Dövlət Film Fondunda Amaliya Pənahovanın
şəxsi arxivi yaradılıb
İyunun 15-də görkəmli teatr və kino aktrisası, Dövlət mükafatı laureatı, Xalq artisti Amaliya Pənahovanın (1945-2018) anadan olmasının 78-ci ildönümü tamam olacaq.
Bu ərəfədə Azərbaycan Dövlət Film Fondunda aktrisanın şəxsi arxiv fondu yaradılıb. Fonda sənətkarın 80 nadir fotoşəkli, kitabları, şəxsi sənədləri, haqqında materiallar dərc olunmuş qəzet və jurnallar daxil edilib. Materiallar aktrisanın qızı Aynur Muxtarova tərəfindən təqdim olunub.
Bu günlərdə Dövlət Film Fondunda sənətkarın şəxsi arxiv materialları ilə tanış oldum.
Qarşımda üç səliqəli şəkildə yığılmış ağ-qara haşiyəli qutu var. Birinci qutu şəxsi sənədlərdən ibarətdir. Bir sənətkar ömrünün müxtəlif mərhələləri, bir dövrün ab-havası. Amaliya Pənahovanın doğum şəhadətnaməsindən tutmuş elmlər namizədi elmi dərəcəsi, professor elmi adı, fəxri adlarının, “Şöhrət” və “Şərəf” ordenlərinin vəsiqələrinə, müxtəlif yaradıcı təşkilatların təqdim etdiyi mükafatlara qədər...
Hər bir sənəd bir yaradıcı qadın taleyinin, sənət uğurlarının nişanəsidir.
İkinci qutu da maraqlı sənədlərlə zəngindir. Burada aktrisa haqqında yazılan qəzet və jurnal məqalələri, saytlarda dərc edilən materiallar və fotoşəkillər (kompakt disk formatında) toplanıb. 1960-cı illərin ortalarından – Amaliya xanımın səhnə və ekran uğurlarının şöhrəti geniş yayılmağa başlayandan vəfatınadək, hətta ondan sonra mətbuatda dərc olunan materiallar da bu qutuda yer alıb. Bunların arasında müxtəlif vaxtlarda “Mədəniyyət” qəzetində dərc olunmuş materiallar üstünlük təşkil edir.
Qəzet səhifələrində rast gəldiyim, sənətkarın dilindən verilmiş “Sənət amansız məkandır”, “Bir aktrisa kimi xoşbəxtəm ona görə ki, dramaturqlar yeni əsərlərində mənim üçün hər zaman rol yazırdılar” fikirləri zamanında Amaliya xanımın nə qədər tələbatlı və sevilən səhnə və ekran siması olduğunu göstərir. “Qobustan” dərgisində aktrisa haqqında yer alan yazılar da diqqətimi çəkir. Qovluqda aktrisaya həsr olunan və özünün ifasında yaddaşa köçürülmüş şeir və mahnılar da (CD formatında) yer alıb.
Bir neçə qovluqdan ibarət üçüncü qutuda teatrşünas, Əməkdar incəsənət xadimi, professor İlham Rəhimlinin aktrisaya həsr etdiyi “Səhnə sehrinin sirdaşı” monoqrafiyası (2005), Əməkdar mədəniyyət işçisi, jurnalist Telli Pənahqızının aktrisanın həyat yoldaşı, aktyor, Xalq artisti Yusif Muxtarovdan bəhs edən “Səsin xiffəti” (2012), Əməkdar mədəniyyət işçisi Rafiq Rəhimlinin sənətkar haqqında “Teatr kraliçası” (2005) kitabları var.
Daha bir qovluq isə Amaliya xanımın özünün müəllifi olduğu “Obrazın yaranma prosesində aktyor yaradıcılığında ikinci planın təcəssüm vasitələri” monoqrafiyasıdır. Monoqrafiya sənətkarın doktorluq dissertasiyasıdır.
Amaliya Pənahovanın arxiv fondu ilə tanışlıq üçün yaratdığı şəraitə görə Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyevə təşəkkür edib məkandan ayrılıram.
Ancaq aktrisanın zəngin yaradıcılıq yolu, canlandırdığı obrazlar isə kino lenti kimi gözümün önündən getmir. Rol aldığı tamaşalarda, filmlərdə izlədiyim, daha sonralar görüşdüyüm, müsahibə aldığım sənətkar haqqında, onun arxivi barədə keçmiş zamanda bəhs edəcəyimi ağlıma gətirməzdim...
Amaliya Pənahova 1945-ci ildə Gəncə şəhərində anadan olub. 1966-cı ildə M.Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun Dram və kino aktyorluğu ixtisasını bitirib. 1964-cü ildən teatr və kinoda beş yüzdən artıq obraz yaradıb. 1974-cü ildə “Əməkdar artist”, 1985-ci ildə isə “Xalq artisti” fəxri adlarına layiq görülüb, “Şöhrət” (1995), “Şərəf” (2013) ordenləri ilə təltif olunub.
Onun aktrisa kimi teatr sevgisi bir başqa, kino sevgisi isə tamam fərqli idi deyir, sənətşünaslar. Elə bu səbəbdən də obrazları daima maraqla qarşılanırdı.
Sənətkar həmçinin bacarıqlı rejissor kimi də özünü sınadı. 43 illik sənət fəaliyyəti dövründə 12 televiziya və teatr tamaşasına quruluş verdi ki, bunların da əksəriyyəti lentə alınıb, hazırda televiziyanın “qızıl fond”unda saxlanılır.
O həm də teatr təşkilatçısı idi. 1992-ci ildə Bakı Bələdiyyə Teatrını yaradan aktrisa teatra orta və yaşlı nəsil aktyorları cəm etmişdi. Daha sonralar isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru kimi dərs dediyi tələbələrin əksəriyyətinə Bakı Bələdiyyə Teatrının səhnəsində meydan vermişdi.
30-a yaxın filmdə bir-birindən maraqlı rollar oynayan aktrisa, bir o qədər filmi də səsləndirib, obrazların təsir gücünü daha da artırıb.
2018-ci ilin 8 noyabr tarixində dünyasını dəyişən aktrisa yaratdığı obrazlarla özünə əbədi ömür qazanıb. O, elə bil aktrisa doğulmuşdu. Müsahibələrinin birində belə demişdi: “Görünür, hər bir adamın taleyi, eləcə də sənəti hələ dünyaya gəlməzdən əvvəl müəyyən olunur...”.
Lalə Azəri
Mədəniyyət.- 2022.- 10 iyun.-
S.1;3.