Biz teatrı niyə sevmirik?
Teatr həmişə cəmiyyətin güzgüsü olub və biz həmişə bu güzgüdə özümüzü görmüşük. Bəs niyə bu güzgüdə biz artıq özümüzü görmürük? Buna səbəb nədir?
Məsələ ondadır ki, teatr yarandığı gündən insanların qarşısına çıxan problemlərin həlli yollarını göstərib. İstər klassika, istər müasir dramaturgiyanın səhnə həlli birmənalı şəkildə müasir insan problemlərinin həllinə yardımçı olmalıdır. Demək, tamaşa elə qurulmalıdır ki, günümüzlə səsləşsin.
Belə olan təqdirdə teatrlarımıza nəzər salaq, görək teatrlarda günümüzlə səsləşən tamaşalar var, ya yox?! Əlbəttə, yoxdur.
Söhbətimizi əyaniləşdirək. Respublikamızda 27 dövlət teatrı fəaliyyət göstərir. Bu teatrların tamaşaları haqqında kifayət qədər məlumatlıyıq. Bu məlumatlara əsaslanaraq deyə bilərik ki, biz əziz və doğma teatrımızı heç də kifayət qədər sevmirik. O zaman belə bir sual yaranır. Bəs biz doğma teatrı niyə sevmirik? Gəlin, faktlara nəzər salaq və bunun səbəblərini araşdıraq.
Bu polemikaya teatrşünaslar, dramaturqlar, rejissorlar, aktyorlar və sair peşə sahibləri qoşula bilər. Və mənə elə gəlir ki, bu, işin xeyrinə olar.
Teatrın strukturundan başlayaq. Müasir dövrümüzdə teatrın strukturu düzgün qurulub, ya yox? Fikirlər müxtəlif ola bilər. Mənə qalarsa, deməliyəm ki, teatrın strukturu düzgün qurulmayıb. Mən bunu çoxsaylı müsahibələrimdə və çıxışlarımda dəfələrlə qeyd etmişəm. Fikirlərimi açıqlayım. Bütün müasir dünyada, hətta keçmiş sovetlər dönəmində fəaliyyət göstərən teatrlarda rejissor əsas sima sayılıb, teatrın düşünən beyni hesab olunub. Bu belədir. Teatrın direktoru baş rejissorun yaradıcılıq fəaliyyətinə imkan və şərait yaradan məmurdur. Onun işi baş rejissorun yaradıcılıq işinə təkan verməkdir.
Mən bu yaxınlarda hörmətli nazirimiz Anar Kərimovla da söhbətimdə bunu qeyd etmişəm. Onunla bir saata yaxın söhbətimiz oldu. Anar müəllim maraqlı həmsöhbət, təşkilati işləri gözəl bilən insandır. O, məndən təcrübəli bir şəxs kimi müasir teatr və kino prosesləri, teatr strukturu barədə fikirlərimi soruşdu. Bu xüsusda fikirlərimi də diqqətlə dinlədi. Bir daha qeyd edirəm: direktor teatrda baş rejissora yaradıcılıq imkanlarına yardımçı olan məmurdur. Bunları bir-biri ilə qarışdırmaq olmaz.
Bu, birinci məsələdir. İkinci məsələ
Azərbaycan teatrında kadr məsələsidir. Söhbət
peşəkar kadrlardan gedir. Biz yaxşı bilirik ki, Azərbaycan
Dövlət Mədəniyyət və İncəsənət
Universiteti milli teatr, kino və digər sahələr
üçün peşəkar kadrlar hazırlayan ali təhsil
ocağıdır. Mədəniyyət və incəsənət
müəssisələrində, o cümlədən teatrlarda
kadrların 99 faizini bu təhsil ocağı təmin edir. Bəlkə
ali təhsil ocağı peşəkar kadr yetişdirmir?
Əlbəttə, yetişdirir. Bəs bu kadrların əksəri
niyə teatrlara yol tapa bilmirlər? Teatrı sevən baş
rejissor və direktor olmalıdır ki, gənc və
istedadlı kadrları işlə təmin etsin. Etiraf etməliyik
ki, teatrlarda baş rejissorun elə bir səlahiyyəti yoxdur.
Teatrlara kadrların işə qəbulu məsələsini
direktor həll edir. Çünki möhür onun əlində,
səlahiyyət ondadır. O isə kimi istəyir, onu da işə
qəbul edir. Teatrlara istedadsız, zəif kadrlar gəlir. Sual oluna bilər,
bəs bu adamlar teatra necə düşür? Çox sadə.
Tanışları, əmiləri, dayıları, xalaları
vasitəsilə... Bu səbəbdən teatrlar
bugünkü duruma düşüb.
