Azad olunmuş ərazilərdə
bərpa-quruculuq işləri necə gedir?
Baş nazir və
Prezident Administrasiyası rəhbəri
görülən işlərlə tanış olublar
Martın 1-də Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin tapşırığı ilə Baş nazir Əli Əsədovun və Prezident Administrasiyasının, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli məqsədilə yaradılmış Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin başçılığı altında aidiyyəti dövlət qurumlarının rəhbər şəxslərindən ibarət nümayəndə heyətinin işğaldan azad olunmuş ərazilərə səfəri başlayıb.
Məqsəd dövlətimizin başçısı tərəfindən müəyyən edilmiş tapşırıqların icrası ilə yerində tanış olmaq, müxtəlif dövlət qurumlarının həyata keçirdiyi genişmiqyaslı infrastruktur layihələrinin, tikinti, bərpa, quruculuq və abadlaşdırma işlərinin gedişatını nəzərdən keçirməkdir.
Səfər çərçivəsində heyət əvvəlcə Füzuli Beynəlxalq Hava Limanında olub, sonra “Füzuli” yarımstansiyasına baxış keçirilib.
Heyət Horadiz-Ağbənd avtomobil və dəmir yollarının tikinti sahələrində də olub. Minatəmizləmə əməliyyatlarına, “Araz Vadisi İqtisadi Zonası”nın Sənaye Parkına, Zəngilan Beynəlxalq Hava Limanının tikintisinə, Zəngilan rayonunun yenidən qurulan Ağalı kəndinə və s. yerlərə baxış keçirilib.
Yekunda Şuşa
şəhərində aidiyyəti dövlət qurumları rəhbərlərinin
iştirakı ilə müşavirə keçirilib.
Mədəniyyət.- 2022.- 2 mart.- S.2.