Azərbaycan-Pakistan əlaqələri strateji tərəfdaşlıq xarakteri daşıyır
İyunun 9-da Xarici İşlər Nazirliyində Azərbaycan Respublikası və Pakistan İslam Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə tədbir və sərgi keçirilib.
Tədbirdə çıxış edən xarici işlər nazirinin müavini Elnur Məmmədov Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra onu tanıyan ilk dövlətlərdən birinin Pakistan olduğunu diqqətə çatdırıb. İki ölkənin müxtəlif sahələrdə əlaqələrinin strateji tərəfdaşlıq xarakteri daşıdığını deyən nazir müavini Ermənistan-Azərbaycan münaqişəsi dövründə, 44 günlük Vətən müharibəsi zamanı, eləcə də postmünaqişə dövründə Pakistanın Azərbaycana siyasi dəstək göstərdiyini minnətdarlıqla vurğulayıb.
Pakistanın Azərbaycandakı səfiri Bilal Haye çıxış edərək iki ölkə münasibətlərinin ümumi tarixi, dini və mədəni köklərə malik olduğunu bildirib. Ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli çərçivədə səmərəli əməkdaşlığın qurulduğunu deyən səfir münasibətlərin bundan sonra daha da inkişaf edəcəyinə inamını ifadə edib.
Tədbir iştirakçıları Azərbaycan-Pakistan
diplomatik münasibətlərinin 30 illiyinə
həsr edilmiş sərgi ilə
tanış olublar.
Mədəniyyət.- 2022.- 10 iyun.-
S.1.