan saxsı məmulatlardır. Bu isə Erkən Tunc dövrünün əsas əlaməti sayılır.
Qazıntılar zamanı əksəriyyətində
ox ucluqları olan çaxmaqdaşından alətlər
də aşkarlanıb. Bu da sübut edir
ki, eradan əvvəl IV minilliyin sonu – III minilliyin əvvəlində burada yaşayan yerli əhali əkinçilik və maldarlıqla yanaşı, ovçuluqla
da məşğul olub.
Ekspedisiyanın digər üzvü
Sevinc Hüseynova bildirib ki, Çaqqallıqtəpədə
qazıntılar zamanı
aşkarlanan ən əhəmiyyətli tapıntılardan
biri də elmi ədəbiyyatda tokin adlandırılan gil əşyalardır.
Tokinlər yazıyaqədərki dövrdə mübadilədə
istifadə olunan gildən hazırlanmış
xüsusi jetonlardır.
Erkən
Tunc dövrünə
aid bu əşyalara indiyədək Azərbaycanda
yalnız Naxçıvan
Muxtar Respublikası ərazisindəki Maxta tarixi abidəsində rast gəlinib. Tokinlər Çaqqallıqtəpənin yerləşdiyi
ərazidə ilkin inzibati idarəetmənin, yəni dövlətçilik
ənənələrinin mövcud
olduğunu sübut edir.
Çaqqallıqtəpə abidələr
kompleksində arxeoloji qazıntılar iyun ayının sonunadək davam
edəcək.
Mədəniyyət.- 2022.- 10 iyun.-
S.4.