“Burda
hər addımda mənim izim var...”
20 yaşlı Fuad Əsədovun şəhadətinin 30
illiyinə
Fuad Qərib oğlu Əsədov
(25.11.1972 – 28.6.1992). Birinci Qarabağ müharibəsi
şəhidi, tələbə-memar, rəssam, şair...
Onun
haqqında 15 il əvvəl – xatirəsinə
həsr olunan “Fuad dünyası” kitabının işıq
üzü görməsi münasibətilə
yazmışdım. Həmin yazını
çox çətinliklə qələmə
almışdım. Təkcə ona görə
yox ki, kitabın üz qabığından baxan gənc mənim
uşaqlıq dostum idi və illər ötsə də, onun
barəsində keçmiş zamanda yazmaq ağır gəlirdi.
Həm də ona görə ki, kitabda onun şeirlərini,
publisistik qeydlərini, gündəliyini oxuduqca o vaxtadək
istiqanlı bir dost, sadiq yoldaş kimi yadımda qalmış
Fuadın, əslində, yaşından xeyli böyük,
mütəfəkkir bir gənc olduğunun fərqinə
varmışdım. Amma çox gec...
Bu, istedadlı, yaradıcı, amma ondan daha ötəsi,
vətənpərvər, doğma torpağını
canından artıq istəyən bir gəncin həyat
kitabı idi.
Nə böyük təəssüf ki, biz
çox vaxt bu gerçəyi belə insanlar həyatdan,
aramızdan gedəndən sonra dərk edirik. Fuadla bir kənddə,
bir məhəllədə yaşayan, bir məktəbdə
oxuyan, bir yerdə deyib-gülən, top qovan bizlər də təsəvvür
edə bilmirdik ki, zahirən bizdən seçilməyən bu
yeniyetmə gün gələcək, özünün mənəvi
dünyası, həyat təpəri, mübariz enerjisi və
sonda ucaldığı şəhidlik zirvəsi ilə nəsillərə
örnək qəhrəman olacaq...
O, 1972-ci il noyabrın 25-də Cəbrayıl rayonunun
Quycaq kəndində anadan olmuş, 8-ci sinfədək kənd
məktəbində oxumuş, sonra orta təhsilini rayon mərkəzində
davam etdirmişdi. 1989-cu ildə İnşaat
Mühəndisləri İnstitutunun Memarlıq fakültəsinə
daxil olmuşdu. Qarşıda beş
il ali təhsil, sonra peşəkar memar kimi yeni bir həyatı
olacaqdı... “Hərə bir arzu ilə
yaşayır. Nə qədər ki, tale səni
öz ixtiyarına buraxıb, gələcəyini özün
qur. Gəncliyin bütün enerjisini bu yolda sərf etmək
lazımdır”, – gündəliyində bu sözləri yazarkən
o da gələcək həyatını
düşünürdü…
1992-ci ilin fevralı, Xocalıda yaşanan qətliam onun
həyatını, mübariz gənclik enerjisinin istiqamətini
də büsbütün dəyişdi.
Bundan sonra ali məktəb partası
arxasında əyləşib rəsmlər çəkmək
ona artıq ağır gəlirdi. Cəbhəyə
getmək üçün paytaxtda hərbi komissarlığa ərizə
verir, lakin rədd cavabı alır. Sonra
doğma rayonuna gedir və Cəbrayıl ərazi müdafiə
batalyonuna könüllü yazılmaq üçün
müraciət edir. Burada da ona ali təhsilini
davam etdirməyi məsləhət görürlər. Amma o, inadından dönmür. Uzun
isrardan sonra, 1992-ci ilin 28 martında özünümüdafiə
batalyonuna qəbul olunur.
Fuadın döyüş yolu cəmisi üç ay
sürür.
Ancaq bu müddətdə o, hər dəfə
posta gedəndə komandirdən ən təhlükəli
nöqtəyə göndərilməsini xahiş edir. O,
ölümü gözə alaraq bu yolu seçmişdi.
