“Şuşada az qala hər ev Azərbaycana bir
neçə alim, musiqiçi
bəxş edib”
Vasif Quliyev:
“Hazırda “Şuşanın tarixi”
adlı kitab üzərində işləyirəm.
Bu kitabda nə
yazıla biləcəksə, hamısını toplamağa çalışıram”
Yurdu həm də onun sakinindən xəbər alarlar. Tarixə yazılanlar qədər yazılmayanlar da maraqlı olur. Elin mədəni-mənəvi zənginliklərini öyrənən, davamlı şəkildə təbliğ edənlərin zəhməti yüksək təqdirə layiqdir. Əgər bu el, bu mahal on illərlə mədəni miras qənimi bədnam ermənilərin işğalı altında qalıbsa, belə cəfakeş araşdırıcıların missiyasının dəyər-qiyməti birə-beş artır...
Müsahibimiz mədəniyyət paytaxtımızda doğulub böyüyən, Vətənimizin bu dilbər guşəsini tarixi-mədəni və etnoqrafik baxımdan davamlı araşdıran tanınmış yazıçı-publisist, “Şuşa” qəzetinin redaktoru Vasif Quliyevdir. O, 50 ildən artıqdır arxivlərdə Şuşa və Qarabağla bağlı araşdırmalar aparır, əzəli yurd yerlərimizin tarixi şəxsiyyətləri, məşhur nəsilləri, Şuşanın etnoqrafiyası ilə bağlı 30-dan artıq kitabın müəllifidir.
Vasif müəllimlə “Şuşa” qəzetinin redaksiyasında görüşürük. İş masasının üzərində çoxsaylı arxiv materialları və kitablar var. Azərbaycan və rus dillərində “Mehmandarovlar” kitabı diqqətimizi çəkir. Elə söhbətimizə də bu məşhur nəsillə bağlı sualla başlayırıq.
– Vasif müəllim, Mehmandarovların şəcərəsi haqqında kitab həm də Qarabağ həqiqətlərinin ifadəsi baxımından tutarlı mənbədir...
– Azərbaycanın görkəmli sülalələrindən olan Mehmandarovlar barədə qələmə aldığım kitab 40 ildən artıq dövrdə apardığım axtarışların məhsuludur. Əldə etdiyim zəngin materiallar və nadir tapıntılar əsasında Qarabağ tarixinin ictimai-siyasi və etnik-mədəni irsinin nadir bir parçası olan məşhur bir nəsil haqqında mükəmməl bir tarixçə yaratmağa nail oldum. Uzun illər müxtəlif qaynaqlardan ailə arxivi və əsas arxivlərdən, rusdilli və anadilli mətbuat səhifələrindən tapıb topladığım materiallar bu kitabda yer alıb. Rejissor, Əməkdar incəsənət xadimi Yavər Rzayev hazırda bu kitab əsasında tammetrajlı sənədli film üzərində işləyir. Bu gün Mehmandarovların Şuşadakı evi restavrasiya edilir. Restavrasiya işləri bitdikdən sonra filmin Şuşa ilə bağlı kadrları da lentə alınacaq.
– Azad Şuşaya illər sonra qayıdışınız necə oldu? Təəssüratlarınız maraqlıdır.
– Ötən ilin may ayında bir qrup şuşalı mədəniyyət xadimi ilə “Xarıbülbül” festivalına getdik. Desəm ki, heç bir təəssüratım olmadı, bəlkə də inanmayacaqsınız. Çünki bu 28 ildə mən sanki hər gün Şuşada olmuşam. Mən arxivdə işləyən adamam. Gündüzlər arxivdə Şuşa ilə bağlı araşdırma aparır, axşamlar isə yazırdım. Qeyri-adi bir hiss yaşamadım. Düzdür, adam baxanda pis olur, köhnə Şuşa ilə indiki Şuşa arasında fərq var. Ermənilər, demək olar ki, şəhəri dağıdıblar. Şəhərin əsas müsəlmanlar (azərbaycanlılar) yaşayan hissəsi dağıdılıb. Şuşa iki hissədən ibarət idi. Onu da o vaxt ruslar gələndə ayırmışdılar. Müsəlmanlar yaşayan məhəllə ikinci hissə, ermənilər yaşayan məhəllə isə birinci hissə adlanırdı. İdarələr, müəssisələr birinci hissədə idi. İndi salamat qalan binalar əsasən şəhərin birinci hissəsindədir. İkinci hissənin əksər tarixi abidələrini dağıdıblar. Qurğuşunla tikilən Hacı Qulunun malikanəsi, Zöhrabbəyovların malikanəsi və s. Ürəyim açılmırdı, amma bunların hamısını qələmə aldığım üçün adi yanaşırdım. Çünki yaşamışdım bu gördüklərimi. 1905-1906-cı il erməni-müsəlman davasından yazdığım məlumatlarla gördüyüm mənzərələr eyni idi.