Məhz bu səbəbdən teatrlarda müxtəlif səs
çalarlarına, nitq mədəniyyətinə malik aktyor
tapmaq müşkülə dönüb. Aktyorun səs
çaları və nitq mədəniyyəti nədir?
Keçmiş aktyorları yada salaq: Ağasadıq Gəraybəyli,
Möhsün Sənani, Hökümə Qurbanova, Əliağa
Ağayev, Leyla Bədirbəyli, Ağahüseyn Cavadov,
İsmayıl Osmanlı və digərləri. Allah
onlara rəhmət eləsin. Onların hər
birinin özlərinə məxsus səs çalarları və
nitq mədəniyyəti xatirimizdə canlanır. Onları bir-biri ilə qarışdırmaq
mümkün deyildi. Elə bu səbəbdən
biz onları bu günə qədər unuda bilmirik.
Sonrakı nəsli xatırlayaq: Səməndər Rzayev, Kamal
Xudaverdiyev, Fuad Poladov, Yaşar Nuri, Əliabbas Qədirov,
Mikayıl Mirzə, Şəfiqə Məmmədova, Amaliya Pənahova
və digərləri. Bu sənətkarların
da səs çalarları müxtəlifliyi ilə
seçilirdi. Onları da
qarışdırmaq mümkün deyildi. Səs
çalarlarının müxtəlifliyi və rəngarəngliyi
insanı valeh edirdi. Bunu heç kim
dana bilməz.
Bu gün isə istənilən teatrın
tamaşasında səhnədə 20 nəfər olsa da, elə
bil bir səs var. Sual oluna bilər. Niyə rəngarənglik
yoxdur? Bəs ali təhsil
ocağı niyə rəngarəng səs çalarına
malik kadr yetişdirmir. Yenə eyni sual və eyni
cavab. Əlbəttə, yetişdirir.
Amma həmin istedadlar teatra yol tapa bilmir. Ona görə də teatrlarda aktyorların nitq mədəniyyəti
bu səviyyədədir.
Nitq mədəniyyəti, səs çalarının
müxtəlifliyindən danışırıqsa, aktyorun
xarici görünüş məsələsindən də
danışmalıyıq. Bu da yaralı
mövzudur. Bayaq adları çəkilən
sənətkarların hər biri səs
çalarlarının şirinliyi və cazibəsi ilə bərabər,
həm də vizual baxımdan səhnə görkəminə
malik aktyorlar olublar. Onların boy-buxunu,
üz cizgiləri, səs imkanları və söz yox ki,
istedadları və plastikası bir-birini tamamlayıb, vəhdət
təşkil edirdi. Rejissorlar da onlara obraz həvalə
edəndə heç bir çətinlik çəkmirdilər.
Gəlin, indi teatrlarımızdakı
aktyorlarımızı yada salaq. Teatrlarda
sanki bilərəkdən daha çox istedadsız və xarici
görünüş etibarilə səhnəyə münasib
olmayan insanları işə götürürlər. Niyə? Çünki təmənna
və tanışlıq istedadlı insanların teatra yoluna
çəpər çəkir.
Yaxşı yadımdadır. Rəhmətlik
Hacıbaba Bağırov Musiqili Komediya Teatrına rəhbərlik
edəndə mənim təqdimatımla 12, ya 15 istedadlı tələbəmi
işə qəbul etmişdi. Bu gün həmin
aktyorlar teatrda aparıcı obrazlar ifa edirlər. İndi bu mümkün deyil. Mən
bu yaxınlarda iki istedadlı tələbəmin teatra qəbul
edilməsi ilə bağlı Musiqili Teatrın baş rejissoru
Cavid İmamverdiyevə müraciət etmişdim. O da həmin
iki nəfəri qəbul etdi, səslərini dinlədi. Hər ikisi Mədəniyyət və İncəsənət
Universitetinin musiqili teatr aktyoru kursunu bitiriblər. Hər iki gənc boy-buxunlu, səs çalarları
və istedadları ilə teatr üçün tapıntı
idi. Baş rejissor C.İmanquliyev teatrın
direktoruna gənc kadrların işə qəbulu ilə
bağlı müraciət edəndə, o, deyib ki, ştatda
yer yoxdur. Beləliklə, gənc kadrlar
teatrdan uzaq düşüblər. Axı
istedadlı insanları teatrdan uzaqlaşdırmaq olmaz.
