Kinoya yaraşan sima
Kino xarakterləri sevir. Ekran obrazlarını
milyonlara sevdirənləri də məşhurlaşdırır,
sevdirir. Azərbaycan kinosunda özünəməxsus
yaradıcılıq tərzinə görə seçilən,
sevilən aktyorlarımızdan biri də respublikanın Əməkdar
artisti Tofiq Mirzəyevdir. Yaradıcılıq
filmoqrafiyası zəngin olan aktyor artıq neçə illərdir
doğma Bakıdan uzaqda yaşasa da, həmkarları da, kinosevərlər
də onu unutmur. Tanınmış aktyorun
anadan olmasının 90 illiyi ərəfəsində onun sənət
dünyasını göz önündə canlandırmaq, eləcə
də həmkarlarının xatirələrində bir daha
oxuculara tanıtmaq istədik.
Mövzuya
keçməzdən öncə yubilyarı – “Mosfilm”,
“Dovjenko” studiyalarında istehsal olunan filmlərdə rol alan,
“Azərbaycanfilm” Kinostudiyasında 27 filmdə müxtəlif
xarakterli obrazlar yaradan, 10-dan artıq sənədli televiziya
filminin ssenari müəllifi və rejissoru, 1 animasiya filminin
ssenari müəllifi olan Tofiq Mirzəyevi təbrik edir,
cansağlığı arzulayırıq.
İstedadlı
ifaçı
İstedadlı
doğulmaq xoşbəxtlikdirsə, onu məhsuldar iş əmsalına
çevirmək ikiqat xoşbəxtlikdir.
Yaddaşımızda dramatik rollar ifaçısı kimi qalan
Tofiq Mirzəyev, seçdiyi musiqi sənətini
yarımçıq qoymağa məcbur olsa da, taleyinə
yazılan məşhurluq məsuliyyətini yaşamağa, sənət
uğurunu tamamlamağa nail olur.
Azərbaycan Dövlət Konservatoriyasının klarnet
sinfini bitirən Tofiq Mirzəyev bir müddət ifaçı
kimi tanınaraq görkəmli dirijor və bəstəkar
Niyazinin rəhbərliyi altında Dövlət Simfonik
Orkestrinin tərkibində çıxış edir. Hələ gənc
yaşlarından klassik musiqi ilə yanaşı, cazla da
maraqlanır. Azərbaycanın məşhur
cazmenləri ilə caz musiqiləri də ifa edir, onlarla birlikdə
bir sıra ölkələrdə qastrol səfərlərində
olur. Lakin ifaçılığı səhhətində
(ağciyər) müəyyən fəsadlar verdiyinə
görə həkimlər ona musiqidən ayrılmağı məsləhət
görür. Belə olan halda istedadlı
insan kinoda yaradıcılıq uğurunu davam etdirir.
Musiqidən
kinoya
Tofiq Mirzəyev kinoya da böyük sevgi ilə gəlir. Moskvada Mərkəzi
Televiziyanın rejissorluq kurslarını bitirdikdən sonra
Bakıya qayıdaraq Azərbaycan Televiziyasında bir sıra
portret filmlər çəkir, həmçinin görkəmli
kinorejissorların quruluş verdiyi filmlərdə (Rüfət
– “Uşaqlığın son gecəsi”, əcnəbi
müğənni – “Ən vacib müsahibə”, Teymur –
“İstintaq”, aparıcı – “Üzeyir ömrü”, Tahirov –
“Mezozoy əhvalatı” və s.) xarakterik rollar yaradır. Aktyorun hər zaman diqqət mərkəzində olan
kino fəaliyyətini həmkarlarının bələdçiliyi
ilə izləyirik.
