Bolqarıstanda Azərbaycan mədəniyyəti
gecəsi
Bolqarıstanın qədim şəhərlərindən olan Sozopolda “Soleil” 11-ci Beynəlxalq Frankofoniya Festivalı çərçivəsində Azərbaycan mədəniyyəti gecəsi təşkil edilib.
Festival çərçivəsində Bakı Slavyan Universitetinin Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan dili və mədəniyyəti mərkəzi tərəfindən şəhərdəki Etnoqrafiya muzeyində “Odlar yurdu bolqar uşaqlarının gözü ilə” adlı rəsm sərgisi açılıb.
Tədbiri giriş sözü ilə açan festivalın direktoru Aleksandrina İsaylova Azərbaycanın bir neçə il ardıcıl olaraq festivalda aktiv iştirak etdiyini qeyd edərək Azərbaycanı əks etdirən sərginin festivalın qonaqları arasında çox böyük maraq doğurduğunu söyləyib.
Sofiya Universitetinin nəzdindəki Azərbaycan dili və mədəniyyəti mərkəzinin müdiri Sofiya Şıqayeva-Mitreska məlumat verib ki, rəsm sərgisində ötən il Azərbaycan müstəqilliyinin bərpasının 30-cu ildönümü münasibətilə təşkil edilmiş müsabiqədə iştirak etmiş uşaqların əl işləri nümayiş olunur. Qeyd olunub ki, bolqar uşaqlar Azərbaycanın rəngarəng adət-ənənələrini, mədəniyyətini ənənələrini rəsmlərdə əks etdirməyə çalışıblar. Mərkəzin müdiri bu il Azərbaycan və Bolqarıstan arasında diplomatik münasibətlərin 30 illik yubileyinin qeyd edildiyini də diqqətə çatdırıb.
Bildirək ki, Bolqarıstanın Sozopol şəhərində Frankofoniya festivalı 2011-ci ildən keçirilir və müxtəlif ölkələrin mədəniyyətini bolqar xalqına, xarici qonaqlara nümayiş etdirir.
Mədəniyyət.- 2022.- 10 iyun.- S.8.