Səhnə “Balaca
kişilər”indir
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının Vətən müharibəsi mövzusunda elan etdiyi pyes müsabiqəsinin nəticələrinə uyğun olaraq qalib əsərin məşqlərinə başlanıb. Qeyd edək ki, müsabiqədə yazıçı-dramaturq İlqar Fəhminin “Balaca kişilər” pyesi münsiflər heyəti tərəfindən qalib elan olunmuşdu.
Pyesə Əməkdar artist Nicat Kazımov quruluş verir. Tamaşanın tərtibatçı rəssamı Yekaterina Xaritonova, geyim rəssamı İradə
Heydərovadır. Döyüş və fəndlərin quruluşu İsa Əsədova, musiqi tərtibatı Zaur Rəşidova aiddir.
Səhnə əsərinin ilk oxunuş
günü teatrın
direktoru Naidə İsmayılzadə Qarabağ
Zəfərinə həsr
olunan tamaşanın məsuliyyətindən danışıb:
“Xalqımızın həyatında
ən önəmli hadisələrdən birini,
tarixi Qələbəni
səhnədən layiqincə
göstərməliyik. Arzu edirəm,
elə bir tamaşa qurulsun ki, qazilərimiz, o yerlərdə döyüşən
oğullarımız bizə
baxıb alqışlasınlar.
Yeni gələn nəsillər
bu gün baş verənləri, xalqımızın tarixindəki
bu parlaq hadisəni, böyük qələbəni həm də bizim tamaşadan
öyrənsinlər. Tarix kitabları hər şeyi olduğu kimi yazacaq, təqdim
edəcək. Sənətin isə vəzifəsi hadisələri daha dərin, daha təsirli əks etdirməkdir. Böyük qələbə
ilə yanaşı ağrılarımız da
var. Ayrı-ayrı ailələr
balalarını, əzizlərini
itirdilər. Amma bu hamımızın itkisidir.
Sənət həmin ağrıları
da ovutmağa çalışmalıdır”.
Quruluşçu rejissor N.Kazımov
bu mövzuda tamaşa qurmağın həm də vətəndaşlıq borcu
olduğunu qeyd edib: “Xatırlayıram ki, Xocalı soyqrımının onuncu
ildönümündə tamaşa
qurmuşdum. O zaman tamaşaçılar arasında
Qarabağdan məcburi
köçkün düşən
soydaşlarımız da
vardı. Məndən ötrü onların
səhnədə baş
verənlərə reaksiyası,
sonradan dedikləri fikirlər ən böyük dəyər idi. Onda anladım ki, sənət meyarları və peşəkarlıq
öz yerində, amma xalq üçün
belə həssas mövzularda əsərlər
qurulanda vətəndaşlıq
duyğuları hər
şeydən öndə
olmalıdır...”.
Qeyd edək ki, tamaşada
Əməkdar artistlər
Şövqi Hüseynov,
Rasim Cəfər, Elnur Kərimov, aktyorlar Araz Pirimov, Bəhram Həsənov, Hilal Dəmirov, Xaliq Bəkirov, Mətləb Abuşov, Ümman Budaqov, Nurlan Süleymanlı, Mirsənan
Kazımlı, İlhan
Sadıqov, Rəşad
Səfərov, Ramiq Nəsirov, Müşfiq Əliyev, Ceyhun Məmmədov, Anar Seyfullayev, Mirzəağa Mirzəyev, Əbülfəz
İsgəndərov rol
alıblar.
Səhnə əsəri yeni teatr mövsümündə
sənətsevərlərin görüşünə gələcək.
Mədəniyyət.- 2022.- 22 iyun.-
S.5.