Hərbi təhsilini yarımçıq qoyub “müharibə dərsləri”nə başlamışdı...

 

 

O, Vətən müharibəsinin ən gənc şəhidlərindən biridir. Hələ ali hərbi təhsilini başa vurmamışdı. Əsir torpaqlarımızın yağıdan qurtuluş məqamında o da döyüşməyə qərar verir. Kiçik leytenant Namaz Baxış oğlu Allahverdiyevdən söz açırıq.

Namaz 2000-ci il iyunun 13-də Şəkinin Suçma kəndində anadan olub. 2006–2017-ci illərdə kənd tam orta məktəbində təhsil alıb. Təhsilini başa vuraraq Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub. Hərbi məktəbdə oxuduğu zaman bilik və bacarıqlara dərindən yiyələnib, kursant yoldaşları və müəllim-zabitlərin rəğbətini qazanıb. Dəfələrlə fəxri fərman və təşəkkürnamə ilə təltif edilib. Bir ildən sonra təhsilini başa vurub zabit kimi hərbi xidmətə başlayacaqdı...

2020-ci ilin 27 sentyabrı. Azərbaycan Ordusu 30 ilə yaxın həqiqi sahiblərini gözləyən doğma torpaqları mənfur düşməndən azad etmək üçün tariximizin ən şərəfli səhifəsini yazmağa başlayır.

Namaz Allahverdiyev də əzəli yurd yerlərimizin qurtuluş məqamının yetişdiyi anda hərbi təhsilinin davamını deyil, cəbhəni, gerçək “müharibə dərsləri”ni seçir. Qəlbində də azad Şuşa eşqi!

Döyüş yolu Füzulidən başlayır. Hər gün Vətənin birya bir neçə yaşayış məntəqəsini düşməndən təmizləyirlər. Gündən-günə qələbə əzmləri artır. Qala-şəhərimiz Şuşa qollarını açıb halal sahiblərini, igid oğullarımızı səsləyir. Keçilməz sıldırım qayalardan cəsur əsgərlərimizə yol verəcəyinə inandırır... Namaz və hərbçi yoldaşları niyyətlərinin mənzilinə yetişirlər. Şuşanın işğaldan azad olunmasında böyük qəhrəmanlıq göstərirlər. Gənc zabit noyabrın 8-də – tariximizə şanlı Şuşa zəfəri kimi həkk olunan gündə – şəhidlik zirvəsinə yüksəlir. Xalqımıza Şuşalı günləri bəxş edənlərin sırasına adını yazdıran Namaz Allahverdiyevə, təəssüf ki, mədəniyyət paytaxtımızın çal-çağırlı məqamlarını görmək nəsib olmur...

Şəhidin anası Nazilə xanım deyir ki, oğlunun ən böyük arzusu ali təhsilli hərbçi olmaq idi: “O, bu arzusuna öz səyi, bacarığı, savadı sayəsində çatdı. Yaşı az olsa da, kiçik qardaşı Şahruda ciddiyyəti, ailəcanlılığı, qayğıkeşliyi, kişi xasiyyəti ilə əsl örnək idi”.

Atası Baxış Allahverdiyev bildirir ki, hərbi bilik və bacarıqlara yiyələnmək istəyi, ən başlıcası isə Vətənə olan sevgisi onun böyük coşqu ilə torpaqların işğaldan azad edilməsi uğrunda döyüşlərə könüllü şəkildə qatılmasına səbəb olmuşdu: “Hərbi məktəbdə könüllülük əsasında döyüş bölgəsinə getmək istəyi barəsində kursantların rəyi soruşulan zaman Namaz önə çıxıb döyüşə qatılmaq arzusunda olduğunu bildirmişdi. Bu, onun ilkson döyüş yolu oldu”.

Məktəbli yoldaşı Nihat Məmmədov Namazın çox etibarlı dost olduğunu deyir: “Heç kimlə bölüşə bilmədiyim fikirlərimi Namaza rahatlıqla etibar edə bilirdim. Dərslərimizə də bir yerdə hazırlaşardıq. Heç vaxt aramızda inciklik, küsülülük olmazdı. Təkcə mənimlə yox, hər kəslə səmimi idi Namaz. Ən böyük arzusu hərbçi olmaq idi. O, ali hərbi məktəbə daxil oldu, mənsə başqa universitetə. Amma əlaqələrimiz qırılmadı. İmkan tapdıqca, bayramlarda şəhərdə görüşərdik. Şəkil çəkdirir, gəzir, əylənirdik. Son məzuniyyətə gələndə ilk qarşılayan, gedəndə isə yola salan da mən oldum. Nə biləydik ki, bu, son gedişidir. Müharibə vaxtı hər dəfə zəng edəndə yeni alınan torpaqlarda olduğunu deyirdi, amma yerini dəqiq bildirmirdi. Şuşa alınanda sevincimi bölüşmək və təbrik etmək üçün zəng vurdum, cavab vermədi. Ağlıma gəlməzdi ki, mənim dostum şəhid olub. Məkanın cənnət olsun, əziz dostum, qəhrəmanım Namaz”.

 

Namaz Allahverdiyev 17 noyabr 2020-ci ildə Suçma kəndində torpağa tapşırılıb. Dövlət başçısının sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

 

Ruhu şad olsun.

 

F.Yunisli

 

Mədəniyyət.- 2022.- 24 iyun.- S.6.