“Cənnətim Qarabağ” deyən qiraətçilər seçildilər

 

Aktyorların fərqli istiqamətlərdə öz potensiallarını üzə çıxarmaları və başqa aspektdən də realizə etmələri üçün festival və müsabiqələr, sözsüz ki, böyük önəm kəsb edir. Bu, digər tərəfdən də yaradıcı insanlar arasında əlaqələri möhkəmləndirməyə, xüsusən fərqli truppalardakı aktyorların fərd olaraq özlərini teatr cameəsində ifadəsi üçün fürsətdir. Təbii ki, bunu doğru istifadə edib, yaxşı ortaya qoyduqda...

İyunun 20-də belə maraqlı müsabiqələrdən birinə yekun vuruldu. Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının (ATXİ) təşkilatçılığı ilə keçirilən “Cənnətim Qarabağ” adlı bədii qiraət müsabiqəsi iştirakçıları və qalibləri yenidən tamaşaçı önünə çıxaraq həm çıxış etdilər, həm də mükafatlarını aldılar.

Azərbaycan bədii fikrinin görkəmli siması Xurşidbanu Natəvanın 190 illiyi, eləcə də “Şuşa İli”nə həsr olunan müsabiqə bölgə və paytaxt teatrlarının təmsilçiləri olmaqla 30-a yaxın aktyoru, eləcə də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) qiraətə həvəskar tələbələrini bir araya gətirmişdi.

Şairənin fərqli mövzulu qəzəllərini özünəməxsus ifa maneraları ilə təqdim etməyə çalışan iştirakçıları Azərbaycan teatr sahəsinin tanınmış mütəxəssisləri – rejissor, aktyor, qiraətçi, pedaqoqteatrşünaslardan ibarət münsiflər heyəti qiymətləndirdi.

Əvvəlcə ATXİ sədrinin müavini, Xalq artisti Hacı İsmayılov çıxış edərək Xurşidbanu Natəvanın yaradıcılığından və onun Azərbaycan ədəbiyyatında rolundan, eləcə də şairənin doğma yurdu Şuşanın azad edilməsi və şanlı Zəfərimizdən söz açdı. Müsabiqənin ideyası və məramına da nəzər salan sədr müavini ittifaq olaraq bu qəbildən olan müsabiqə və festivalları daim diqqət mərkəzində saxladıqlarını dedi: “Uzun illərdən sonra bizim Şuşa həsrətimiz sona yetdibiz yaradıcı insanlar olaraq ona sevgimizi, bağlılığımızı hər vəchlə nümayişə can atırıq. Bu həm də bizim vətəndaşlıq borcumuz, Vətənimizə, doğma Şuşamıza sevgi etirafımızdır”.

H.İsmayılov diqqətə çatdırdı ki, qiraət müsabiqəsinə 11 teatr və 1 təhsil ocağından ümumilikdə 27 nəfərin təqdim etdiyi nümunələr (qiraət edilən şeirlərin videoyazısı) münsiflər heyəti tərəfindən dəyərləndirilib və 12-si seçilib. Tamaşaçılar seçilən nümunələri bu dəfə canlı olaraq izlədilər.

Akademik Milli Dram, Dövlət Gənc Tamaşaçılar, Bakı Bələdiyyə, Şuşa Dövlət Musiqili Dram, eləcə də Lənkəran, Gəncə, Qusar teatrlarının təmsilçiləri Natəvanın qəzəllərini qiraət etdilər.

Çıxışçılar sırasında ADMİU, eləcə də Sumqayıt teatrı təmsilçilərinin təqdimatı daha yaddaqalan oldu. Xüsusən sumqayıtlı təmsilçilərin sufi dəsgahı ilə fərqli bir ovqat yaradan təqdimatları alqışlarla qarşılandı.

Mükafatlandırma mərasimində çıxış edən ATXİ-nin sədri, Xalq artisti Azər Paşa Nemətov, Əməkdar incəsənət xadimi, rejissor Bəhram Osmanov, ADMİU-nun dosenti, bədii qiraətçi, Əməkdar artist Azad Şükürov belə tədbirlərin əhəmiyyətindən, teatr təmsilçiləri üçün əlavə stimul olduğundan bəhs etdilər. Bildirdilər ki, mütaliə vərdişi, bədii qiraət, aktyorun oyun imkanları ilə yanaşı natiqlik, poetik mətn üzərində imkanlarını genişləndirməyə xidmət edən müsabiqələr daim maraqlı nəticələrlə yadda qalır.

Məlumat üçün bildirək ki, müsabiqə iştirakçılarının Natəvanın yaradıcılığından qiraət etdikləri nümunələrin videoyazıları mayın 16-dək ATXİ-də qəbul olunub. İştirakçılar üçün yaş məhdudiyyəti qoyulmayıb. Münsiflər heyətinin 27 nəfər arasından seçdiyi 12 iştirakçıdan 3-ü yekunda qalıb oldu: I yerBahar Həmzəyeva (Şuşa Dövlət Musiqili Dram Teatrının aktrisası); II yerElvin Nuri (Şəki Dövlət Dram Teatrı); III yerTural Əhməd (Bakı Bələdiyyə Teatrı).

Qaliblərə mükafatlar, digər 9 iştirakçıya münsiflər heyətinin xüsusi diplomları təqdim olundu.

Mərasim Azərbaycan Milli Konservatoriyası muğam üçlüyünün maraqlı ifaları ilə də yadda qaldı.

 

Həmidə

 

Mədəniyyət.- 2022.- 24 iyun.- S.5.