30 il Birləşmiş Millətlərin sırasında

 

Beş dəqiqə sürən iclasla başlanan tarix...

 

 

2 mart Azərbaycanın təqvimində yaddaqalan günlərdən biridir. 1992-ci ilin bu günündə Azərbaycan Respublikası Birləşmiş Millətlər Təşkilatına üzv qəbul olunaraq dünya birliyinə qoşulub.

Beləliklə, bu gün müstəqillik tariximizin əlamətdar yubileyidir. Eyni zamanda bu 30 il beynəlxalq münasibətlər sisteminin (geo)siyasi “anatomiya”sını öyrənmək və 1945-ci ildən BMT-nin Nizamnaməsində yazılan bir çox müddəaların kağız üzərindən gerçəkliyə necə transformasiya edildiyinə əmin olmaq üçün bizə böyük bir tarix dərsi olub...

14 fevral 1992-ci il. BMT Təhlükəsizlik Şurasının 3052-ci iclası yerli (Nyu-York) vaxtla saat 16:25-də başlanır. Təşkilatın elektron arxivində saxlanılan stenoqramda vaxt dəqiqliyi ilə qeydə alınıb. TŞ-nin 15 üzvünün (5 daimi, 10 qeyri-daimi) iştirak etdiyi iclasa ABŞ təmsilçisi Tomas Pikerinq sədrlik edir. Sədr BMT-yə yeni üzvlərin qəbulu üzrə Komitənin Azərbaycanla bağlı məruzəsinin daxil olduğunu bildirir. Komitənin təqdim etdiyi müvafiq qətnamə layihəsinə heç bir irad yoxdur. 742 saylı qətnamə səsverməyə qoyulmadan qəbul edilir.

T.Pikerinq TŞ-nin tövsiyə qərarının Baş Assambleyanın sessiyasına çıxarılmaq üçün BMT Baş katibinə təqdim olunacağını deyir və qısa bəyanatla çıxış edir: “Təhlükəsizlik Şurası indicə Azərbaycan Respublikasını BMT üzvlüyünə qəbul etməyi Baş Assambleyaya tövsiyə etdi. Mən böyük məmnuniyyətlə TŞ üzvləri adından Azərbaycan Respublikasını bu sevinclitarixi hadisə münasibətilə təbrik edirəm. TŞ üzvləri səbirsizliklə Azərbaycanın BMT üzvü kimi bizim sıralarımıza qoşulacağı günü gözləyir”.

Saat 16:30. İclas başa çatır...

...2 mart 1992-ci il. Baş Assambleyanın 46-cı sessiyasının 82-ci iclasının gündəliyindəki məsələ BMT-yə yeni üzvlərin – keçmiş sovet respublikalarının qəbulu barədədir. Qısa sürən prosedur və 46/230 saylı qərar oxunur: “Baş Assambleya BMT TŞ-nin 14 fevral 1992-ci il tarixli tövsiyəsini, Azərbaycan Respublikasının ərizəsini nəzərdən keçirib, qərara alır: Azərbaycan Respublikası Birləşmiş Millətlər Təşkilatının üzvlüyünə qəbul olunsun”.

Azərbaycanın beynəlxalq birliyə inteqrasiya yolu beləcə başladı. İlk baxışda asan proses, rəvan bir yolçuluq. Amma deyil. Çünki ilk baxışda görünən zatən üzdə olandır. 1992-ci ildə bizimlə birgə BMT üzvlərinin sayı 179-a çatmışdı. Bu gün Nyu-Yorkda İst-River sahilindəki o möhtəşəm binanın önündə 193 ölkənin bayraqları dalğalanır.

Elə ölkələr də var ki, uzun illər BMT üzvlüyünə heç ehtiyac duymayıb. Avropanın ən rifahlı və uzun dövlətçilik tarixinə malik ölkələrindən olan İsveçrə yalnız 2002-ci ildə keçirilmiş referendumdan sonra əhalisinin yarıdan çoxunun istəyi ilə Birləşmiş Millətlərin sırasına qoşulub.

