Vokalçıların Bülbül adına müsabiqəsinə Şuşada yekun  vuruldu

 

25 il öncə təməli qoyulan müsabiqəyə ilk dəfə sənətkarın yurdu da ev sahibliyi etdi

 

 

Xəbər verdiyimiz kimi, 16-22 iyun tarixində Vokalçıların Bülbül adına VIII Beynəlxalq müsabiqəsi keçirilib.

Azərbaycan vokal məktəbinin banisi, SSRİ Xalq artisti Bülbülün anadan olmasının 125 illiyinə həsr olunan müsabiqədə Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Monqolustan, İsrail, Rusiya və digər ölkələrdən 100-ə yaxın vokalçı iştirak edib. 18-35 yaş aralığında olan iştirakçıların sırasında opera müğənniləri, ortaali musiqi təhsili müəssisələrinin məzunları və tələbələri yer almışdı.

Bakıda, M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında keçirilən dinləmələrdə iştirakçıların ifaları beynəlxalq münsiflər heyəti tərəfindən qiymətləndirilib.

Münsiflər heyətinin qərarı ilə Qran-pri mükafatına Azərbaycan təmsilçisi Elmina Həsənova layiq görülüb. Həmçinin 1-ci (Ankhbayar Enkhbold, Monqolustan), 2-ci (Nikita VolkovRusiyaOlqa RudikUkrayna) və 3-cü (Baluan Berkenov – Qazaxıstan, Aleksandra SokolovaRusiya, Həmid Əbdülov – Azərbaycan) yerlər, eləcə də həvəsləndirici (4-cü yer) və müsabiqənin xüsusi mükafatçıları elan olunub.

İyunun 22-də mədəniyyət paytaxtımız və Bülbülün doğma yurdu Şuşa şəhərində müsabiqənin yekun qala-konserti və laureatların mükafatlandırılması mərasimi keçirilib. Şuşanın əsrarəngiz təbiətindən ilham alan ifaçıların çıxışları alqışlarla qarşılanıb.

Xatırladaq ki, Bülbül adına birinci beynəlxalq müsabiqə görkəmli müğənninin 100 illiyi ərəfəsində, 1997-ci ildə Prezident Heydər Əliyevin müvafiq sərəncamı ilə keçirilib.

25 illik tarixi ərzində müsabiqəyə ilk dəfə Bülbülün doğma yurdu da ev sahibliyi edib.

 

Mədəniyyət.- 2022.- 24 iyun.- S.1.