Mədəni-mənəvi zənginliklərimizi
yaşadaq
Xalq oyun nümunələri yarandığı dövrdən bu günə kimi mənsub olduğu xalqların yaşayış tərzini, etnik-mədəni, mənəvi dəyərlərini, adət-ənənə və inanclar sistemini özündə əks etdirir. Dərin köklərə malik xalq oyunları zaman keçdikcə müəyyən dəyişikliyə uğramasına baxmayaraq, onların əksəriyyətində əsas əlamətlər qorunub saxlanılıb.
Bəzi oyun nümunələrində əzmkarlıq, güc, dözüm və cəldlik, bəzilərində isə mənəvi-psixoloji keyfiyyətlər, lirik, poetik məqamlar özünü qabarıq şəkildə göstərir. Onların bir çoxu sadə hərəkətli olmaqla söz və səs komponentlərindən ibarətdir.
Yağış yağdırmaq, külək əsdirmək, ocağı alovlandırmaq, məhsul toplamaq, ov etmək qaydaları, od başında rəqs etmək və bu kimi başqa oyun hərəkətləri Qobustan qayaüstü təsvirlərində əks olunub. Mərasim oyunları dedikdə müəyyən bir kollektivin kütləvi şəkildə həyata keçirdiyi müxtəlif hərəkətlər nəzərdə tutulur. Bu oyun nümunələri arasında uşaq oyunları da özünəməxsusluğu ilə fərqlənir. Uşaqların sevdiyi gizlənqaç, topaldıqaç, çilingağac, hiltop, qaçdı-qovdu, qıyqılıc-qıymaqılıc, dəsmal atdı, şən və hazırcavablar klubu, eyni zamanda təşkil olunmuş hər hansı bir mədəni-kütləvi tədbirdə xorla oxunan müxtəlif növ mərasim nəğmələrinin müşayiəti ilə ifa edilən folklor rəqsləri mədəni-mənəvi zənginliyimizdən xəbər verir.
Mədəniyyət müəssisələrində fəaliyyət göstərən rəqs dərnəklərində unudulmuş qədim xalq oyunlarının öyrənilərək təbliğ edilməsi olduqca vacibdir. Folklor evlərində bu istiqamət üzrə fəaliyyət təcrübəli mədəniyyət işçilərinin rəhbərliyi altında həyata keçirilsə, daha effektiv olar. İştirakçıların yaş xüsusiyyətləri nəzərə alınmaqla xalq oyunları haqqında məlumat saatları, məruzələr təşkil etmək mümkündür. Keçiriləcək tədbirlərdə oyunların hansı mərasim və adət-ənənələrlə bağlı olduğu öyrənilməlidir. Yerlərdə keçirilən kütləvi şənliklərdə, asudə vaxtlarda milli və dünyəvi xalq oyunlarından istifadə ilə bağlı da söhbətlər aparılmalıdır.
Folklor evlərinin təşkil etdiyi tədbirlərdə həmin ərazilərdə yaşayan etnik qrupların iştirakı da nəzərə alınmalıdır. Bundan əlavə, klub müəssisələri arasında xalq oyunlarının təbliği məqsədilə müsabiqə və festivallar keçirmək də bu mənada effektiv olar.
Bu gün müasir texnoloji yeniliklər mədəniyyətlərin mübadiləsini daha da sürətləndirib. Bu prosesdə xalqların malik olduğu mədəni zənginlikləri qoruyub yaşatmaları və təbliğ etmələri çox vacibdir. Biz etnik-mədəni sistemimizə yad olan mütərəqqi əhəmiyyət kəsb etməyən axınlara tarixi-mədəni mirasımız və xalq yaradıcılığı nümunələrinin yaşadılması ilə müəyyən qədər cavab verə bilərik. Ona görə də mədəni zənginliklərimiz gənclərə daha effektiv şəkildə təbliğ olunmalı, məqamı gələndə onların özləri də mədəniyyətimizin təbliğatçılarına çevrilməlidirlər. Bir sözlə, etnik-mədəni varlığımız mədəni-mənəvi dəyərlərimizin qorunması, öyrənilib təbliğ olunmasından asılıdır.
Dahilər deyib ki, ən dəhşətli müstəmləkə yad mədəniyyətlərlə gələn zəhərli təsirlərdir. Bu gün dövlətimizin həyata keçirdiyi bir sıra yerli və beynəlxalq əhəmiyyətli layihələr, mədəni proqramlar bu sahədə niyyət və məramımızın göstəricisidir.
Gəlin, dövlətimizin bu istiqamətdə reallaşdırdığı layihələrə biz də dəstək olaq. Xalqımıza məxsus mədəni sərvətləri yaşadaq və gələcək nəsillərə ərməğan edək.
Mahir Əbilov
Sabirabad
rayonu Güdəcühür
kənd Folklor evinin direktoru
Mədəniyyət.- 2022.- 17 iyun.-
S.7.