1992-ci il mayın 8-də Şuşa
işğal olunanda oraya, cəbhənin ən qaynar bölgəsinə
can atır:
Qaçaram
Şuşaya payi-piyada,
Bilsəm ki, vaxtında çataram dada.
Çata
bilməsəm də, rahat ölərəm,
Deyərlər,
şəhiddir Fuad Şuşada…
Ona Şuşada şəhid olmaq qismət olmadı. Şəhidlik zirvəsinə
1992-ci il iyunun 28-də Cəbrayılda
yüksəldi...
Beş ay sonra 20 yaşı tamam olacaqdı. Ondan ilyarım sonra ali məktəbi bitirəcəkdi. Gənc memar
kimi qurub-yaradacaq, şair qələmi ilə bədii əsərlər
yazacaqdı...
Fuad həyatdan nakam, doğma yurdu, el-obası sarıdan
narahat getdi.
Şəhadətindən təxminən bir il
sonra (avqust 1993) Cəbrayıl şəhəri, sonra (oktyabr
1993) doğma Quycaq kəndi işğal olundu.
Bu illər
ərzində, Birinci Qarabağ müharibəsinin minlərlə
şəhidi kimi, Fuadın da ruhu doğma yurdun səmasında
narahat, sərgərdan idi...
Nəhayət, gün gəldi, zaman yetişdi. Müzəffər Azərbaycan
Ordusunun 44 günlük
Vətən savaşında qazandığı
tarixi qalibiyyətlə bu torpaq uğrunda canını verən
cəmi şəhidlərin qisası alındı. Bu gün onların ruhları artıq doğma yurdun
azad səmasında rahat və asudədir.
Fuadın anası Solmaz müəllimənin dediyi kimi,
Birinci Qarabağ müharibəsi şəhidlərinin yolunu
İkinci Qarabağ müharibəsində davam etdirən oğullar
illər öncə torpağa düşmüş igidlik, rəşadət
toxumlarını cücərdərək Zəfər
tağına çevirdilər.
Fuad Əsədov Quycaq kəndinin Birinci Qarabağ
müharibəsində dörd şəhidindən ilki, kəndin
ən gənc şəhidi idi. Şəhadətindən
sonra kənd məktəbinə onun adı verilmiş,
önündə büstü qoyulmuşdu.
İşğaldan sonra Bakıda, Xəzər rayonunun
Şüvəlan qəsəbəsində fəaliyyətini
davam etdirən Fuad Əsədov adına məktəb
də indi doğma yurda qayıdışı gözləyir. Azad edilmiş torpaqlarda yenidən qurulacaq kənd və
qəsəbələrimiz tezliklə yeni növrağına
qovuşacaq. Şəhidlərimizin adı
bu yerlərdə yeni küçə və meydanlara veriləcək,
təhsil, mədəniyyət ocaqlarında əbədiləşəcək,
xatirəsi tarixdə əbədi yaşayacaq.
Fuad Əsədovun adını, xatirəsini yaşadacaq
bir də poetik dünyası, şeirləri var. Onlardan birini
doğma kəndinə həsr edib. Əli adlı tələbə dostu
ilə müharibənin, qan-qadanın hələ
başlamadığı, firavan bir zamanda Bakıdan kəndə
gələn Fuad uşaqlıq, yeniyetməlik illəri
keçən doğma yurdunu, onun insanlarını,
torpağını, suyunu şirin bir dildə poetik lövhələrlə
tərənnüm edir.
Gəlmişik
Quycağa, əzizim Əli,
Valeh olacaqsan kəndi görəli.
Qonum-qonşulara
bir salam deyək,
Nənəm göy qutabı bişirsin – yeyək.
İsmayıl
dayıdan hal-əhval tutaq,
Odundan həyətdə
bir tonqal çataq...
Gələr
görüşməyə Mükafat müəllim,
Nə etsək çay içməz, adəti deyil.
Yığışar
dost-tanış, eşidən-bilən,
Heç
zaman darıxmaz bu kəndə gələn...
