İranla kino sahəsində
əməkdaşlıq imkanları da
müzakirə olunub
Xəbər verdiyimiz kimi, mədəniyyət naziri Anar Kərimov 20-21 iyun tarixlərində İranda səfərdə olub. Anar Kərimov səfər zamanı İranın mədəniyyət və islam irşadı naziri Məhəmməd Mehdi İsmaili, milli irs, əl işləri sənayesi və turizm naziri İzətullah Zərqami, İslam Mədəniyyəti və Əlaqələri Təşkilatının sədri Məhəmməd Mehdi İmanpur, İranın Milli Kitabxana və Arxiv İdarəsinin müdiri Əlirza Muxtarpur və digər rəsmilərlə görüşüb.
Səfər çərçivəsində İranın Mədəniyyət və İslam İrşadı Nazirliyinin nəzdində fəaliyyət göstərən Kino və Audiovizual İşlər Təşkilatının rəhbərliyi ilə də görüş keçirilib.
Anar Kərimov ölkəmizdə kino sahəsinin inkişafının mədəniyyət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu bildirərək, yeni yaradılan Azərbaycan Respublikasının Kino Agentliyi haqqında məlumat verib.
Söhbət zamanı İranın kino sahəsində geniş təcrübəyə malik olduğu, bu sahədə qarşılıqlı əməkdaşlığın faydalı olacağı qeyd olunub. Bu kontekstdə müştərək kino festivallarının, qarşılıqlı kino həftələrinin təşkilinin əməkdaşlığın dərinləşdirilməsinə töhfə verəcəyi vurğulanıb. Həmçinin kino sahəsində mütəxəssislərin qarşılıqlı səfərləri, təcrübə mübadiləsinin aparılmasının vacibliyinə toxunulub. Anar Kərimov ölkəmizin Qarabağ həqiqətlərinin dünyaya çatdırılması üçün sənədli filmlərin çəkilməsinə də xüsusi önəm verdiyini diqqətə çatdırıb.
Görüşdə birgə bədii, sənədli filmlərin, qısametrajlı, eləcə də cizgi filmlərinin çəkilməsi üçün mövcud imkanların istifadə edilməsinin vacibliyi qeyd olunub. Sonda Azərbaycan nümayəndə heyəti İranın kino tarixindən bəhs edən muzeylə tanış olub.
Mədəniyyət.- 2022.- 24 iyun.-
S.3.