***
Əməkdar
mədəniyyət işçisi, bir çox filmdə ikinci
rejissor kimi çalışan Akif Rüstəmov: “Tofiq Mirzəyevin
kinoda debüt rolu görkəmli kinorejissor Arif Babayevin
quruluş verdiyi “Uşaqlığın son gecəsi” (1968)
filmindəki Rüfət obrazıdır. Ariflə Tofiq
yaxın dost idilər. Həmin vaxtlarda da Tofiq
musiqiçi kimi çox tanınırdı, əsl incəsənət
adamı idi. Ziyalılığına,
istedadına görə şəhərin
sayılıb-seçilənləri sırasında idi. Etiraf edim ki, ilk dəfə onu görəndə
qürurlu, mədəni davranışı, xarici aktyorlara bənzəyən
siması mənə çox xoş təsir
bağışladı. Həmin illərdə
çəkilən filmlərdə peşəkar aktyorlarla
yanaşı, mövzuya uyğun gələn insanları da
çəkirdilər. Arif müəllim də
bu üsuldan istifadə edirdi. Məsələn,
sözügedən filmdə Xosrov Abdullayevi Moskvadan (aktyor
Siyavuş Şəfiyevin məsləhəti ilə) Məcnun
roluna dəvət etdi. O, Moskva Dövlət Sirkində
jonqlyor, illüzionist işləyirdi, Siyavuş Şəfiyev
isə həmin vaxtlarda Bakı Sirkində fəaliyyət
göstərirdi. Sürücü rolunu
canlandıran Rafiq Tağıyev mağaza müdiri, Tofiq Mirzəyev
isə tanınmış musiqiçi idi. Göründüyü
kimi, fərqli peşə sahiblərinin və Tofiq Mirzəyevin
inandırıcı ifası filmin uğuruna uğur qatdı.
Tale elə gətirdi ki, Tofiq Mirzəyevlə “Nəsimi”
filminin çəkilişləri zamanı da
görüşdük. Görkəmli kinorejissor Həsən
Seyidbəyli Tofiqi filmlərdən tanıyırdı və
Dövlət bəy roluna onu sınaq çəkilişi etmədən
təsdiqlədi. Filmin çəkilişlərinə
hazırlıq dövründə Tofiq müəllimlə iki
ay məşq etdi. Çəkilişlərdən əvvəl
onun həyəcan keçirdiyi hiss olunurdu, amma bunu kamera
qarşısında göstərmirdi. Bir kadra
üç dubldan çox çəkilmirdi. İşinə məsuliyyətlə
yanaşdığından Həsən müəllim rol
üçün nə lazım idisə Tofiq müəllimdən
alırdı, həmişə ondan razı qalırdı.
Bəlkə də o, musiqiçi olduğu
üçün təbiət etibarilə sakit insandır. Yadımdadır,
fasilə zamanı həmişə musiqi haqqında
danışırdı. Onun bir dəfə də olsun səsini
qaldırdığını, nədənsə narazı
qaldığını görməmişəm...”.
***
Azərbaycan
Kinematoqrafçılar İttifaqının katibi, kinorejissor
Oleq Səfərəliyev: “Tofiq Mirzəyev peşəkar aktyor,
gözəl dost və gözəl insandır. Onu
quruluş verdiyim “Əlvida, cənub şəhəri” filmində
çəkmişəm. Baxmayaraq ki, birgə işlədiyimiz
vaxtdan 16 il ötür, amma yenə də işimiz haqqında
gözəl xatirələrim, düşüncələrim
var. Onu da qeyd edim ki, Tofiq Mirzəyev hələ sovet dönəmində
çəkilən filmlərimizdə kinomuzun ziyalı
simasını tamaşaçılara tanıtdıran aktyordur
və hər bir işinə həmişə böyük məsuliyyətlə
yanaşır”.
***
Əməkdar
incəsənət xadimi, kinooperator Kənan Məmmədov:
“Gözəl aktyor, gözəl insan, əsl ziyalı Tofiq Mirzəyevlə
çoxdan tanışam və dostluğumuz hələ də
davam edir. O, hazırda İsraildə yaşayır, amma
Bakıya gələndə görüşürük. Tofiq çox maraqlı insandır. Onunla ünsiyyətdə olmaq mənim
üçün xoşdur. Caz musiqisindən
danışanda bu sahəyə aid olan bir çox məlumatları
ondan alırıq. Mən Tofiqi iki filmdə
– kinorejissorlar Rasim Ocaqovun “Təhminə” və Tofiq
İsmayılovun “Xüsusi vəziyyət” filmlərində
çəkmişəm. Tofiq Mirzəyev
bir aktyor kimi materialı çox öyrənən, ondan tələb
olunan dramaturji materialın incəliyini son dərəcə
başa düşən aktyordur.
“Təhminə” filmində Muxtar obrazı həcm
etibarılə kiçik olsa da, aparıcı roldur. Filmdə Tofiqlə çox
gözəl çəkilişlərimiz oldu və onun
oynadığı epizod filmdə baxımlı epizodlardan biri kimi
alındı.
Ümumiyyətlə, Tofiq Mirzəyev çox dəqiq
insandır. Çəkilişə gələndə ondan, bir dəfə
də olsun, mətni bilmirəm sözünü eşitmədim.
