Fikrət Əmirovun 100 illik yubileyi Şəkidə və Qəbələdə qeyd olunub

 

Dünya şöhrətli Azərbaycan bəstəkarı Fikrət Əmirovun 100 illiyi Prezident İlham Əliyevin 2022-ci il 15 mart tarixli sərəncamına uyğun olaraq ölkəmizdə və onun hüdudlarından kənarda silsilə tədbirlərlə qeyd edilir.

 

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin qrantı əsasında Fikrət Əmirovun 100 illiyinə həsr olunmuş layihəni həyata keçirən “İrsimizin tədqiqi və təbliği” İctimai Birliyi də yubileyə öz töhfəsini verir.

 

İyunun 9-da “İrsimizin tədqiqi və təbliği” İctimai Birliyinin təşkilatçılığı ilə bəstəkarın 100 illik yubileyi Şəki Dövlət Regional Kollecində qeyd olunub.

 

Tədbirdə kollecin direktoru Sərdar Şərifov və ictimai birliyin sədri, Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızı çıxış edərək Fikrət Əmirovun sənət irsindən söz açıblar. Sonra S.Təhmirazqızının ssenarisi əsasında “Azərbaycantelefilm” Yaradıcılıq Birliyində çəkilən “Fikrət Əmirov” filmi nümayiş olunub.

 

Tədbir Şəki Dövlət Regional Kolleci tələbələrinin ifasında konsert proqramı ilə davam edib. Konsertdə Fikrət Əmirovun “1001 gecə” baletindən “Oxatanların rəqsi”, “Sevil” operasından Sevilin və Dilbərin ariyaları, “Göygöl”, “Laylay” mahnıları, “Gözün aydın” musiqili komediyasından Leylinin mahnısı və qızların xoru səslənib.

 

İrsimizin tədqiqi və təbliği” İctimai Birliyinin təşkilatçılığı ilə Fikrət Əmirovun 100 illiyinə həsr olunan növbəti tədbir iyunun 10-da Qəbələ Mədəniyyət Mərkəzində keçirilib.

 

Tədbiri İsmayıllı Regional Mədəniyyət İdarəsinin baş  məsləhətçisi, Qəbələ rayonu üzrə nümayəndə Nargilə Qafarova açaraq iştirakçıları salamlayıb.

 

Səadət Təhmirazqızı çıxış edərək Fikrət Əmirovun 100 illiyinin ölkəmizdə geniş şəkildə qeyd olunmasından söhbət açıb.

 

Qəbələ İncəsənət məktəbinin müəllim və şagirdlərinin ifasında Fikrət Əmirovun əsərlərindən nümunələr təqdim olunub. Sonra Fikrət Əmirova həsr edilmiş film nümayiş olunub, bəstəkarın yaradıcılığı barədə fikir mübadiləsi aparılıb.

 

Layihə çərçivəsində Şəki və Qəbələdə keçirilən tədbirlərin yerli ictimaiyyət tərəfindən maraqla qarşılanması böyük bəstəkarın musiqi irsinin əbədiyaşarlığının ifadəsidir.

 

Fidan Nəsirova

BMA-nın elmitədqiqat laboratoriyasının elmi işçisi

 

Mədəniyyət.- 2022.- 17 iyun.- S.7.