Çağrıtəpə abidəsində Neolit dövrünün izləri

 

AMEA Arxeologiya, EtnoqrafiyaAntropologiya İnstitutunun ekspedisiyası üç ildir Ağstafa rayonunun Xətai kəndi ərazisində Neolit dövrünə aid yaşayış yerində arxeoloji tədqiqatlar aparır.

 

Ekspedisiya qrupu tərəfindən ərazidən zəngin maddi mədəniyyət nümunələri əldə edilib. Son nailiyyətlərdən biri də dairəvi şəkildə olan kompakt düşərgədə tikililərin aşkar edilməsidir.

 

Ekspedisiyanın rəhbəri, professor Nəcəf Müseyibli bildirib ki, abidə sovet dövründən məlum olsa da, onun tədqiqinə son illərdə başlanılıb. Burada aşkar olunmuş bütün tapıntılar abidənin Neolit dövrünə məxsusluğunu, yəni təxminən 8 min il yaşı olduğunu söyləməyə əsas verir. Bu abidənin qədim sakinləri əkinçilik, maldarlıq və sənətkarlıqla məşğul olublar. Aşkar olunmuş tapıntılar müxtəlif daşlardan, obsidiandan və sümükdən hazırlanmış məişət əşyalarından ibarətdir.

 

Alim qeyd edib ki, hazırda 200 kvadratmetrlik ərazidə arxeoloji qazıntılar davam edir. Artıq üst qatda aşkara çıxmış maddi mədəniyyət nümunələri götürülüb. Aparılan qazıntılar bölgənin Neolit dövrünün araşdırılması üçün olduqca əhəmiyyətlidir. Eyni zamanda qazıntılar ərazinin Azərbaycanın Cənubi Qafqaz və Yaxın Şərq mədəniyyəti sistemlərində yerini müəyyənləşdirməyə imkan verir.

 

Mədəniyyət.- 2022.- 17 iyun.- S.6.