Xatirələrimizdəki oyuncaqlar
sənət əsərlərində
Bu yaxınlarda ənənə halını almış rəsm sərgilərindən fərqli, orijinal bir ekspozisiya ilə tanış oldum. Hər zaman sənət əsərlərinin də ruhu olduğuna, onların oyuncaq olmadığına inanmışam. Amma bu o demək deyil ki, oyuncaqlar sənət əsəri ola bilməz. Xətai Sənət Mərkəzinin və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə keçirilən “Xatirələrdə qalan oyuncaqlar” uşaq yaradıcılıq müsabiqəsi bu ideyaya bariz nümunədir.
Cəmiyyət ictimailəşmiş üzvlər vasitəsilə öz gələcəyini təmin edir, zamanla davamlılıq qazanır. Oyunlar və oyuncaqlar bəşəriyyətin ən köklü ünsiyyət və qarşılıqlı əlaqə vasitəsi kimi məna qazanmışdır. Ancaq oyunun ən mühüm elementi olan oyuncaq sənayeləşmə nəticəsində əmtəə halına gəldi. Fərdlər hər zaman oyunun aktiv subyekti olduqları halda ənənəvi kommunikasiya texnologiyalarının, xüsusən də televiziya və kinonun təklif etdiyi oyunlar qarşısında passiv obyektə çevrildilər.
Son dövrlərdə Xətai Sənət Mərkəzi uşaqların yaradıcı, intellektual inkişafına töhfə verən, respublikamızın şəhər və rayonlarında fəaliyyət göstərən məktəb, lisey və dərnəklərin iştirakı ilə çoxsaylı müsabiqə və sərgilərə təşkilatçılıq edir. Bu baxımdan “Xatirələrdə qalan oyuncaqlar” müsabiqəsi uşaqların istedadlarını, həmçinin intellektual bacarıqlarını, onların potensialını kəşf etmək üçün yeni fürsətə çevrildi desək, yanılmarıq.
Bu ilin yanvarında elan edilən müsabiqənin mart ayında keçirilən yekun sərgisində 900-ə yaxın nümunə (oyuncaq) yer alıb. Xatırladaq ki, Xətai Sənət Mərkəzi və Azərbaycan Dövlət Rəsm Qalereyasının layihəsi olan müsabiqənin keçirilməsinə Mədəniyyət Nazirliyi, Təhsil Nazirliyi, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Bakı Dövlət Sirki dəstək göstərib. Bu cür müsabiqə və sərgilərin keçirilməsi, uşaqların yaradıcı qabiliyyətini, sosial aktivliyini artıran təqdirəlayiq addımlar olmaqla bərabər, həm də yeni ənənələr formalaşdırır, dəyərlər yaradır.
Elçin Hüseynli
Azərbaycan Dövlət Rəsm Qalereyasının şöbə müdiri
Mədəniyyət.- 2022.- 10 iyun.-
S.7.