İndi isə daha bir vacib məsələ haqqında
fikirlərimi bildirmək istəyirəm. Teatrın repertuarı
vacib məsələdir. Hamımız
yaxşı bilirik ki, teatrların repertuarı onların
simasıdır. Bu gün belə bir dəb
yaranıb. Teatrlar yeni-yeni layihələr
meydana çıxarırlar. Teatrın
işi yeni tamaşa hazırlamaqdır. Rəhbər
işləyən biri deyir ki, bu mənim layihəmdir. Bu anlaşılmazlıqdır. Bu
tamaşadırsa, bunun rejissoru, bəstəkarı, rəssamı
və sair olmalıdır. Hər şeyi ümumiləşdirib,
bir nəfərin adına çıxmaq
olmaz. Adını da islahat qoyuruq. Amma biz islahat etmirik. İslahat
adı altında olanları dağıdırıq, məhv
edirik.
Mən illərin təcrübəsindən
çıxış edərək belə
düşünürəm. Bəlkə kimsə
deyə bilər ki, dediklərim bir qədər kəskin oldu.
Amma kəskin olsa yaxşıdır. Həqiqəti
heç kim demir və ya demək istəmir.
Hər yerdə tərifdir. Hamı həyatda
“yaxşı adam” rolunu oynamaq istəyir.
Unutmamalıyıq ki, dünya qloballaşır. Biz istəsək
də, istəməsək də müasirləşməliyik.
Məsələn, mən düşünürəm
ki, niyə teatrlar birləşib, müştərək bir
tamaşa hazırlamasın? Milli futbol
yığmamız üçün müxtəlif komandalardan
oyunçular toplanmır? Teatrda da bu təcrübədən
istifadə etmək olar. Şəhər və
bölgə teatrlarından toplanmış aktyor heyətindən
maraqlı bir tamaşa meydana qoymaq olar. Söhbət
milli teatrın gələcək inkişafından gedirsə,
niyə də yox? Niyə bir aktyor,
uyğun olub-olmadığına baxmayaraq, eyni teatrda illərlə
qalmalıdır, fəxri ad və sair gözləyə-gözləyə.
Bəlkə o, digər teatrda istedadını
daha çox büruzə verə bilər. Bəlkə tam yeni bir müqavilə sisteminə
keçək. Bütün hallarda
teatrların strukturunda köklü dəyişikliklər
aparılmalıdır. Dövrə
uyğunlaşmaq lazımdır. Zaman dəyişib.
Hamı zamanın dəyişməyini bilə-bilə,
nəyisə gözləyir. Sabah fəxri ad alaram, sabah mükafat alaram. Sabah sabah
olacaq. Sabah yoxdur. Sabah
qurtarıb. Sabahı bu gündən
başlamaq lazımdır. Gözləmək
olmaz. Tamaşaçı yüksək
peşəkar səviyyəli tamaşa gözləyir. Onun üçün aktyorun hansı teatrdan
olmağının heç bir əhəmiyyəti yoxdur.
Aktyor Gənc Tamaşaçılar Teatrından da ola bilər, Akademik Milli Dram Teatrından da,
Naxçıvan, Gəncə, Şəki və ya Lənkəran
teatrından da... Yeganə bir məqsəd var.
Tamaşaçını mükəmməl səhnə
nümunəsi ilə heyrətləndirmək. Bax, layihə budur. İstedadlıları
bir araya gətirmək lazımdır.
Rəhmətlik Tofiq Kazımov yeni teatr yaratmaq uğrunda
mübarizə aparıb, gənclərə önəm verirdi. Amma bir şərtlə
ki, gənclər istedadlı olsun. Tofiq
Kazımovun bir sözü vardı. Deyirdi
ki, hər yeni tamaşada teatra iki yeni qan vurulmalıdır.
Həmin yeni tamaşada bir yeni qız, bir yeni
oğlan olmalıdır. Bu, yenilənmə
deməkdir. Bu gün teatrlarda
istedadsızlar çoxalıb. Onlar
istedadlılara imkan vermirlər. Onların
istəkləri də artıb. Çünki
arxaları var. Amma unutmaq olmaz ki, teatra olan münasibət əvvəlki
deyil. İnsanlar artıq yalana
inanmırlar. Yalan bir dəfə olar.
Teatr isə həqiqəti deyən və
nümayiş etdirən sənət meydanıdır,
güzgüdür. Güzgü həqiqəti
göstərməlidir. Yalan və naqislik
olanda, tamaşaçı inanmır.
Bəzi rejissorlar tamaşalarda elə mizan verirlər ki,
“adamın dəymişi qala-qala kalı tökülür”. Bu mizanları
mizandan başqa nəyə desən oxşatmaq olar. Mizan adına aktyor sağdan sola, soldan sağa gedir. Niyə getdiyinin səbəbini isə bilmir.