Dəqiq bilirdi ki, ondan nə tələb olunur və
qısa məşqdən sonra da çəkilişə
başlayırdıq. Heç vaxt çəkilişlərə
gecikməzdi, vaxtında gəlib qrimlənirdi, çəkilişlərə
başlayardıq. Buna görə də onunla işləmək
mənim üçün maraqlı idi...”.
Heç
vaxt özünü məşhur aktyor kimi aparmırdı
Əməkdar
artist Elxan Yunisin sənətkar haqqındakı fikirləri
düşüncələri zənginləşdirir: “Tofiq
müəllimlə “Kənar adamlar” filminin çəkilişləri
zamanı görüşdüm. Mən həmin
filmdə baş rollardan birini (Ruslan) canlandırırdım, o
isə vəkil rolunu oynayırdı. O, tanınmış,
hörmətli bir aktyor idi, mənsə ilk dəfə idi
kamera qarşısında dururdum. Belə məşhur
aktyorla tərəf-müqabili olmaq mənim üçün həm
şərəfli idi, həm də məsuliyyətli. Tofiq müəllimlə ancaq çəkiliş
meydançasında görüşsək də, insani keyfiyyətlərinə
də bələd olurdum. Heç vaxt
özünü məşhur aktyor kimi aparmırdı. Sadə, səmimi xüsusiyyətləri mənə
rahatlıq gətirirdi. Mülayim, səmimi
keyfiyyətlərinə görə də onunla işləmək
asan idi. Tofiq Mirzəyev ünsiyyətcil,
rahat insan, tərəf-müqabili kimi isə olduqca peşəkar
aktyordur”.
İndi də onu çəkmək olar
Kənan müəllimin bələdçiliyi ilə davam edirik: “Xüsusi vəziyyət” filmi gərgin süjetli bir filmdir. Baş rollarda Siyavuş Aslan və Tofiq Mirzəyev çəkiliblər. Tofiq həmin filmdə mühəndis Dəmir rolunu oynayır. Film şəxsi həyatda baş verən romantik münasibətlərlə yanaşı, dramatik situasiyalarla dolu iş həyatının çətinliyini də əks etdirir. Filiz kombinatında qəza baş verir. Hər iki qəhrəman çətin vəziyyətə düşür, tuneldə qalmağa məcbur olurlar. Fövqəladə vəziyyətdən çıxış yolunu axtardıqca da fərdi xüsusiyyətləri ortaya çıxır. Beləliklə də, onların arasında olan ziddiyyətli münasibətlərə, həyat mövqelərinə aydınlıq gətirilir.
Natura çəkilişləri əsasən Daşkəsəndə olub. Ayyarım kino ezamiyyətində olmuşuq və Tofiq Mirzəyevlə əsasən o zaman dostlaşdıq. Onunla bağlı çəkilişlər əsasən yerin altında, tuneldə oldu. Kadrlardan da göründüyü kimi, orda aktyorlar üçün, həmçinin Tofiq Mirzəyev üçün müəyyən çətinliklər var idi. Amma buna baxmayaraq o, həmişə deyirdi ki, siz narahat olmayın, nə etmək, necə etmək lazımdır deyin, mən hazıram.
Tofiq mənim xətrimi çox istəyirdi, bunu da həmişə qeyd edirdi. Biz onunla rol və epizodlar haqqında uzun-uzun söhbət edirdik. Həmişə mənə deyirdi ki, Kənan, mənə aid olan kadrların, epizodların çəkilməsində mənə çox kömək edirsən. Tunel dekorasiyasının müəyyən bir hissəsini Bakıda metronun tikilən stansiyalarının birində çəkdik, qəza səhnəsini isə kinostudiyanın pavilyonunda.
Tofiqin Siyavuş Aslanla da maraqlı münasibəti
var idi. Onlar
bir-birlərinə çox hörmət edirdilər. Aralarında
olan xoş münasibətin prototiplərə heç bir
aidiyyəti yox idi. Çünki hərəsi
öz rolunun şəxsində müəlliflərin
ideyasını daşıyırdı.
Tofiq Mirzəyev haqqında çox söz demək olar. Təəssüf
edirəm ki, mən onunla ancaq iki filmdə işlədim.
90 yaşını qeyd edən sənət
dostuma cansağlığı arzulayıram.
Düşünürəm ki, cazibəli fakturasına, sifət
quruluşuna, özünəməxsus jestlərinə görə
elə indi də onu çəkmək olar...”.
Şəhla ƏMİRLİ
Kinoşünas
Mədəniyyət.- 2022.- 10 iyun.-
S.7.