Fikrət Əmirovun 100 illiyi
münasibətilə
İctimai birliyin daha bir tədbiri
Sumqayıtda keçirilib
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin qrant layihəsi çərçivəsində Fikrət Əmirovun 100 illiyinə həsr olunmuş silsilə tədbirlər təşkil edən “İrsimizin tədqiqi və təbliği” İctimai Birliyi daha bir tədbiri Sumqayıt şəhərinin 28 May Mədəniyyət evində keçirib.
Tədbirdə şəhərin mədəniyyət xadimləri, musiqi məktəblərinin müəllim və şagirdləri, Azərbaycan Milli Konservatoriyası nəzdində Sumqayıt Musiqi Kollecinin kollektivi iştirak ediblər.
Tədbirdə Sumqayıt şəhər Fikrət Əmirov adına 5 nömrəli Musiqi məktəbinin direktoru, Əməkdar mədəniyyət işçisi Vaqif Süleymanov, “İrsimizin tədqiqi və təbliği” İctimai Birliyinin sədri, Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızı çıxış ediblər. Dahi bəstəkar Fikrət Əmirovun zəngin irsindən söz açılıb, layihə haqqında məlumat verilib. S.Təhmirazqızının ssenarisi əsasında “Azərbaycantelefilm”də çəkilən “Fikrət Əmirov” sənədli filmi (rejissor Miri Rzayev) nümayiş olunub.
Sonra Sumqayıt Musiqi Kolleci və Fikrət Əmirov adına məktəbin müəllim və şagirdlərinin ifasında Fikrət Əmirovun musiqilərindən ibarət konsert proqramı təqdim edilib. Bəstəkarın “Sevil” operasından Sevilin ariyası, H.Cavidin “Şeyx Sənan” pyesinin tamaşasına yazdığı “Kor ərəbin mahnısı”, “Böyük dayaq” filmindən Pərişanın mahnısı, “Göygöl”, “Laylay”, “Reyhan” mahnıları səslənib.
Sonda tədbirin keçirilməsi üçün yaradılan şəraitə görə Sumqayıt Regional Mədəniyyət İdarəsinə təşəkkürünü bildirən S.Təhmirazqızı tərtibçi-müəllif olduğu, Azərbaycan Bəstəkarlar İttifaqının dəstəyi ilə nəşr olunan “İlham Əliyev və musiqi mədəniyyəti” kitabını F.Əmirov adına məktəbə hədiyyə edib.
Fidan Nəsirova
Mədəniyyət.- 2022.- 22 iyun.-
S.7.