Sabirin satiraları müsəlman Şərqində intibah, oyanış səsləri idi...

 

Şamaxıda Sabir poeziya günü

 

 

 

Xəbər verdiyimiz kimi, bu il görkəmli şair, maarifçi-pedaqoq Mirzə Ələkbər Sabirin (1862-1911) anadan olmasının 160, həmçinin söz ustadının adı ilə şərəflənən, 1962-ci ildə əsası qoyulan poeziya bayramının – “Sabir poeziya günləri”nin 60 illiyidir.

 

İyunun 12-də Şamaxıda rayon İcra Hakimiyyəti və Azərbaycan Yazıçılar Birliyinin (AYB) birgə təşkilatçılığı ilə “Sabir poeziya günləri” çərçivəsində satirik şeirimizin ustadının yubileyi münasibətilə elmi-praktik konfrans keçirilib.

 

Tədbirdə AYB-nin sədri, Xalq yazıçısı Anar, rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Milli Məclisin deputatı Tamam Cəfərova, Mirzə Ələkbər Sabir Fondunun rəhbəri Sevda Tahirli, tanınmış ədəbiyyat, elm, mədəniyyət və incəsənət xadimləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

 

Konfrans iştirakçıları öncə M.Ə.Sabirin Şamaxının Yeddi günbəz qəbiristanlığında məzarını ziyarət edib, önünə tər çiçəklər düzüblər.

 

Sonra böyük sənətkarın ev-muzeyi və adını daşıyan parkdakı heykəli də ziyarət olunub.

 

Şamaxı rayon Mədəniyyət Mərkəzində gerçəkləşən konfransın moderatoru AYB Şirvan bölməsinin rəhbəri, yazıçı Orxan Fikrətoğlu sözü Xalq yazıçısı Anara verib. AYB-nin sədri şairin satiralarını müsəlman Şərqində bir intibah, oyanış kimi qiymətləndirib, Sabir poeziyasının ölməzliyini, bənzərsiz söz ustadının fikirlərinin hər zaman aktual olduğunu diqqətə çatdırıb. Anar Sabirin uşaq şeirlərindən nümunələr söyləyib, bu poetik örnəkləri hər bir azərbaycanlının əzbər bildiyini deyib.

 

Mirzə Ələkbər Sabir Fondunun rəhbəri, şairin nəvəsi Sevda Tahirli elmi-praktik konfransın təşkilatçılarına təşəkkürünü bildirib, rəhbərlik etdiyi fondun həyata keçirdiyi layihələr barədə məlumat verib. O, şairin 160 illiyinə həsr olunan filmin çəkildiyini və filmdə sovet dönəmində Sabir yaradıcılığına yanlış yanaşmanın olduğunu söyləyib.

 

Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov Sabirə göstərilən dövlət qayğısından, ustad sənətkara olan xalq məhəbbətindən söz açıb.

 

Konfransda çıxış edən “Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə, AYB-nin katibi İlqar Fəhmi, “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, filologiya elmləri doktoru Abid Tahirli və başqaları 1961-ci ildən başlayaraq hər il şairin doğum günündə keçirilən “Sabir poeziya günləri”nin əhəmiyyətindən danışıblar.

 

Tədbirdə gənc yazarlar Sabirə həsr etdikləri şeir və qəzəllərini səsləndiriblər.

 

Mədəniyyət.- 2022.- 17 iyun.- S.1;4.