Qarabağın tacı – mədəniyyət paytaxtımız

 

Regional mədəniyyət idarələrinin əhatə etdiyi müəssisələrdə “Şuşa İli” münasibətilə tədbirlər davam edir.

Bərdə RMİ-nin əhatə etdiyi Yevlax şəhər 2 nömrəli Musiqi məktəbinin təşkilatçılığı ilə Yevlax şəhər Yaradıcılıq evində “Şuşa İlin mübarək olsun, Vətən!” adlı tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə “Şuşa İli”nə həsr olunmuş rəsm sərgisinə baxıblar. Sonra regional idarənin rəisi Vəsilə Möhsümova çıxış edərək bildirib ki, tədbirin məqsədi milli-mənəvi keçmişimizi özündə yaşadan, tarixi əhəmiyyəti ilə xalqımız üçün müstəsna dəyərə malik olan Qarabağın, o cümlədən Şuşanın zəngin mədəniyyətini, tarixini, təbiətini tanıtmaq, təbliğ etməkdir. Sonda məktəbin “Qarabağ inciləri”, “Saz” və “İlkin” ansambllarının ifasında şuşalı bəstəkarların musiqiləri səsləndirilib.

***

 

Xaçmaz RMİ Qusar rayon Mədəniyyət Mərkəzi Yuxarı Qələnxur kənd klubunda “Qarabağın tacı – Şuşamövzusunda mədəni-kütləvi tədbir keçirilib. Tədbirdə RMİ-nin Qusar rayonu üzrə nümayəndəsi Elnur Eldarov, rayon Heydər Əliyev Mərkəzinin direktoru Neva Abdurahmanova, Mədəniyyət Mərkəzinin direktoru Reyhan Həsənova və başqa qonaqlar, ictimaiyyət nümayəndələri, məktəblilər iştirak ediblər. Çıxışlardan sonra rəngarəng konsert proqramı təqdim olunub.

***

 

Şəki Regional Mədəniyyət İdarəsi (RMİ) Balakən rayon MKS-nin Qaravəli kənd kitabxanası Şuşa şəhərinin 270 illik yubileyi münasibətilə Əli Şirinov adına kənd tam orta məktəbində “Şuşamız azadlıqda” başlığı altında dəyirmi masa keçirib. Şagirdlərə Şuşanın tarixi, mədəniyyəti və bu günü haqqında ətraflı məlumat verilib.

Şəki şəhər MKS-nin 49 nömrəli kitabxana filialında Baş Zəyzid kənd Sənətkarlıq evi ilə birlikdə “Şuşanın simaları” adlı dəyirmi masa təşkil olunub. Tədbirin sonunda iştirakçılar Şuşaya həsr olunmuş sərgiyə baxıblar.

 

Mədəniyyət.- 2022.- 24 iyun.- S.4.