– Ata-baba evinizi görə
bildinizmi?
– Mən Şuşadan 15 yaşımda çıxmışam.
Beş il
Xankəndidə yaşadıqdan
sonra Bakıya gəlmişəm. Nənəmgilin, bacılarımın, qardaşımın
evi Şuşada idi. Bacımgilin evi Xan qızı bulağının
qarşısında idi.
İndi ora dümdüzdür.
Ermənilər oradan yol çəkiblər. Nənəmgilin evi salamat idi.
Həyət-bacası da yerində.
Dəmir
darvaza 28 ildə açılmayıb. Həyətə girdim evə keçə bilmədim.
Uşaqlığım orada keçdiyi
üçün kövrəldim.
Babamın evi tarixi abidə deyildi. Amma tarixi abidələrin dağıdılması pis
təsir edir.
– Uzun illərdir Şuşa ilə
bağlı araşdırmalar
aparır, yazılar yazırsınız. Şuşanın
ən az
tədqiq olunan sahəsi hansıdır?
– Bir fikrimi də
çatdırmaq istərdim.
20-30 il əvvəl
Şuşanın tarixi
ilə çox az sayda insan
məşğul olurdu.
Bu iki il
ərzində o qədər
Şuşadan yazan tarixçi və araşdırmaçı ortalığa
çıxdı ki. Əksər məlumatların bəzən
yanlış, bəzən
də köçürmə
olduğunu deyə bilərəm. Bilməyən adamlar Şuşanın, Qarabağın tarixindən
məqalələr yazırlar.
Bir müddət əvvəl mənim kitablarımdan plagiat köçürmələrin
qarşısı alındı.
Ötən il
isə AZƏRTAC informasiya
agentliyi belə bir təşəbbüslə
müraciət etdi ki, yazdığım məlumatlar və informasiyalar həftədə
bir dəfə dərc edilsin. Söhbət
mənim yazımdan deyil, məlumatın düzgünlüyündən gedir.
Yazdığım məlumatlar arxiv
materiallarıdır və
dəqiq rəqəmlərdir.
İstəyim odur ki, səhv məlumatlar
olmasın...
Tədqiq olunmayan sahələrə
gəlincə isə,
belə demək olar ki, hər
sahəsi tədqiq olunub amma natamam. Tədqiq
olunmayan sahələr
də var. Firudin Şuşinski o vaxt Şuşa haqqında
yazarkən ən çox mədəniyyət,
musiqi sahəsini qələmə alıb. Məsələn, sovet vaxtı elmi işlər yazılıb
– “Şuşada sənayenin
inkişafı”,
“Şuşa inqilab
mərkəzidir” və
s. Amma mən hazırda kompleks şəkildə “Şuşanın
tarixi” adlı kitab üzərində işləyirəm. Bu kitabda nə yazıla biləcəksə,
hamısını toplamağa
çalışıram. Bir şəhərin və kəndin tarixini yazanda gərək elə yazasan ki, əhatəli olsun. Hazırda Şuşanın bünövrəsinin
qoyulması günündən
– 1750-ci il iyunun 20-dən tutmuş
2022-ci ilə qədər
bütün hadisələri
toplamağa çalışdım.
Min səhifəlik, böyük formatda kitabın ilin sonuna kimi hazır
olması nəzərdə
tutulub. Bu kitabda Şuşa təbiətindən
tutmuş, sənayesinə,
musiqisindən dağına-daşına
qədər qeyd edilib.
– Niyə Şuşanın bünövrəsi məhz
20 iyunda qoyulub?
– Bu tarixə mənim şəxsi yanaşmam var.
Tarixçilər mənimlə
razı olmasalar da, tarixə geniş ekskursiya etmədən deyərdim ki, Nadir şah böyük sərkərdə
olsa da, səhvləri çoxdur.
Onun şah seçilməsinə
Qarabağ bəylərbəyliyi
razı deyilmiş.
Şah seçildikdən sonra bəylərbəyliyi ləğv
edir və parçalayır. 1747-ci il iyunun 20-də Nadir şah öldürülür
və elə alınır ki, Pənahəli xan rəmzi mənada bəylərbəyliyin ləğv
edilməsi, bir hissəsinin gürcülərə
verilməsi acığına
Şuşanın bünövrəsini
iyunun 20-də qoyur.
– Şuşa, Qarabağ haqqında kitablarınızdan danışaq...
– Gördüyünüz ikicildlik
“Şuşa nəğmələri”
kitabımı 1976-cı ildən
toplamağa başlamışdım
və 25 ilə bitirdim. 6 cild
olacaq. Bu kitabda Şuşa haqqında
yazılan şeirlər
və poemalar da yer alıb.
25 ilə iki
cild, 1800 səhifə.
