Qazax ədəbiyyatı Azərbaycan dilində

 

Rəqəmsal kitabxana layihəsinin təqdimatı

 

İyunun 17-də Milli Kitabxanada Azərbaycan dilində rəqəmsal Qazax ədəbiyyatı kitabxanasının təqdimat mərasimi keçirilib. Layihə Mədəniyyət Nazirliyi, Qazaxıstanın Azərbaycandakı Səfirliyi və Milli Kitabxana tərəfindən həyata keçirilib.

Tədbiri Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açaraq bu il Azərbaycan və Qazaxıstan arasında diplomatik əlaqələrin 30 ilinin tamam olduğunu qeyd edib. Bildirib ki, ölkələrimiz bir çox sahələrdə, o cümlədən mədəniyyət sahəsində əməkdaşlıq edir. Azərbaycan Milli Kitabxanası da Qazaxıstan kitabxanaları ilə əlaqələrini genişləndirir.

Direktor vurğulayıb ki, həm Azərbaycan Milli Kitabxanasında, həm də Qazaxıstan Milli Akademik Kitabxanasında hər iki ölkənin tarixini, mədəniyyətini, ədəbiyyatını əhatə edən kitablardan ibarət daimi guşələr var. “Azərbaycan və Qazaxıstan arasında mədəniyyət sahəsində əlaqələri daha da genişləndirmək üçün biz Azərbaycan dilində qazax yazıçı və şairlərinin əsərlərindən ibarət elektron kitabxana yaratmağı qərara aldıq”, - deyə K.Tahirov əlavə edib.

Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkarimov bildirib ki, iki ölkə arasında münasibətlərin çoxəsrlik tarixi var. Ötən 30 il ərzində xalqlarımız arasında əlaqələr daha da möhkəmlənib və inkişaf edib: “Qazaxıstanın bir sıra universitetlərində və təhsil ocaqlarında Azərbaycana dair guşələr var. Azərbaycan Milli Kitabxanasında qazax ədəbiyyatı guşəsinin olmasını, Bakı küçələrindən birinin dahi qazax şairi Abay Kunanbayevin adını daşımasını, BDU-da Abay adına Qazax dili, tarixi və mədəniyyəti mərkəzinin açılmasını bu əlaqələrin möhkəmlənməsinə nümunə göstərə bilərik”.

Səfir diqqətə çatdırıb ki, ötən dövrdə qazax müəlliflərinin kifayət qədər zəngin kitab fondu toplanılıb, onların əsərləri Azərbaycan dilinə tərcümə olunub. Təqdim olunan rəqəmsal kitabxanada 50 kitab nümayiş olunur, onların arasında da A.Kunanbayevin, M.Auezovun və digərlərinin əsərləri yer alır.

Diplomat layihəyə verdiyi töhfələrə görə Kərim Tahirova təşəkkürünü bildirib və Azərbaycan dilində rəqəmsal Qazax ədəbiyyatı kitabxanasının elektron daşıyıcısını ona təqdim edib.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva çıxış edərək bildirib ki, Azərbaycan və Qazaxıstan arasında diplomatik əlaqələrin 30 illiyi ərəfəsində belə bir layihənin təqdimatı çox qürurvericidir. G.Əfəndiyeva qeyd edib ki, ötən 30 il ərzində əlaqələrimiz müxtəlif səviyyələrdə inkişaf edib. Təqdim olunan rəqəmsal kitabxana bütün oxuculara Azərbaycan dilində qazax ədəbiyyatı ilə tanışlıq imkanı verəcək, xalqlarımızı daha da yaxınlaşdıracaq.

Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, Xalq yazıçısı Çingiz Abdullayev müxtəlif dillərdə, həmçinin müxtəlif xalqların ədəbiyyatının oxunmasının gənclərimiz üçün əhəmiyyətindən danışıb. O, ümidvar olduğunu bildirib ki, layihədə yer alan kitabların sayı tezliklə artacaq və belə formatlı layihələr digər türk xalqları ilə davam etdiriləcək.

Bakı Slavyan Universitetinin professoru Nizami Məmmədov-Tağısoy, BDU-nun Türkologiya kafedrasının müdiri Ramiz Əskər, kafedranın professoru Firuzə Ağayeva və digər çıxış edənlər layihə haqqında fikirlərini bölüşüblər.

Sonda Milli Kitabxananın qazax şairi və mütəfəkkiri Abay Kunanbayevə həsr olunmuş virtual sərgisi iştirakçılara təqdim olunub.

 

Mədəniyyət.- 2022.- 22 iyun.- S.6.