Bu
şeirin bir neçə bəndini oxuyan həmkarım Fariz
Yunisli “Quycaqnamə”dir” dedi... Doğru təsbit
idi. Vətənpərvər gəncin
arzularının baş alıb getdiyi, qayğısız bir
zamanda qəlbindən qələminə süzülən bu
misralar, sadəcə, doğma kəndin, el-obanın tərənnümü
deyil, gələcək nəsillərə poetik
ismarışı, naməsidir. Belə bir kənd
vardı...
Bu Quzey kəhrizdir,
bu onun gölü,
Suyu canlandırar çəməni, çölü.
Onların
yanında “Talıbın bağı”,
Qoruqçu yanında qurub çardağı.
Bu, kəndin
girişi, bura Baş kəhriz,
Suyu can dərmanı,
saxlama pəhriz.
Bu Sofu kəhrizi,
bu qoşa çinar,
Başına
tərlanlar, qartallar qonar...
Zoğalı
“Şəkərin bağı”nda axtar,
Amma
çox ləngimə, qoruqçu tutar...
Qozun yeməlisi
“Otay bağ”dadır,
Sındırmaq
istəsən, daş çaylaqdadır...
İndi nə o kənd var, nə də onun vəsf olunan
mənzərəsi. Otuz ilə yaxın misilsiz bir
barbarlığın – erməni vandalizminin şahidi olan yurd
yerlərimiz yerlə yeksan edilib. Kəhrizlərinin
gözü qurumuş, bağ-meşələri
qırılmış, evləri dağıdılıb
xarabalığa çevrilmiş, qəbiristanlığı
belə goreşənliyə məruz qalmış Quycaq kəndi
də onlardan biridir.
Əlbəttə,
yurd yerlərimiz yenidən qurulacaq, daha abad kənd-qəsəbələr
salınacaq, işıqlı küçələri, asfalt yolları,
parkı, bağ-bağatı olacaq... Amma bunlar
hamısı yeni olacaq, bizim
doğulub-böyüdüyümüz kəndlər, əyri-üyrü
yolları olan o məhəllələr artıq
keçmişdə qalıb.
Amma nə yaxşı ki, bizə o keçmişi
xatırladacaq, bizdən sonrakı nəsillərə də
çatdıracaq belə misralar var.
Doğmadır
bu kəndin hər bir bucağı,
Zəmisi, xırmanı, piri, ocağı.
Doğmadır
bu kəndin yalı, yamacı,
Çəməni, tarlası, kolu, ağacı.
Burda hər
addımda mənim izim var,
Gördüyün
hər səhnə qəlbimdə yaşar...
Fuadın yaşıdları indi 50-nin içindədir, onunla
tay-tuş olub, bir məhəllədə böyüyənlər
50-ni də çoxdan adlayıb. Adlarını
misralarına düzdüyü kənd sakinlərinin çoxu
artıq dünyadan köçüb. Amma
o yenə o yaşındadır, hələ 20-si tamam
olmamış növcavan. Yaddaşlarda da əbədiyyən belə qalacaq.
Bir də üç nöqtə ilə bitirdiyi misraları ilə...
“Burda hər
addımda mənim izim var...” 15 il əvvəl
“Fuad dünyası” kitabında nəşr olunan, ondan öncə
və sonra ayrı-ayrı mətbu səhifələrdə
yayımlanan şeir bu günlərdə audioformatda – Xalq
artisti Məmməd Səfanın koloritli səsində yeni bir
həyat qazanıb. Fuadın şəhadətinin
30-cu ildönümündə bu şeiri qiraət edən
hörmətli aktyorumuza, audioyazının ərsəyə gəlməsində
zəhməti olan hər kəsə dərin təşəkkürlər.
Otuzillik işğalla üstü örtülən
tarixin o biri üzündə qalan bir zamanların abad kəndinin
tərənnümünü bir şəhid növcavanın
misralarından siz də dinləyin.
Şeirin
audioyazısının videoçarx müşayiətində
linki burada: https://www.youtube.com/watch?v=LJhCaTfkgqM
Vüqar Əliyev
Mədəniyyət.-
2022.- 29 iyun. S.6.