Akademik Musiqili Teatrda ilk: caz-tamaşa

 

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında rus dramaturqu Aleksandr OstrovskininCehizsiz qız” pyesi əsasında hazırlanan “Lara Martin’s Jazz Club” caz-tamaşasının premyerası uğurla təqdim olunub. Fərqli üslubu və maraqlı səhnə tərtibatı ilə seçilən 4D formatlı tamaşa Azərbaycan teatr məkanında bir ilkdir.

Teatrın rus bölməsində ərsəyə gələn səhnə əsərinin quruluşçu rejissoru İradə Gözəlova, layihənin ideya müəllifi və bədii rəhbəri Əməkdar incəsənət xadimi Əliqismət Lalayevdir. Tamaşanın quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, musiqi tərtibatçıları Əməkdar artist, Prezident təqaüdçüsü Nərgiz Kərimova və adı Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na yazılan Nərminə İsmayılova, quruluşçu rəssamı Vüsal Rəhim, quruluşçu baletmeysteri Əməkdar artist Emin Əliyev, rejissor assistenti Tamilla Aslanovadır.

Caz-tamaşada baş rolu Əməkdar artist Nərgiz Kərimova ifa edib. Tamaşada həmçinin Əməkdar artistlər Fərid Əliyev, Nahidə Orucova, aktyorlar Əliməmməd Novruzov, Rauf Babayev, Emil Heydərov, pianoçu Nərminə İsmayılova və “DJ Maqa” – Məhəmməd Məmmədov çıxış ediblər.

Tamaşada aktyorların canlı ifalarında məşhur caz kompozisiyalarından nümunələr, eyni zamanda teatrın balet artistlərinin iştirakı ilə rəngarəng müasir rəqslər təqdim olunub.

Qeyd edək ki, xüsusilə caz həvəskarlarının marağına səbəb olan tamaşa 3 və 15 iyul tarixlərində də nümayiş olunacaq.

 

 

Mədəniyyət.- 2022.- 24 iyun.- S.3.