Azərbaycan kitabları “Kitab
sənəti” müsabiqəsində qalib olub
Müstəqil Dövlətlər Birliyi (MDB) İcraiyyə Komitəsinin təşkilatçılığı ilə keçirilən ənənəvi “Kitab sənəti” Beynəlxalq müsabiqəsi bu il 24-26 iyun tarixində Qırğızıstanın paytaxtı Bişkek şəhərində baş tutub. Ölkəmizi tədbirdə Mədəniyyət Nazirliyi Kitab sənayesi şöbəsinin baş məsləhətçisi İslam Hüseynov təmsil edib.
Müsabiqəyə 7 ölkədən müxtəlif nominasiyalar üzrə 67 adda kitab təqdim olunub.
Açıq səsvermə yolu ilə hər nominasiya üzrə kitabların seçimi aparılıb. Hər bir ölkənin nəşr məhsulları haqqında ətraflı məlumat iştirakçı ölkələrin nümayəndələrinə təqdim edilib.
Qeyd edək ki, ölkəmiz hər il “Kitab sənəti” müsabiqəsində uğurla iştirak edir. Budəfəki müsabiqəyə Azərbaycandan 10 nominasiya üzrə 10 adda kitab təqdim olunmuşdu.
Müzakirələr zamanı bildirilib ki, müsabiqəyə müxtəlif janr və tərtibatlarda kitablar təqdim olunub. Eyni zamanda kitabların dizaynı, mövzusu da nəzərə alınıb.
Səsvermənin yekununda “Kitab sənəti” müsabiqəsində Azərbaycan 3 nominasiya üzrə 1-ci, 4 nominasiya üzrə 2-ci, 2 nominasiya üzrə 3-cü yerə layiq görülüb.
Müsabiqədə I yeri qazanan kitablar: “İllüstrasiya sənəti” nominasiyası – “Vərqa və Gülşa” (miniatür əlyazmalar, tərtibatçı Çingiz Fərzəliyev; Bakı, 2021); “Elm və təhsil” nominasiyası – “Azərbaycan beynəlxalq münasibətlər sistemində 1648-1991. Sənədlər və materiallar” (K.Şükürov; Bakı, “Elm”, 2020); “Ölkəm” nominasiyası – “Salam Azərbaycan” (Nəşr Mədəniyyət Nazirliyi, AZAL və “PAŞA Həyat Sığorta”nın dəstəyi ilə hazırlanıb – Dubay, İRS Nəşriyyat Evi, 2020).
II yeri qazanan kitablar: “Qələbə” nominasiyası – “Azərbaycan Böyük Vətən müharibəsi illərində: 1941-1945: Biblioqrafiya”. İki cilddə (tərtib edən Kərim Tahirov; elmi red. A.İsmayılova. Bakı, “Zərdabi-Nəşr”, 2020); “Birlikdə nəşr olunub” nominasiyası – “Hophopnamə” rənglərin işığında” (Ziyadxan Əliyev; Bakı, “Təhsil”, 2022); “İncəsənət kitabı” nominasiyası – “Yaşar Səmədov. Rənglərin simfoniyası” (Fotoalbom, Bakı, “Təhsil”, 2020); “Birlik” nominasiyası – “Azərbaycan İpək Yolunda” (ideya müəllifi: G.Əfəndiyeva, layihə rəhbəri: Ş.Mustafayev - Bakı, 2020).
III yeri qazanan kitablar: “Mədəniyyətlərin dialoqu” nominasiyası – “Nizami Gəncəvinin “İskəndərnamə” poemasının mədəniyyətlərarası dialoqda rolu” (Evangelos Venetis və Nəsib Göyüşov; Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Kitabxanası, Nizami Gəncəvi Fondu – Bakı, 2021); “Uşaq və gənclər üçün kitab” nominasiyası – “Xəmsə”nin xilası” (G.Əsgərova; Bakı, “Aspoliqraf”, 2022).
Qeyd edək ki,
“Kitab sənəti” müsabiqəsinin
mükafatları ənənəvi olaraq sentyabr ayında Moskva Beynəlxalq
Kitab Sərgi-Yarmarkasında təqdim olunacaq.
Mədəniyyət.- 2022.- 29 iyun.-
S.1;2.