Daha 4 cild də nəşr
olunmalıdır. Bunu ona görə deyirəm ki, mədəniyyətin, sənətin inkişafı
baxımından Şuşanı
çox zaman Təbrizlə müqayisə
edirlər. Amma mən
Təbriz haqqında kitaba baxdım və gördüm ki, Şuşanın zənginliyi daha möhtəşəmdir və
heç də ondan geri qalmır.
– Nəsr əsərlərini
də toplamaq fikriniz var?
– 45-46 il əvvəl
nəzmi başladım.
Toplamaq bir az çətindir.
Aylarla Milli Kitabxanada və arxivlərdə oluram.
– Şuşa həm
də Azərbaycan elminə görkəmli simalar bəxş edib...
– Şuşanın təxminən
500 alimi var. Onlardan
35-i akademik, 200 nəfərə
qədəri elmlər
doktoru və s. Balaca bir şəhərdə
az qala hər
ev bir neçə
alim, musiqiçi bəxş edib Azərbaycana. Məsələn, unudulmaz Rəşid
Behbudovgilin ailəsi –
atası, qardaşı,
bacısı, özü,
bacısı oğlu və qızı. Belə nümunələr çoxdur.
– Bayaq söhbətimiz zamanı qeyd etdiniz ki, Dağlıq
Qarabağ Muxtar Vilayətinin yaranması Şuşanın inkişafına
mane oldu...
– İlk olaraq onu deyim ki,
Şuşanın əhalisi
ən çox 43 min
800 nəfər olub. Bu rəqəm 1917-ci ilə aiddir. 1992-ci ildə şəhər işğal ediləndə
13 min əhalisi vardı.
Niyə belə azaldı? Sovet hökuməti quruldu və bəy-xan
şəhərində öldürülənlər, sürgün edilənlər oldu.
1923-cü ildə qondarma qurum
yaradılandan sonra süni
surətdə azərbaycanlılar buradan
azaldılmağa başlanıldı. İkincisi
isə vilayətin inzibati mərkəzi ilk əvvəl Şuşa
şəhəri oldu, daha
sonra ermənilərin təkidi ilə Xankəndinə
verildi. Şuşadakı bütün
sənaye müəssisələri Xankəndidəki
zavod-fabriklərin filialı kimi işləyirdi.
Bu səbəbdən mənfi təsirlər
çox oldu. İndi deyəcəyim bu
faktı qəzetdə də bir dəfə
çap etmişəm. 1957-ci ildə Xalq artisti Bülbül
SSRİ Ali Sovetinin deputatı
idi. Həmin vaxt
da Şuşaya Turşsu mineral su kəməri çəkilir. Ermənilər
Moskvaya yazırlar ki,
niyə su Xankəndinə deyil,
Şuşaya çəkilir. Bülbül gedir Xankəndinə
və müşavirədə bu məsələni
həll etməyə çalışır. Ermənilər iddia edirlər ki, kurort şəhəri adı Xankəndinə
verilməlidir. Bülbül
çıxışı zamanı bir kəlmə
ilə məsələni həll edir. Deyir su bura çəkilsin,
kurort şəhəri
adı da bura verilsin. Mən razı.
Amma bir sualıma cavab verin görüm
Şuşanın havasını
harasa aparmaq mümkündür? Bununla
da məsələ həll olunur...
– Hazırda hansı mövzularda kitablar üzərində işləyirsiniz?
– Əvvəldə də qeyd etdiyim kimi, Şuşa və Qarabağ tarixi ilə bağlı 30-dan artıq kitabım nəşr olunub. Onlardan 10-u tərcümədir, 20-si isə müəllifi olduğum kitablardır. Çox şadam ki, redaktoru olduğum və sonradan Azərbaycan dilinə tərcümə etdiyim “Köhnə Şuşa” kitabına Birinci vitse-prezident Mehriban xanım Əliyeva ön söz yazıb. Qarşıda Şuşa haqqında bir neçə cildlik kitab nəzərdə tuturam. İki min nəfər şuşalı elm, ədəbiyyat və mədəniyyət xadiminin fəaliyyəti, şəhərin tarixində rolu haqqında yazmaq olar. Onlardan, demək olar, tək musiqi sahəsi üzrə 1000-dən artıq məqaləm, oçerk və ensiklopedik yazım dərc olunub. “Şuşa” qəzetinin hər nömrəsində “Qarabağ ensiklopediyası” başlığı ilə məlumatlar dərc edirik.
– Bəs “Şuşa İli”nə əsas töhfəniz nə olacaq?
– Əsas məqsədim “Şuşanın tarixi” kitabımı və 52 ildir üzərində işlədiyim “Qarabağ ensiklopediyası”nı nəşr etdirməkdir. Bir də Pənahəli xan haqqında sənədli-tarixi romanımı bitirib çap etdirmək arzusundayam.
– Sizə, bu yorulmaz fəaliyyətinizdə uğurlar və cansağlığı arzulayırıq.
– Təşəkkür edirəm.
Lalə Azəri
Mədəniyyət.- 2022.- 10 iyun.- S.6.