Azərbaycan-İsveç diplomatik
əlaqələrinin 30 illiyi münasibətilə
Qara Qarayevin
Ev-Muzeyində musiqi axşamı
Bu il Azərbaycan Respublikası ilə İsveç Krallığı arasında diplomatik münasibətlərin qurulmasının (8 may 1992-ci il) 30 illiyidir.
Bu münasibətlə iyunun 22-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin təşkilatçılığı ilə Qara Qarayevin Ev-Muzeyində iki ölkə bəstəkarlarının əsərlərindən ibarət konsert proqramı təqdim edildi.
Konsertdən öncə çıxış edən ev-muzeyin müdiri Züleyxa Bağırova-Qarayeva bildirdi ki, ölkələr arasında əlaqələr siyasi dialoq və diplomatiya üzərində qurulsa da, mədəni əməkdaşlıq hər zaman xüsusi yer tutur. Azərbaycan və İsveç arasında mədəniyyət sahəsində əlaqələr də ötən müddətdə inkişaf edib.
İsveç Krallığının ölkəmizdəki səfiri Kristian Kamil iki ölkə arasında diplomatik münasibətlərin yubileyinə həsr olunan konsertdə iştirakından məmnunluğunu ifadə etdi. Diplomat dedi ki, mədəniyyət sahəsində iki ölkənin əməkdaşlığının daha da inkişaf etdirməsi üçün böyük potensial var. Səfir konsertin ərsəyə gəlməsində əməyi olanlara təşəkkürünü bildirdi.
Çıxışlardan sonra konsert proqramı təqdim edildi. V.Mustafazadə adına 2 saylı Uşaq incəsənət məktəbinin şagirdi Ömər Həsənli, beynəlxalq və respublika müsabiqələri laureatları Nailə Xasıyeva, Cəmalə Abdinzadə, Mahir Tağızadə, Zəhra Cahan, Kamran Talıblı və Anar Seyidov, Adil Axundov, G.Şaroyev adına 35 saylı Uşaq musiqi məktəbinin şagirdləri Cəlalə İsmayılzadə, Anar Seyidov, Rüstəm Zeynalovun ifasında Qara Qarayevin “Ad günü marşı”, “Mən sizi sevirdim”, “Gürcüstan təpələrində” romansları, Məmməd İsrafilzadənin “Elegiya”, Vilhelm Stenhammerin “Vokal və fortepiano üçün 2 romans”, “Fortepiano üçün 3 kiçik pyes”, “Violin və fortepiano üçün sentimental romans”, “Violin və fortepiano üçün sonata” (II hissə), Tofiq Quliyevin “Qəmgin mahnı”, Rüzgar Əhmədzadənin “Fleyta və fortepiano üçün 3 pyes” və digər əsərlər səsləndirildi. Çıxışlar alqışlarla qarşılandı.
S.Fərəcov
Mədəniyyət.- 2022.- 24 iyun.-
S.3.