Azərbaycan kimi yeni müstəqillik qazanmış ölkələr üçün isə BMT üzvlüyü bu müstəqilliyin təsdiq olunmasında müstəsna şərtlərdən biri idi. Amma tarixin gərdişi elə gətirdi ki, ölkəmiz Birləşmiş Millətlərin sırasına qatılanda, bayrağımız BMT-nin binası önündə dalğalanmağa başlayanda bu hadisəyə sevinmək şansımız olmamışdı. Çünki bu xəbəri Xocalı faciəsinin acısı içində eşitmişdik. 1992-ci il martın 2-si Azərbaycanda Xocalı qətliamı ilə bağlı elan edilmiş üçgünlük rəsmi matəmdən yenicə çıxmışdıq...

Əslində, dünya Azərbaycanı sıralarına qəbul edənədək bir neçə ildir alovlanan Dağlıq Qarabağ münaqişəsi sayəsində bizdən və yerləşdiyimiz regiondan xəbərdar idi. Nə dərəcədə xəbərdar idibu ayrı məsələ. Hər halda 742 saylı qətnamədən bir il sonra BMT TŞ-nin dörd dəfə bu münaqişə ilə bağlı toplaşaraq qəbul etdiyi qətnamələrin (822, 853, 874, 884) illərlə kağız üzərində qalması beynəlxalq birliyin mahiyyətindəki “standartlardan xəbər verirdi.

BMT kimi qarışıq, polifonik bir siyasi ortamda öz səsini eşitdirmək, üstəlik, dünyaya yön verən böyük güclərin səni dinləməsinə nail olmaq asan deyil. Hələ ölkə olaraq yerləşdiyin coğrafiya həmin güclərin geosiyasi çarpışma dairəsindədirsə, bu, çox müşkül məsələdir.

Məhz buna görə Azərbaycan rəhbərliyinin ötən illər ərzində həm beynəlxalq, həm də regional müstəvidə həyata keçirdiyi kurs balanslaşdırılmış diplomatiya olub. Çünki müstəqilliyimizin ilk iki ilində dövlətimizin yaşadığı dərin böhran daxili siyasətdəki səbatsızlıqla bərabər xarici siyasətdəki natarazlığın nəticəsi idi. Məhz çoxvektorlu, tarazlı diplomatiya sayəsində Azərbaycan Respublikası 2011-ci ildə 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv (2012-2013-cü illər) seçildi...

Bu gün BMT, əslində, 77 il əvvəl təməli qoyulanda bəyan edilən niyyətdən çox fərqli bir qurumdur. Burada kimin sözünün və səsinin necə keçdiyi, 15 yerlik Təhlükəsizlik Şurasının 5 böyüyün (daimi üzvlər) ambisiyalarına meydan olduğu da çoxdan göz qabağındadır. O 5 böyüyün də artıq 3+1+1 şəklində olduğu da...

30 il öncə Azərbaycan üçün BMT-yə üzv olmaq, ilk növbədə, ən böyük dərdini, Ermənistan tərəfindən məruz qaldığı hərbi təcavüzü dünyanın diqqətinə çatdırmaq baxımından önəmli idi. Düz 28 il biz BMT-yə və bütövlükdə beynəlxalq təsisatlarla münasibətlərimizə həmin prizmadan, Qarabağ pəncərəsindən baxdıq. Sonda beynəlxalq hüquq və ədalətə bəslədiyimiz ümidlərin xeyli dərəcədə illüziya olduğunu, BMT də daxil olmaqla, bütün beynəlxalq qurumlarda çox şeyin böyük mənafelərin fonunda cərəyan etdiyini dərk etdik...

Və 2020-ci ilin 27 sentyabrında bu gerçəyə öz möhürümüzü vurmaq qərarına gəldik. 44 gününün içində, 30 illik işğala son qoymaqla bərabər, 28 il BMT TŞ-nin arxivində toz basan dörd qətnaməni də kağız üzərindən icraata keçirdik...

 

Vüqar Orxan

 

Mədəniyyət.- 2022.- 2 mart.- S.1;2.