İrsin idarə olunmasında bacarıqların inkişafı

 

Təlim proqramı 4 gün davam edib

 

 

 

UNESCO-nun Dünya mədəni və təbii irsinin qorunmasına dair 1972-ci il Konvensiyası çərçivəsində Bakıda “İrsin idarəedilməsi bacarıqlarının inkişafı” mövzusunda treninq keçirilib. İyunun 13-də başlayan təlim proqramı dörd gün davam edib.

 

Açılışda çıxış edən təlim proqramının rəhbəri, Azərbaycan Yaradıcı Sənayelər Federasiyası İdarə heyətinin sədri Vasif Eyvazzadə Mədəniyyət Nazirliyi, Dövlət Turizm Agentliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Memarlıq və İnşaat Universiteti nümayəndələrinin ilk dəfə irsin idarəedilməsi mövzusunda belə  bir layihədə iştirak etdiyini bildirib. Qeyd edib ki, bu amil ümumi və birgə fəaliyyət üçün yaxşı zəmin yaradacaq. V.Eyvazzadə daha sonra UNESCO-nun müvafiq konvensiyası, sahə üzrə idarəetmə orqanları, Dünya irsi siyahısı, məşvərətçi təşkilatlar, Azərbaycanın bu proseslərdə rolu barədə təqdimatla çıxış edib.

 

Tədbirdə çıxış edən Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli təlim təşəbbüsünü yüksək qiymətləndirərək, ölkəmizdə bu sahə üzrə ekspertlərə böyük ehtiyac olduğunu deyib.  İşğaldan azad olunan ərazilərdə mədəni irsin inventarlaşdırılması və bərpası ilə bağlı nazirliyin qarşısında böyük vəzifələrin durduğunu qeyd edən A.Cəfərli gələcəkdə digər konvensiyalarla bağlı belə təlimlərin təşkilinin vacibliyini də diqqətə çatdırıb.

 

V.Eyvazzadə UNESCO-nun qeyri-maddi mədəni irsin qorunmasına dair 2003-cü il, silahlı münaqişə zamanı mədəni mülkiyyətin qorunmasına dair 1954-cü il, mədəni özünüifadə müxtəlifliyinin qorunması və inkişafına dair 2005-ci il və mədəni mülkiyyətin qanunsuz dövriyyəsi ilə bağlı 1970-ci il konvensiyaları çərçivəsində də təlim modullarının hazırlandığını və yaxın zamanda həyata keçiriləcəyini diqqətə çatdırıb.

 

Tədbir “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri, mədəni irs üzrə ekspert Elsevər Məmmədovun “İrs idarəetməsinə giriş və idarəetmənin effektivliyi və qiymətləndirilməsi” mövzusunda təlimi ilə davam edib. O, təmsil etdiyi qurumun və eləcə də Dünya irsi siyahısında olan bəzi obyektlərin timsalında idarəetmə ilə bağlı yanaşmalar/ssenarilər, idarəetmənin planlanması, icrası və monitorinqinə dair vacib bilgiləri iştirakçılarla bölüşüb.

 

Təlimin yekununda interaktiv metodlardan istifadə edilməklə konkret nümunələr üzərindən sual-cavab sessiyası keçirilib.

 

Qeyd edək ki, Mədəniyyət Nazirliyinin sifarişi, Dövlət Turizm Agentliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin tərəfdaşlığı və Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının dəstəyi ilə reallaşan treninq 4 əsas mövzuya həsr olunub: Milli/yerli kimliyi əks etdirən və cəmiyyətin iqtisadi inkişafına töhfə verən yerlər kimi mədəni irsdə ən yaxşı təcrübələr; Mədəni irs siyasəti və institutları. Konvensiyadan mövzular və qeydlər; Maddiqeyri-maddi irs və dayanıqlı inkişaf; Mədəni irsin cəmiyyətin sosial-mədəni inkişafında rolu (ən yaxşı təcrübələr, çağırışlar və imkanlar). Treninq iştirakçılarının bu sahədə səriştə və bacarıqlarının artırılması, həmçinin ölkəmizin beynəlxalq mədəniyyət və yaradıcılıq fəaliyyətlərinin səmərəli təşkilinə töhfə verəcək.

 

 

Mədəniyyət.- 2022.- 17 iyun.- S.3.