Və ya səhnədə aktyor elə
çığırır, elə bağırır ki, sanki
tamaşadan sonra tamaşaçı döyüşə gedəcək. Bu, teatr deyil,
bu, islahat deyil. Əgər islahat budursa, demək
biz teatrı dağıdırıq. Teatr
dövrün novator fikirlərini tamaşaçılara
çatdırmalıdır. Teatr zamanı
qabaqlamağı, tamaşaçını arxasınca
aparmağı qarşısına məqsəd
qoymalıdır. Biz teatrla bağlı
çatışan və çatışmayan cəhətlərimizi
deməliyik. Bir-birimizi nə qədər
aldatmaq olar. Nə qədər deyək ki,
hər şey yaxşıdır. Hər
şey yaxşı deyil axı.
Hər teatrın öz spesifikası, öz siması və
öz repertuarı olmalıdır. Məsələn, bir əsər
eyni vaxtda ayrı-ayrı teatrlarda repertuardadır. Bəs teatrların ədəbi hissə müdirləri
hara baxırlar? Onlara işləməyə
imkan verirlərmi? Əlbəttə, yox.
Bu da bir problemdir.
Belə məlum olur ki, teatrların strukturu
dağıdılıb. Elə bil tərsinə çevrilib.
Elə bil qəsdən belə ediblər. Bütün bunları özümə görə
yox, gələcək nəsillər üçün deyirəm.
Yeni ideyaları qorumaq lazımdır. Amma bəzən yeni ideyanı bilərəkdən məhv
edirlər.
Mən vaxtilə “İlham” miniatür teatrı
yaratmışdım. Bir neçə teatrdan istedadlı gəncləri
bir araya toplamışdım. Gənc
Tamaşaçılar Teatrında bizə yer vermişdilər.
Bir neçə teatrı bu teatra birləşdirəndən
sonra bizim üçün problem yarandı. Teatra topladığım insanlar dağılışdılar.
Beləliklə, teatrın normal fəaliyyətinə
bilərəkdən maneə törətdilər.
Teatrla bağlı problemlərdən
danışırıqsa, bədii şura haqqında da
danışmalıyıq. Bu, çox ciddi məsələdir.
Tam cəsarətlə deyə bilərəm ki,
heç bir teatrda bədii şura yoxdur. Bədii
şura yerinə bütün məsələləri bir nəfər
həll edir. Heç bir kollegiallıqdan
söhbət belə gedə bilməz. Əslində
isə, bədii şurada müxtəlif peşəkar insanlar
olmalıdır ki, teatrın normal repertuarı haqqında fikir
yürüdə bilsinlər. Teatrın bədii
şurasında dramaturqlar, bəstəkarlar, rejissorlar, rəssamlar
və aktyorlar olmalıdır.
Bu məqamda haşiyə çıxıb, daha bir məsələ ətrafında fikirlərimi hörmətli oxucularla bölüşmək istəyirəm. İlk baxışdan adi görünən bir məsələ, əslində, çox ciddi məsələdir. Teatrlarda afişa məsələsi. Afişa teatrın tarixidir. Teatr mütəxəssisləri teatrın tarixini afişalar vasitəsilə müəyyən edirlər. Afişalarda tamaşalarda əsas obrazları ifa edən aktyorların şəkilləri verilirdi. Afişalar aparıcı aktyorların şəkilləri ilə tamaşaçını teatra cəlb edirdi.
Konkret misal çəkim. İki il bundan əvvəl Musiqili Teatrda Ramiz Mirişli ilə Tamara Vəliyevanın “Dəyərəm min cavana” tamaşasının afişasında bir neçə aktyorun şəkilləri verilirdi. Rəssam çəkmişdi, rəhmətə gedib. Həmin afişa teatrın bədii şurasında təsdiq edilmişdi. Amma indi afişa plakat formasında hazırlanır. İndi həmin tamaşanın afişasında aktyorların şəkillərinin yerinə dollar şəkli verilir. Bu barədə soruşanda mənə dedilər ki, yaşlı aktyorların şəkli nəyə lazımdır. Onlar bu gün var, sabah yoxdurlar. Utanmadan mənim üzümə dedilər...
Nə isə, milli teatrlarımızda problemlərimiz çoxdur. Ciddi işlər görülməlidir. Sabaha hesablanan işlər görməliyik. Və ən əsası isə, teatrı sevməliyik. Dostlar, gəlin, doğma teatrı sevək. Çünki əsr yarım yol gəlmiş Azərbaycan teatrı bu sevgiyə layiqdir.
Hələlik, bu qədər... Amma, əziz oxucular və teatrsevərlər, söhbətimizi davam etdirəcəyik...
İlham
Namiq Kamal
Xalq
artisti, professor, Prezident təqaüdçüsü
Mədəniyyət.- 2022.- 24 iyun.-
S.5.